22:00 03 Aprel 2018 3324
Ana səhifə Xəbərlər

Bakıda yeni tikilən bina ətrafında qalmaqal - REPORTAJ

"Bizə dedilər araşdırılanacan heç bir hasar sökülməsin. Dövlətin qərarıdır. Bu gün mən sənin əmlakını dağıtsam, polis hara baxır bəs? Mənim nəvələrim harada oynasın?" Mübahisə mövzusu Nəsimi rayonu Ceyhun Səlimov küçəsi, 7-9 saylı binanın qarşısındakı ərazidə tikinti həyata keçirilməsi ilə bağlıdır.

APA TV-nin xəbərinə görə, sakinlər deyir ki, həmin boş sahə əvvəllər uşaq meydançası olub və hazırda övladları burada oynayır. Onlar həmin ərazidə bina deyil, park salınmasını tələb edirlər: "Zəbt ediblər buranı. Qanunsuz. Bina qaldırmaq istəyirlər. 17 mərtəbəli. Kim sizə icazə verib? Sakinləri susdurmaq üçün saxta sənədlər göstərirlər. Ancaq biz idarədə yoxlatmışıq, heç bir idarədə onların sənədləri keçməyib. Burda uşaqların oynamaq üçün yeri yoxdur. Uşaq harada oynasın? Camaatın gediş-gəlişi yoxdur. Bura giriş-çıxış üçün bir yol var. Bina yananda bura heç kəs girə bilmədi".

Rəcəb Hüseynovun sözlərinə görə, 7 saylı bina ilə 9 saylı binanın arası 80 metrdir: "Prezidentin sərəncamı var. Hər binadan 40 metr mini park, uşaq meydançası və karusel olmalıdır. O bina ilə bu binanın arası 80 metrdir. Dayandığımız yerə nə Bakının icra başçısı Hacıbala Abutalıbov, nə Nəsimi rayonunun icra başçısı sərəncam verə bilməz. Bu torpaq Müdafiə Nazirliyinin balansındadır".

Sakinlər iddia edir ki, ağaclar olan ərazi də hasarlanıb. Onlar ağacların kəsiləcəyindən ehtiyat etdikləri üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Nazirlik sakinlərin şikayətini nəzərə alaraq əraziyə baxış keçirib və 20 sot hasara alınmış ərazidə 32 müxtəlifcinsli ağacın olduğunu təsdiqləyib. Ağacların qorunub mühafizə olunması və zədələnməsi hallarına yol verilməməsi, hasarın sökülərək əvvəlki vəziyyətə gətirilməsi üçün Nəsimi rayon və Bakı şəhər İcra hakimiyyətlərinə telefonoqram göndərib.

Adı çəkilən ərazidə tikinti işlərini həyata keçirəcək şirkətin təsisçilərdən biri kimi özünü təqdim edən Natiq Abdullayev isə ittihamlarla razılaşmır. O, bütün sənədlərinin qaydasında olduğunu bildirdi:"Bakı şəhər İcra Hakimiyyətindən, FHN-dən, bütün orqanların hər birindən sənədlər almışıq".

Təsisçinin sözlərinə görə, onlara ayrılan sahə 7 sotdur və tikinti işlərini yalnız həmin ərazidə həyata keçirəcəklər. Digər sahədə isə şirkət öz hesabına park salmağı düşünür: "Bizə buradan 7 sot yer ayrılıb. 14 sot da hazırda park salınması üçün ayrılıb. Bizim də fikrimiz var idi ki, burada tikintini apardığımız müddətdə birinci burada sakinlər üçün parkı düzəldək ki, orda otursunlar. Bu sənədlər hamısı qaydasındadır. Amma biz şirkət olaraq söz veririk ki, o park gözəl şəkildə təhvil veriləcək. Bizim yerimiz o xətdən bu xəttə kimi 19 metrdir, tikintimiz də hazırda bu xəttə kimidir. Bu xətdən o tərəfə bizə aid deyil. Bu ərazidə park olacaq. Hazırda saxlamağımızın səbəbi odur ki, burada tikintini həyata keçirə bilək. Sonra bu hasarlar söküləcək. Bu ağacların heç biri kəsilməyəcək. Burada ağaclar sayladır. Nazirlik rəy verib, biz bir ağac kəssək, burada bizi cərimələyəcəklər. Bura da sakinlərindir. İstəsələr, biz burada park tikərik şirkət olaraq. İmkanları varsa, sakinlər özü edər. Burada idman alətləri olmaqla gözəl bir park olacaq".

Natiq Abdullayev onu da qeyd etdi ki, hazırda sakinlərin şikayətlərinə baxıldığı üçün bütün işlər saxlanılıb. İşlərini davam etdirib-etdirməməyə araşdırmaların yekun nəticəsindən asılı olaraq qərar veriləcək.

Müəllif | Apa.Tv

Almaz Qasımova

Kodu kopyalayın