16:48 15 Sentyabr 2020 250
Ana səhifə Xəbərlər

Bakının qurtuluşunun 102-ci ildönümü - REPORTAJ

Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının əbədilik, sarsılmazlıq rəmzində müstəsna əhəmiyyət daşıyan böyük hadisədən – Bakının işğaldan azad olunmasından 102 il ötür. Hər ilin bu günündə Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk Şəhidliyi abidəsi önündə anım mərasimi keçirilir.

Bu gün də Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev abidə önünə və Şəhidlər Xiyabanındakı əbədi məşəl önünə əklil qoyublar.

Erkan Özoral deyib ki, Bakının qurtuluşu, sadəcə, Azərbaycan üçün deyil, Türkiyə üçün də böyük olaydır: “Tariximizdəki ən önəmli qardaşlıq nümunəmizdən biridir. Bizlərə düşən o zamanlar Qafqaz İslam Ordusunun etdiyini daha da irəli aparmaq, qardaşlığımızı gücləndirmək və aramızdakı bağlarımızı sağlamlaşdırmaqdır. Bunun üçün də əlimizdən gələni edəcəyik. Hamımızın bayramı mübarək olsun!”

15 sentyabr Bakının işğaldan azad edildiyi gündür. 102 il bundan öncə Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri ermənilərin və bolşeviklərin işğalından azad etdi. Bununla da həm Azərbaycanın müstəqilliyi feilən təsdiq olundu, həm də Bakı və ətraf rayonlarda ermənilərin və bolşeviklərin ağalığına son qoyuldu.

Bu hərəkatda qəhrəman mehmetcik azərbaycanlı qardaşları ilə birlikdə vuruşaraq 1130 şəhid verib. Onlar Azərbaycanın hər yerində, adsız məzarlıqlarda ikinci vətənlərində yatmaqdadırlar.

Ziyarətçilər Bakı Türk Şəhidliyinə gələrək, Türkiyəyə dəstək aksiyası keçiriblər. Onlar “Türkiyə, Azərbaycanda qal!”, “Türkiyə və Azərbaycan qardaşdır!”, “Türkiyə və Azərbaycan dostluğu var olsun!” şüarları səsləndiriblər. Deputat Sabir Rüstəmxanlı deyir ki, qədirbilən Azərbaycan xalqı Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun bu köməyini heç vaxt unutmur, şəhidlərin əziz xatirəsini uca tutur: “O ordu gəldi və vəhşiliklərə son qoyuldu, Azərbaycandan xarici quldurlar təmizləndi. O vaxta qədər Gəncə Azərbaycan Cümhuriyyətinin paytaxtı idi. Ondan sonra Bakıya köçürüldü. Bu gün həm bizim, həm də Türkiyənin ən yaxın tarixinin parlaq səhifəsidir”.

Azərbaycan Yüksəliş partiyasının təşəbbüs qrupunun üzvü Anar Əsədli deyir ki, Nuru və Ənvər paşa ilə yanaşı, şəhid olan əsgərləri hər zaman minnətdarlıq hissi ilə anmalıyıq: “Həmişə düşünürəm ki, Azərbaycan xalqı durduqca hər bir zaman həm Nuru, həm Ənvər Paşaya, həm də burada şəhid olmuş – gördüyünüz şəhidlərə minnətdarlıq hissi borcludur. Biz onları hər bir zaman şükranlıq, sevgi ilə anmalıyıq. Bakının qurtuluşu, Azərbaycan Cümhuriyyətinin var olmasının əsas səbəbkarlarından biri də məhz bu şəhidlərimiz olub”.

QHT-lərə Dövlət Dəstəyi şurasının üzvü Emin Həsənlinin sözlərinə görə, bu günün Azərbaycan-Türkiyə qardaşlığında böyük önəmi var: “1130 türk əsgəri Azərbaycan hərbçiləri ilə birlikdə Azərbaycanın azadlığı uğrunda şəhid olub. Eyni zamanda Çanaqqala qurtuluşunda da Azərbaycan türkləri könüllü iştirak edib, Türkiyənin istiqlal savaşına maddi və mənəvi dəstək olublar”.

Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə Bakını azad etməsi o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyinin təməlini qoyub. Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkə yenə Türkiyə olub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsinin aydın əks etdirir.

2018-ci ildə paytaxtın Azadlıq meydanında Bakının qurtuluşunun 100 illiyinə həsr olunmuş hərbi paradın keçirilməsi iki ölkə arasında qardaşlığın tərənnümünü əks etdirmişdi. Paradda Prezident İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdilər.

Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil olmuşdu. Təntənəli paraddan sonra iki ölkə başçıları və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qız Qalasının qarşısında paradda iştirak edən əsgərlərlə görüşərək, xatirə şəkilləri çəkdirmişdilər. Bütün bunlar Azərbaycan və Türkiyə arasındakı sınmaz bağlılığın təcəssümü idi.

Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!

Elvin Paşazadə,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın