10:00 28 Noyabr 2019 85
Ana səhifə Xəbərlər

Baş pediatr: “Bəzən tibb işçisi qida şirkətinə satılır...” – ANA SÜDÜ HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Bəli, ana südü zülallar, karbohidratlar, minerallar, vitaminlər, yağlarla zəngin, bir sözlə, körpənin ehtiyacı olan bütün vacib elementləri özündə birləşdirən ən gözəl qidadır. Həkimlər hesab edir ki, xüsusilə ilk 6 ayda kifayət qədər çəki alan körpəyə ana südündən başqa heç bir əlavə qidaya ehtiyac olmur.

Pediatr Aytən İsmayılzadə deyir ki, ana südünün ən əhəmiyyətli cəhəti ana və körpə arasındakı bağın güclənməsində oynadığı roldur. Təəssüf ki, bunlara əməl etməyib övladının qidalanmasında süni uşaq qidalarına üstünlük verənlər var: “Uşaq doğulan ilk saatda ana südünün uşağın mədə-bağırsağına daxil olması sağlamlıq cəhətdən çox vacibdir. İlk növbədə ona görə ki, “Maloziva” deyilən ağız südü var ki, yüksək enerjiyə malikdir. Bu da uşağın yeni həyata keçid dövründə adaptasiya olmasına köməklik göstərir. Körpə ana döşünü əmməlidir, uşaq ana döşünə qoyulmalıdır və uşaq özü axtarıb, tapıb ananın köməyi ilə əmməlidir. Bu təbii hadisə baş verməlidir. Amma təəssüflər olsun ki, bu proses doğum evlərində əngəllənir. Bizim analar uşağı qucağına alır, selfi çəkdirir, qaytarıb aparırlar”.

Hazırda satılan uşaq qidalarının insana aid olmayan heyvan mənşəli olduğunu deyən həkim onu da bildirib ki, belə qidaların tərkibinə bir sıra fermentlər qatmaqla ana südünə yaxınlaşdırırlar. Həkimlər hesab edir ki, süni qida qarışıqlarının tərkibində GMO kimi uşaq orqanizminə ziyanlı olan bir komponent mövcuddur. Bir sıra hallarda valideyn öz istəyindən dolayı yox, məcburiyyətdən əlavə qidalar almalı olur. Məcburiyyət dedikdə, o nəzərdə tutulur ki, bəzi nüanslarda ananın südü olmur və ya anada olan müəyyən mikroblar səbəbindən uşağın qidalanması məsləhət görülmür: “Hesab edirəm ki, yeni doğulmuş uşaqlara ana südü əvəzinə, süni yemək vermək günahdır. Bunu edənlər sanki böyük bir cinayətə əl atır. Analarımız da bilməlidir ki, süni qida yeyən zaman uşağın mədə-bağırsağında problem yaranır. Uşaqlarda “dizbiostes” formalaşır. Bununla yanaşı, süni qida 30 milli verilir. Bunun isə yeni doğulmuş uşaqlara verilməsi qadağandır. Çünki uşağın mədəsi bir fındıq boydadır. 30 milli qidanı birdən-birə vermək düzgün deyil”.

Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyir ki, əgər uşaq dünyaya gətirən ana öz övladını südündən məhrum edirsə, bu, gənc anaların övladlarının gələcəyini düşünməməsindən irəli gəlir. Eyni zamanda burada məsuliyyət doğum evlərində olan pediatrların da üzərinə düşür: “Doğum evlərində və ya dövlət tibb müəssisələrində belə siqnallar gələn kimi Səhiyyə Nazirliyinin yaratdığı komissiya tərəfindən araşdırmalara başlanılır. Əsas səbəb də odur ki, tibb işçisi qida şirkətinə satılmış olur, bu və ya digər çirkin şəkildə işbirliyi qururlar. Bu, yolverilməz haldır. Öz övladını hamıdan çox istəyən ana övladına ana südü vermək istəmir. İlk növbədə insanlar arasında maarifləndirmə işləri aparılmalıdır ki, gənc analar ana südünün mahiyyətini bilsin”.

Qeyd edək ki, uşaqlar üçün nəzərdə tutulan süni qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir. Qurum rəsmisi Ramazan Nəbiyev deyir ki, ölkəmizə istənilən süni qida məhsulu daxil olduqda, onlar gömrük ekspertizasından keçirilir. Həmin məhsullardan analizlər götürülür və AQTA-nın Qida Təhlükəsizliyi İnstitutunun laborator müayinələrinə göndərilərək yoxlanılır. Ekspertiza nəticəsində qüvvədə olan hüquqi aktların tələblərinə cavab verən məhsullara qida sertifikatı verilir: “İstehlak bazarına nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrindən belə məhsullardan nümunələr götürülərək, laboratoriyada müayinələrə cəlb olunurlar. Bu məhsulların satıldığı dövrdə hər biri nəzarətdə olur. Əgər vətəndaşların süni qidaların keyfiyyəti ilə bağlı narazılıqları olarsa, “1003” çağrı mərkəzinə müraciət edə bilərlər”.

Sosioloqlar hesab edir ki, süni qidalandırılma ailənin həm mənəvi, həm də maddi təməlinə zərbə vurur. Market və apteklərdə uşaq qidalarının “əl yandıran” qiymətləri əksər ailələri maddi problemlərlə üz-üzə qoyur. Bir qutu süni qida qarışığı olan yeməyin qiyməti markasından asılı olaraq 7 manatdan 20 manata kimi dəyişir. Nəzərə alsaq ki, 1 qutu yeməyi 3-5 aylıq körpə 3 günə yeyir, bu, həftəyə 2 qutu, 1 aya isə 10 qutu qida deməkdir. Ailə 10 qutu yeməyi əgər ən azı 7 manatdan alarsa, bu, aya 70 manat deməkdir.

Hər halda, unutmaq olmaz ki, ana südü uşaqla ana arasında ilk sevgi bağıdır. Gəlin, bu bağdan körpələrimizi məhrum etməyək...

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın