02:40 22 Avqust 2019 47
Ana səhifə Xəbərlər

Bakıda taxta bazarında yanğın baş verib

Bu gün Bakıda “Dərnəgül bazarı” kimi tanınan ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. Ərazidə olduğumuz müddətdə iki yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yanğın nəticəsində 3 FHN əməkdaşına yerində yardım göstərilib, 2 FHN əməkdaşı və əlavə 1 nəfər isə xəstəxanaya yerləşdirilib. Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında yanğının tam nəzarət altında olduğunu və yayılma təhlükəsinin olmadığını bildirdi: “Yanğın tam məhdudlaşıb. Yanğın 3 saatdan artıq davam edib. Ayrı-ayrı yerlərdə bəzi mənbələr var. Bu da quru taxtalardı. Yanğının sahəsinə gəldikdə, 1500 kvadratmetrdən artıqdır. Yanğının səbəbləri haqqında tam söndürüləndən sonra məlumat veriləcək. Yayılma təhlükəsi yoxdur. Yanğın tam nəzarətimiz altındadır. Hazırda texnikanın sayı artırılıb. Əraziyə 250-dən artıq canlı qüvvə cəlb olunub. Yanğın söndürüləndən sonra yanğının səbəbi bilinəcək”. Nazir müavini eyni zamanda meşə və meşəətrafı ərazilərdə də yanğınların davam etdiyini bildirdi: “Onu da bildirim ki, hazırda bizim rayonlarda yanğınlar davam edir. Lənkəran, Lerik, İsmayıllı, Yardımlı, Ağsu, Şamaxı və digər rayonlarımızda meşə və meşəətrafı ərazilərdə yanğınlar davam edir. Demək olar ki, bu günlərdə yanğınların sayı kəskin artıb”. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və müavini Şahmar İbadov da hadisə yerinə gəlib. Qeyd edək ki, yanğının səbəbi hələlik məlum deyil. Hadisənin səbəbləri barədə əlavə məlumat veriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın