00:40 20 Aprel 2018 2392
Ana səhifə Xəbərlər

Bal var, qablaşdırma yeri yoxdur - PROBLEM

Astarada arıçıları narahat edən əsas məsələ istehsal olunan balı qablaşdırma imkanlarının olmamasıdır.

APA TV-nin Cənub bürosunun məlumatına görə, bu və bu kimi məsələlər Türkiyədən olan arıçı mütəxəssislərin iştirakı ilə keçirilən seminarda müzakirə olunub.

Arıçılıq üzrə ixtisaslaşmış türkiyəli professor Banu Yücel Astarada yerli arıçı fermerlərlə öz təcrübəsini bölüşüb. O, yerli fermerlərə əldə olunan balın keyfiyyəti barədə danışıb və bu sahənin inkişafı barədə tövsiyələr verib. Bildirib ki, bölgənin arıçılıq üçün əlverişli imkana malik olması, saxlanılan arının irqi yüksək keyfiyyətli balın əldə olunmasına şərait yaradır. Seminarda bəzi digər məsələlər də müzakirə olunub. Əsasən qablaşdırma yerlərinin olmaması xüsusi vurğulanıb. Seminar başa çatdıqdan sonra isə arı ailələrinə baxış keçirilib və onların yerləşmə şəraiti ilə tanış olunub: "Qafqaz arısı kimi bu coğrafiyaya uyğunlaşmış çox keyfiyyətli bir arı irqi var. Ətraf mühit şəraiti çox yaxşıdır. Həqiqətən arıçılığa son dərəcə əlverişlidir. Təbiət sənaye kirlənməsinə məruz qalmayıb. Əlbəttə ki, burada da çox keyfiyyətli bal istehsal etmək mümkündür. Amma bu balı qədəri ilə əldə edib və sata bilmək gərəkdir. Dolayısı ilə bəlkə də Azərbaycan arıçılığının çıxış nöqtəsi buradır. Bundan sonra burada ekoloji arıçılığın daha da inkişaf etdirilməsi, arıçıların bu məsələdə daha istəkli olması lazımdır".

Qış aylarında havaların mülayim keçməsi arı ailələri üçün də əlverişli olub. Fermerlər ötən ildən fərqli olaraq bu il ikiqat artıq məhsul götürməyi planlaşdırır. Yeganə problem əldə olunan məhsulun qablaşdırılması ilə bağlıdır. Təsərrüfat sahibləri deyir ki, əgər qablaşdırma yerləri olarsa, onlar yerli balı brend məhsul kimi xarici ölkələrə də ixrac edə bilər: "Allahın köməkliyi ilə qablaşma nəzərdə tutulub. İkinci dəfədir ki, onlar gəlir. Növbəti aylarda bizdə qablaşdırma həyata keçirilsə, biz məhsulu brendləşdirib xaricə çıxara bilsək, çətinliyimiz geridə qalar".

"Heç bir xəstəlik arılarımızda müşahidə olunmadı. Artıq aran bölgəsinə arıları köçürməyə başlamışıq və qablaşma ilə bağlı bir neçə dəfə müraciət olunub. Tez bir zamanda qablaşma sexləri açılsın. Yəni məhsullarımız artıq vahid pəncərə çərçivəsində yığılacaq. Bu, biz arıçılar üçün ruhlandırıcıdır".

Qeyd edək ki, təkcə Astarada 12 minə yaxın arı ailəsi var.

Müəllif | Apa.Tv

Elnur Ələkbərov

Kodu kopyalayın