14:49 19 Oktyabr 2020 190
Ana səhifə Xəbərlər

Bakıdakı 150 illik erməni kilsəsi və 287 yaşlı Bibliya - REPORTAJ

Təxminən 150 ildir ki, Bakının mərkəzində erməni kilsəsi mövcuddur. Ermənilər isə bizdən fərqli olaraq işğal etdikləri torpaqlarımızda yerləşən ibadət yerlərimizi olduğu kimi saxlamırlar. Onları ya dağıdır, ya da öz məqsədləri üçün istifadə edirlər.

Hazırda ölkəmizdə 30 minə yaxın erməni yaşayır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, ölkədə yaşayan ermənilərə qarşı heç vaxt ayrı-seçkilik edilməyib. Biz vandal ermənilərdən fərqli olaraq dini yerlərdən təssərrüfat binası kimi istifadə etmirik. Elə Bakının mərkəzindəki, Müqəddəs Qriqori kilsəsindən də. 1863-1869-cü illərdə inşa edilən kilsənin memarı Otto Gippusdur.

Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil etsə də, digər dini konfessiyalar da azad və sərbəst şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda məscidlərlə bərabər, kilsə və sinaqoqların da tikintisi və təmirinə xüsusi önəm verilir.

Ermənilər tarixi Azərbaycan torpaqlarında toponimləri dəyişmək və oradakı dini abidələri özününküləşdirmək siyasəti həyata keçirsələr də, Bakının mərkəzində yerləşən erməni kilsəsi Azərbaycan dövləti tərəfindən mühafizə olunur.

Əslində məqsədimiz Bakıdakı məlum kilsə ilə bağlı məlumat vermək yox, işğal olunmuş tarixi torpaqlarımızda Azərbaycanın tarixi abidələrinə münasibəti müqayisə etməkdir.

Müqəddəs Maarifləndirici Qriqori kilsəsi və ya Bakı erməni kilsəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il Tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi, “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilib.

2002-ci ildən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Mərkəzi Şəhər Kitabxanası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilib və onun bazasında Prezident Kitabxanası yaradılıb. Həmin vaxtdan etibarən erməni kilsəsi də Prezident Kitabxanasının nəzarətindədir. Hazırda Erməni kilsəsində Prezident Kitabxanasının fondunda olan nadir erməni ədəbiyyatı fondu və depozitar fond saxlanılır.

Paytaxtın mərkəzi küçələrindən biri Nizami 58 ünvanındakı erməni kilsəsindəyik. Kilsənin görünüşü, qorunub saxlanılması, səliqə-sahman göz önündədir. Burda həmçinin ermənilərə məxsus 287 yaşlı bibliya da qorunub saxlanılır. O, “Bibliya” kitabı ki, tarixi nadir nüsxə kimi yalnız Bakıdadır. Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanası Fondunun şöbə müdiri Jalə Qurbanlının sözlərinə görə, hətta Ermənistanın özündə belə yoxdur: “Bu 3 kitab ermənilərə məxsus Bibliyadır. Bu kitab isə “Yevanqele” dini əsəridir. Kitablardan biri 1860-cı ildə çap olunub. Digəri 1817-ci ildə Sankt Peterburqda çap olunub, 1733 –cü ildə digər bir Bibliya Venesiyada çap olunub”.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası Fondunun şöbə müdiri Jalə Qurbanlının sözlərinə görə, Ermənilər tərəfindən bir çox nadir tarixi mədəniyyət abidələrinin dağıdılması, İslam dininə aid olan nümunələrin məhv edilməsi və hətta tarixi abidələrin restavrasiyası adı altında Qafqaz Albaniyasına aid mədəni irsin saxtalaşdırılması, erməniləşdirilməsi prosesi bu gün də davam edir: “Baxın, bu İrəvandakı “Sərdar Məscid”inin şəkilləridir. 1988-ci ildən sonra ermənilər bizim məscidlərimizi yerlə yeksan edib. İndi ümumiyyətlə burda heç nə qalmayıb. Ağdam məscidinə baxın, görün insanların inanc yerinə necə hörmətsizlik ediblər. Burada heyvandarlıqla məşğuldurlar. Donuz, inək, qoyun saxlayırlar”.

Kitabxanada təkcə tarixi kitablar deyil, müxtəlif xalqların müxtəlif dillərdə ədəbiyyatı da qorunur: “Ermənilər bizim tarixi abidə və ibadətgahlarına qarşı əsrlərdir vanddallıq etməsinə baxmayaraq. biz burda onların 200 illik dini kitablarını belə qoruyuruq. Mən özüm də İrəvanda doğulmuşam. Bu mövzu mənim üçün çox həssas bir mövzudur. Baxın, kilsənin mühafizəsi və qorunması necə həyata keçirilir? Nümunəvi vəziyyətdədir”.

Şuşanın “Gövhər – Ağa” məscidinin isə demək olar ki, bizə aid izlərini siliblər: “Şuşada bu məscid İran şirkəti tərəfindən yenidən restavrasiya olunub və bizə aid dini milli dəyərlər yox edilib. Bunu ermənilər öz mətbuatlarında da dəfələrlə nümayiş etdiriblər”.

İşğal altındakı torpaqlarımızda müəyyənləşdirdiyimiz tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Bu mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə aiddir. Bu baxımdan xalqımızın çoxəsrlik keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi həm də beynəlxalq əhəmiyyət kəsb edən məsələdir.

Biz bu məsələni sentyabrın 27-dən yeni vüsət alan döyüşlərə görə qabartmadıq. Sadəcə nəzərlərə çatdırmaq istədik ki, kilsələrinin müəmmalı şəkildəki partlamasını dünyaya car çəkən ermənilər məsələni xristian-müsəlman davasına çevirmək istəyirlər. Dünya isə bilsin ki, Azərbaycan heç bir öhdəlik götürmədən də tarixə qiymət verməyi bacarır.

Bu onların dinə və bəşər övladının inancına olan münasibətidir ( Ağdam məscidindəki inəklərin şəkili) Bu da Azərbaycan reallığı – Kilsə və Bibliya kitabı.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın