17:20 10 Oktyabr 2019 69
Ana səhifə Xəbərlər

Bakının adsız küçələri – REPORTAJ

“6 ildir burada yaşayırıq. Taksi sarıdan əziyyət çəkirik. Taksi çağırırıq, gedib yolda qarşılayırıq. Təcili yardım çağırırıq, gedib yolda qarşılayırıq. Küçəmizin adı yoxdur. Gərək bir kilometr yola çıxam, deyəm ki, sizi filan yerdə gözləyirəm”.

Küçələr bir tərəfə, heç bu ərazilərin adı yoxdur. Bu ərazilərə ya “Şəhərcik”, ya da “Quşçuluq” deyirlər. Bakının Hövsan qəsəbəsində yerləşən bu yerlər sözün əsl mənasında unudulub.

Paytaxtımızda belə küçələr az deyil. Yəni adsız küçələr. Belə olduğu halda, ünvan tapmaq müşkülə çevrilir. Bu isə daha çox sakinlərin narazılığına səbəb olur.

12 ildir ünvansız ərazidə yaşayan Lyudmila İmranlı buranın ilk sakinlərindəndir. Uzun müddətdir burada yaşayan müsahibim artıq üzləşdiyi problemlərdən təngə gəldiyini deyir: ”Təcili yardım çağırırıq, harada yaşadığımızı ona başa sala bilmirik. Yolun qırağına qarşılamağa gedirik. Taksi də həmçinin. Başa sala bilmirik hansı ünvana gəlsinlər”.

Elə taksi sürücüləri də adsız küçələrə sifarişə gedərkən çətinlik çəkdiklərini deyirlər. Bu isə müştərilərlə anlaşılmazlığın, mübahisənin, hətta dava-dalaşın yaranmasına səbəb olur: “Küçənin adı olmayanda çətinlik çəkirik. Gedib tapa bilmirik. Müştəri oturur, deyir sür filan yerə. Adını bilmirik ki, hansı küçəyə gedəcəyik”.

Artıq sürücülərlə müştərilər buna da çözüm tapıblar: “Müştəri ilə əlaqə saxlayırıq. Hansısa yaxın bir iaşə obyektinin yanında dayanıb orada deyir ki, filan marketin yanına yaxınlaş. Belə yaxınlaşırıq. O da bizim üçün çətin olur. Heç də o qədər ürəkaçan bir şey deyil. Deyir, gəl filan yerə. Ünvan olmayandan sonra necə gedək oraya?”

Təbii ki, bu çözüm həmişə keçərli olmur. Məsələ həll olunmasa, hələ çox mübahisə, dava eşidib-görə bilərik. Ekspert Azər Allahverənovun fikrincə, şəhər layihələndirilməsinin idarə olunması konsepsiyası var. Sənədin tələbinə görə, şəhər inzibati ərazisinə daxil olan küçə və dalanlar konkret olaraq müəyyən adlarla göstərilməlidir: “Bu olmadığı təqdirdə, taksi şirkətləridir, müxtəlif qurumlardır, hansılar ki, bilavasitə çağırış üzrə hansısa bir təyinat ünvanına gedir və ya tutaq ki, hansısa bir kriminal hadisə oldu. Tutaq ki, bir küçədə bir nəfərin digər bir şəxsə qarşı zorakılıq hərəkəti oldu, döyülmə faktı var. Deyək 102-yə zəng edərkən siz hansı ünvanı deməlisiniz?”

Bakı şəhər Baş Polis İdarəsindən mövzu ilə əlaqədar APA TV-yə bildirilib ki, polisə daxil olan bütün çağırışlar üzrə verilən ünvan dərhal ərazi polis orqanına ötürülür. Paytaxtda ünvanlar üzrə edilən çağırışlarda uyğunsuzluq müşahidə olunmayıb. Çağırışçı ünvanı düzgün göstərmirsə, ərazi polisi yenidən həmin şəxslə əlaqə yaradır, vaxt itkisini aradan qaldırmaq və operativliyi tam təmin etmək üçün ünvanı dəqiqləşdirir.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilovun sözlərinə görə, komitə tərəfindən son illər beynəlxalq təcrübə öyrənilməklə yeni ünvan reyestri informasiya sistemi istifadəyə verilib. Burada başlıca məqsəd ünvana çatmağın daha operativ və dəqiq olması, hər bir nəqliyyat infrastrukturu obyektinə adların verilməsinə yönəlib. Yeni sistem binalara, hətta onların girişlərinə ayrıca identifikasiya kodu verilməsinə şərait yaradır. Əgər gələcəkdə ünvan adı dəyişdirilərsə, kod dəyişilməz olaraq qalır: “ƏMDK tərəfindən hər hansı bir ünvan reyestri informasiya sistemi həyata keçirildikdə, hər hansı adsız küçə müəyyən edildikdə, onun əvvəl və son nöqtələri, yəni coğrafi yerləşməsi müəyyən edilir. Və adsız küçələrlə bağlı məlumatlar yerli icra hakimiyyətlərinə göndərilir. Yəni küçələrin adlandırılması bilavasitə yerli icra hakimiyyətlərinin səlahiyyətindədir. Küçələrin başlanma və yekunlaşma nöqtəsi göstərilməklə, coğrafi mövqeləndirilməsi aidiyyəti icra hakimiyyətlərinə göndərilir. Və daha sonra icra hakimiyyətləri küçələri adlandırdıqdan sonra ƏMDK-nə məlumat verilir. Küçə adlandırıldıqdan sonra ƏMDK bunu yeni informasiya sistemi bazasına işləyir”.

Ünvansız küçələrə ad verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. O da ancaq rayon icra hakimiyyətlərindən və ayrı-ayrı qurumlardan daxil olan müraciətlər əsasında həyata keçirilir. BŞİH-in mətbuat katibi İsrafil Kərimov belə deyir: “Bu il, məsələn, bəstəkar Süleyman Ələsgərovun adına müraciət daxil olmuşdu. Onun adına şəhərin mərkəzi küçələrdən birinin adını verdik. İndi yenə eyni qaydada əgər bununla əlaqədar yerli icra hakimiyyəti orqanlarından, digər qurumlardan müraciət daxil olarsa, bu müraciətlərə baxılır və baxılış əsasında da adsız küçələrə və adı qanunauyğun olmayan küçələrin adı dəyişdirilərək yeni adlarla əvəz olunur”.

Hövsan qəsəbəsindəki küçənin adsız olması məsələsinə gəlincə, qurum rəsmisi bildirdi ki, bununla bağlı yerli bələdiyyə orqanlarına müraciət edilməlidir. Bu müraciətdən sonra Bakı Şəhər İcra Hakimiyyəti küçəyə ad verərək problemi aradan qaldırır.

Atalar deyir ki, “Ad adamı bəzəməz, adam adı bəzəyər”. Yəqin razılaşarsınız - ad adamı bəzəməsə də, küçəni bəzəyir.

Elvin Paşazadə,

Xəyal Şükürlü,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın