11:04 26 Avqust 2020 364
Ana səhifə Xəbərlər

Bakının sağalmayan yarası – İCTİMAİ NƏQLİYYAT - REPORTAJ

Operativ Qərargah ara məsafəsini saxlamağın vacib olduğunu desə də bu görüntülərdə deyiləndən əsər-əlamət yoxdur. Hətta iynə atsan yerə düşməz misalının avtobuslardakı bugünkü vəziyyətə görə yarandığını düşünürsən.

APA TV xəbər verir ki, onsuz da illərdir ictimai nəqliyyat problemindən əziyyət çəkən Bakı son aylarda bunu daha qabarıq şəkildə yaşayır.

Virusdan qorunmaq üçün metroları bağladılar. Xüsusi karantin rejimində fəaliyyət göstərmək üçün xəttə özəl avtobuslar buraxdılar. Amma görünən odur ki, indi də avtobusların özü sıxlıq mənbəyinə çevrilib və bu mühitdə virus yayılır. Hansı çıxış yolları var? Vətəndaşlar çox narazıdır. Bununla bağlı sorğu apardıq.

- Bizim üçün çətinləşdiriblər də. Bir yerə getmək üçün nə qədər yer dəyişirik. Amma belə metroda otururduq, çıxıb rahat gedirdik istədiyimiz yerə. Ümid edirik ki, bu şey aradan qalxar.

- Normal şərait yaradılmalıdır. Metrolarda da nəzarət olmalıdır. Bilirsiniz, tıxac ona görə olur ki, bütün yük düşür avtobusların üstünə. Metrolarda da güclü nəzarət olsa, maska taxılsa, güclü nəzarət olsa, məncə hər şey yaxşı olar.

Əlbəttə problemin ciddiliyini xoşməramlı qarşılamaq istəyənlər də var. Ancaq danışdıqca, elə bil, dərdləri təzələnir və məlum olur ki...

- Bu avtobuslardan asılı bir şeydir. Elə avtobuslar var ki, bəli, problem yaranır. Hazırda mən “1” nömrə ilə gəlirəm. Biraz sıxlıq idi. Bir narazılığım var ki, avtobuslardan düşdükdə ancaq arxa qapını açırlar. Onda da sıxlıq çox yaranır. Pis çıxmasın, camaat bir-birinin üstünə çıxır.

- Bax, tıxaclardır. Maşınlar daha çoxdur. Nəqliyyat daha artıqdır. Metrolar açılsaydı ancaq, qoruyucu vasitələrlə - necə ki, ondan öncələr olmuşdu. Daha gözəl olardı.

- Lap sərt karantin vaxtı da mən bunu müşahidə etmişəm. “M2” avtobusları metro ağızlarını gəzirlər. And olsun, o qədər sıxlıqdır ki, bu biabırçılıqdır. Amma bu metrolar çox gözəl idi. Sərt karantin vaxtı, bir müddətlik açıldı. İçəri girəndə eskalatorlar hamısı təmizlənirdi. Məsafə saxlanılırdı. Sevindik, amma qısa zamanda yığışdırdılar və indiyədək bu əzabı çəkirik.

- Allah salamatçılıq eləsin. Arzu edirəm ki, bu xəstəlik camaatın üzərindən keçib getsin. Əvvəlki kimi, sərbəst yaşadığımız kimi yaşayaq. Elə bil belə günlərin şükrünü yerinə yetirməmişik? Yox.

Bəzi sürücülərlə də həmsöhbət olduq. Onlar sərnişinlərin maska ilə içəri daxil olduqlarını desələr də yaranan sıxlıq qarşısında özləri də acizdir:

- Bir neçə gündür ki, sıxlıq müşahidə olunur. Maskasız heç kimi avtobusa mindirmirik. Hamı maska ilədir. Qayda-qanuna riayət edirik. Bəli, əvvəlkinə baxanda sıxlıq müşahidə olunur.

BNA-nın mətbuat katibi Mais Ağayev isə yaranan sıxlığı sərnişin axınının artması ilə əlaqələndirir. Maraqlıdır görəsən bu sıxlığın aradan qaldırılması üçün hər-hansı bir tədbir görülürmü? “Biz bu məsələyə öncələr dəfələrlə aydınlıq gətirmişik. Deməli, karantin rejiminin yumşalması ilə əlaqədar avtobusların intensivliyi artmışdır, eyni zamanda, sərnişin axınında da artım müşahidə olunur. Məsələn, iyul ayının müvafiq dövrü ilə iyul ayını müqayisə etsək, Bakı şəhərində təxminən 48 faizədək sərnişin artımı müşahidə olunub. Hətta əgər biz avqustun onundan sonra gün ərzində bir milyon altı yüz min sərnişin qeydiyyata alındığını bildirirdiksə, bu həftə ərzində artıq bir milyon yeddi yüz qırx bir min, bir milyon səkkiz yüz min arasında sərnişin axını dəyişməkdədir”.

Sıxlıq probleminin həllindən danışarkən ekspress avtobuslara da diqqət çəkən Mais Ağayev əlavə edib ki, bu ay ərzində xəttə rekord sayda marşrut avtobusu buraxılıb: “Avqust ayının 12-də rekord sayda avtobus çıxarılmışdı xəttə. Həmin gün xəttə 2130 avtobus çıxarılmışdı. Bundan sonra da avtobusların sayı artırıldı və 2200 avtobusun eyni gündə xəttə çıxarılması təmin olunmuşdu. Xatırlayırsınızsa, bununla bağlı məlumat verilib ki, avtobuslar üçün ayrıca zolaqlar olmalıdır”.

Sözügedən zolaqların nə zaman istifadəyə verilməsinə dair sualımızın cavabı isə belə oldu ki, proses tam sürətlə davam edir. Yəqin, digər məsul qurumların da dəstəyi ilə dünya təcrübəsində özünü doğrultmuş xüsusi avtobus zolaqlarını Bakının mərkəzi küçələrində görmək tezliklə bizə də nəsib olacaq və sıxlıq heç deyilsə, 40 faizədək azalacaq. Üstəlik, qarşımıza çıxmasa belə, Mais Ağayev yüzdən artıq dayanacaqda xüsusi nəzarətçinin olduğunu da qeyd etdi.

Görünən odur ki, zolaqlar salınana qədər biz bu sıxlıqla gedib-gəlməyə alışmalıyıq. Avtobuslardakı sıxlığın tezliklə azalacağı ümidi ilə....

Mir Çingiz Ağazadə,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın