10:40 30 Mart 2018 2074
Ana səhifə Xəbərlər

Bakının lift problemi niyə həll olunmur? - ARAŞDIRMA

Hazırda Bakıda köhnə liftlər əsasən sovet dövründə inşa edilən 9 mərtəbəli binalardadır. 5 mərtəbəli binaların əksəriyyətində lift quraşdırılmayıb. Yeni binalarda quraşdırılan liftlər isə müasirdir və az hallarda problemləri ortaya çıxır.

Ümumilikdə rəsmi statistikaya görə, Bakıda 5200-dən çox köhnə lift var. Bu liftlərin bərpası və təmiri ilə bağlı dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb. Lakin bir çox yerlərdə bu vəsait təyinatı üzrə xərclənməyib. Bunu deməyə liftlərin hazırkı vəziyyəti əsas verir.

2008-ci ildə prezident İlham Əliyev şəhər və rayon mərkəzlərində olan binalarda liftlərin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalamışdı. Bu sərəncama əsasən şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpası üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılmışdı. Növbəti illərdə də ölkə başçısı paytaxtın lift təsərrüfatının yenilənməsi üçün vəsaitlər ayırıb.

Bəs liftlərin hazırkı durumu nədir? Öyrəndik ki, Bakının digər rayonlarında olduğu kimi, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi məhəllə 40-48-də də vəziyyət ürəkaçan deyil. Məhəllə sakinlərini sözün əsl mənasında lift üzünə həsrətdirlər. Doqquz mərtəbəli bu binalarda lift bir ay işləyəndə iki ay işləmir və yaxud əksinə.

Müşahidə etdik ki, bəzi liftlərin düymələri, qapıları dəyişdirilib, bəzi binalarda liftlər yenilənib. Düymələr yeni olsa da, liftlərin çoxu heç də bütün mərtəbələrə qalxmır. Səbəb isə yuxarı mərtəbələrin bəzilərinin qapılarında olan nasazlıqdır. Hətta liftlərin heç birində təhlükəli hal yaranan zaman istifadə olunan çağırış düyməsi işləmir.

"Baklift-2" İstehsalat İdarəsinin baş mühəndisi Nuşirəvan Şahverdiyev deyir ki, Suraxanı, Sabunçu, 1 və 3 nömrəli xüsusi təyinatlı idarələr və Xəzər rayonu da daxil olmaqla onların tabeçiliyində 1100 lift var: "Bizim tabeçiliyimizdə olan sahələrdə 5 sahə rəisi çalışır. Sahə rəisləri hər gün mütəmadi olaraq sözügedən rayon ərazisindəki çoxmərtəbəli binalarda liftlərin durumu ilə maraqlanır, işləyib-işləməməsini yoxlayır və idarəyə məlumat verir. Bu işdə Mənzil İstismar İdarələri də bizə yardımçı olur. Hər səhər saat 10.20 radələrinə kimi bütün məlumatlar toplanır, qüsurlu liftlərə baxış keçirilir və təmir edilir".

Nuşirəvan Şahverdiyevin sözlərinə görə, gün ərzində şikayətlərin sayı çox olsa da, idarə 90 faiz problemləri aradan qaldırmağa çalışır. İradə işçiləri bayram günləri də daxil olmaq şərti ilə şənbə və bazar günləri də işləyir. Baş mühəndis sakinlərin aylıq lift pulu ödəməməsindən şikayətlənir: "Elə problem də burdadır. Sakinlər pulu vaxtlı-vaxtında ödəmirlər. Təsəvvür edin, bir blokda 12 və yaxud 18 mənzil varsa, bunlardan yalnız 8 və ya 9-u vaxtlı-vaxtında ödəniş edir. Sözügedən Qaraçuxur qəsəbə sakinlərinin şikayətinə gəlincə, onu deyə bilərəm ki, məhəllə 40-48-in sakinləri də pulu vaxtında ödəmir. 3-cü blokda 12 sakin var, inanın, onlardan yalnız 1 ailə vaxtlı-vaxtında lift pulu ödəyir. 11 ailə abunə xidmətini 2015-ci ildən hazırkı dövrə qədər ödəməyib. Təkcə həmin blokun 130 manat borcu var".

İdarə rəsmisi deyir ki, əgər sakinlər borcun 60-70 faizini ödəsələr, onda yaranan problem tez bir zamanda aradan qaldırılacaq.

Sonda onu da qeyd edək ki, Bakıda lift probleminin həlli sahəsində son illər kifayət qədər qarışıqlıq yaranıb. Belə ki, yeni binalar tikildikdən sonra şirkətlərin özləri məsələni həll etdilər. Həm kooperativlər, həm də tikintinin təminatını öz üzərinə götürən şirkətlər daha keyfiyyətli xidmətlər göstərməyə başladılar. Nəticədə isə Bakı Lift İdarəsinin həm idarəçiliyində ciddi problemlərin olması, həm də texniki təminatının zəifliyi, qeyri-operativlik sovetdən qalma binalarda lift problemini bu günə qədər uzatdı.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın