15:16 21 Oktyabr 2020 167
Ana səhifə Xəbərlər

Baş Nazirin müavini: “Gəncədə valideynlərini itirən uşaqlara aylıq təqaüd təyin edilib”

Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə gedib.

APA TV-nin yerli bürosunun məlumatına görə, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

Qeyd edilib ki, Ermənistan ordusunun oktyabrın 11-də törətdiyi faciə zamanı Gəncədə 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyır.

Baş nazirin müavini Əli Əhmədov dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınmasını insanlığa qarşı cinayət adlandırıb: "Çox təəssüf ki, Gəncə şəhəri son günlərdə erməni terrorçularının hücumuna məruz qalıb. Gəncəyə edilən bu hücumlar ermənilərin mənfur xislətini, insani hisslərdən tamilə məhrum olduqlarını göstərir. Bu, həm də ağır hərbi cinayətdir”.

Onun sözlərinə görə, Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bu xain hücumun əvəzini döyüş meydanında çıxır: “Azərbaycan əsgəri qadına, uşağa, qocaya əl qaldırmır, bundan sonra da qaldırmayacaq. Gəncə hadisələrini törədən Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Onlar bu xain hərəkətlərinin ağır nəticələrini görürlər və görəcəklər. Onlar Azərbaycan xalqının və Ordusunun ən ağır cəzasını alacaqlar. Hesab edirəm ki, bu günlərdə Gəncə şəhəri və gəncəlilər böyük dəyanət nümayiş etdirdilər. Düşmənin niyyəti azərbaycanlıları qorxutmaq, vahimələndirmək idi, lakin onlar buna nail olmadılar. Gəncəlilərin timsalında Azərbaycan xalqının nə qədər qəhrəman xalq olduğu aydın oldu. Azərbaycanın zəfər yürüşünün qarşısını alacaq ikinci bir qüvvə yoxdur”.

Əli Əhmədov Gəncədə terror hadisələri zamanı zərər çəkmiş ailələrə yardım göstəriləcəyini də qeyd edib: “Valideynlərini itirmiş uşaqların hər birinə YAP tərəfindən gələn aydan etibarən 300 manat müqabilində təqaüd təyin edilib. Bu, həmin uşaqlar böyüyənə qədər davam edəcək”.

Xatırladaq ki, ermənilər sonuncu terroru oktyabrın 17-də törədib. Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 14 nəfər həlak olub, 55-dən çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın