13:51 17 Oktyabr 2020 141
Ana səhifə Xəbərlər

Baş prokuror və Fövqəladə Hallar naziri Gəncədə - HADİSƏ YERİNƏ BAXIŞ KEÇİRİBLƏR

Baş prokuror Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov ötən gücə saat 01 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən sayca 3-cü dəfə raket zərbəsi endirilən Gəncə şəhərinə səfər ediblər.

APA TV-nin yerli bürosunun xəbərinə görə, dağılmış ərazilərə baş çəkən Baş prokuror Kamran Əliyev bildirib ki, Ermənistan tərəfi ancaq dinc əhalini hədəf alır. Cəbhə bölgəsindən 100 km uzaqda yerləşən şəhərə raket atmaq ancaq acizlikdən xəbər verir: “Ermənilər cəbhədə hər böyük məğlubiyyətindən sonra belə üsula əl atırlar. Onların cavabı layiqincə veriləcək. Cinayət işi başlanıb, sübutlar toplanır. Sübutları toplamaqda əsas məqsəd Ermənistanın siyasi rəhbərliyinin gələcəkdə beynəlxalq məhkəmədə cinayət məsuliyyətinə cəlb olunmasına nail olmaqdır. Onların həm siyasi, həm hüquqi məsuliyyətə cəlb olunması üçün bütün daxili və beynəlxalq mexanizmlərdən istifadə edəcəyik”.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə bildirib ki, hadisə baş verəndən dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb, 10 nəfərdən çox mülki şəxs həlak olub. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Nazir qeyd edib ki, əraziyə təkrar baxışlar keçiriləcək, dəyən ziyan müəyyənləşdiriləcək:

“Gəncədə əhali təmkinlidir, heç bir təşviş yoxdur. Təkcə Gəncə deyil, digər şəhər və rayonlarda da yaşayış məntəqələrini raket atəşinə tuturlar, bu, vandalizmdir. Erməni vandalları dərslərini alırlar, Azərbaycan Ordusu qətiyyətlə irəliləyir. Ali Baş Komandan tarix yazır".

Kəmaləddin Heydərov qeyd edib ki, dağılan bütün yerlər bərpa olunacaq, sakinlər mənzillərlə təmin ediləcək.

Gəncədə səfərdə olan Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva isə bildirilib ki, hər zaman olduğu kimi Ermənistanın hərbi siyasi rəhbərliyi tərəfdar çıxdığı bütün beynəlxalq hüquq konvensiyalarına zidd addımlar atır: “Hadisə ilə bağlı insan hüquqları üzrə bütün beynəlxalq təşkilatlara və institutlara məlumat verilib. Əfsuslar olsun ki, dünya Azərbaycan əhalisinə qarşı olan bu terrora hələ də ikili standartlarla yanaşır”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın