04:40 16 Oktyabr 2019 68
Ana səhifə Xəbərlər

Baş Prokurorluqda Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıb

Baş Prokurorluqda Abşeron rayon sakini Qəhrəmanlı Fuad Əli oğlu barəsində cinayət işi başlanıb.

APA TV-nin məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, bu ilin sentyabr ayında Fuad Qəhrəmanının qızı Selcan Qəhrəmanlı sosial şəbəkədə atasının anasına, yetkinlik yaşına çatmayan bacısına və özünə qarşı uzun illərdir zorakılıq etdiyi barədə paylaşımlar edib. Selcan Qəhrəmanlı atasının onlara qarşı təxminən 40 dəfə eyni hərəkətlər etdiyini bildirib.

Fuad Qəmanlının həyat yoldaşı Zümrüd Qəhrəmanlı da sosial şəbəkə vasitəsilə ərinin 2010-cu ildə azyaşlı qızı Sənayın dizini, 3 il sonra barmağını sındırdığını, 2015-ci ildə isə digər xəsarətlər yetirdiyini, həbsdə ikən belə onlara psixi iztirablar verdiyini, bunları təsdiq edən sənədlərin və fotoşəkillərin olduğunu qeyd edib. Bildirib ki, Fuad Qəhrəmanlının təmsil olunduğu partiyanın sədri Əli Kərimli və digərlərinin bunlardan məlumatı olub
, amma şiddətin qarşısının alınması üçün heç bir tədbir görülməyib, zorakılığın üstünün ört-basdır edilməsinə çalışılıb.

Bundan başqa Gülnarə Mehdiyeva adlı jurnalist “facebook” səhifəsində Zümrüd Qəhrəmanlının bədənində zorakılıq izlərini əks etdirən fotolar paylaşıb, qızların isə atalarının onlara işgəncə verdiyini etiraf etdiklərini yazıb.

Bir sıra ailə, qadın və uşaq problemləri üzrə qurumların sədrləri, QHT-ı birgə bəyanat yayaraq Fuad Qəhrəmanlı barədə ciddi tədbir görülməsini zəruri hesab ediblər.


Cinayətin azyaşlı və köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi nəzərə alınaraq cinayət prosessual qanunvericiliyinin tələbləri əsas götürülməklə Baş Prokurorluq tərəfindən araşdırma aparılıb.

Araşdırma zamanı Bakı şəhəri Kliniki Tibbi Mərkəzin qeydiyyat jurnallarına baxış protokolu,təqdim olunmuş sənədlər, izahatlar və digər sübutlarla müəyyən edilib ki, Sənay Qəhrəmanlı sağ diz nahiyəsində travmatik çat, travmatik zədə yerində su yığılması və şişkinliklə bağlı 2010 və 2018-ci illərdə müayinə aparılması üçün müraciət edib.


Faktlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın