11:05 05 İyul 2020 1279
Ana səhifə Xəbərlər

Bazarlarda meyvə-tərəvəz niyə bahadır? - REPORTAJ

“Bağa bax üzüm olsun, yeməyə üzün olsun”. Bəli üzüm var, elə üzümüz də var. Lakin pandemiyanın vurduğu zərərlər kənd təsərrüfatından da yan keçmədiyi üçün bazarlardakı qiymətlər cibimizi yandırır.

APA TV xəbər verir ki, mövsümi meyvə və tərəvəzlər alıcılara gözlənildiyindən daha artıq qiymətlərlə təklif edilir.

- Baxır malın keyfiyyətinə. 1 manata da gilas var, 6 manata da. Baxır gilasın keyfiyyətinə. Bu, öküz ürəyidir, 6 manatdır.

- Sən inanırsan ki, bu karantindən sonra qiymətlər bahadır. 5 manata malı alırıq, axşam 2-3 manata satırıq. Qarğıdalını 45 qəpiyə almışam, 50 qəpiyə satıram, getmir. Satılmasa da, ucuz veririk 3-ü 1 manata”.

- Gilas 5 manatdan yuxarı 10 manata qədər var. Malların çeşidinə görə dəyişir qiymətləri. Tərəvəzlərdən kələm 50-60 qəpiyə, pomidor 1-2-3 manat, hər qiymətə var. Gilas da həmçinin onun kimi.

Qiymətin baha olması isə əlbəttə ki, müştəri azlığına gətirib çıxarır. Satıcılar isə bahalığı həm yerli, həm də xaricdən gələn meyvələrin gətirilməsində yaranan çətinliklərlə əlaqələndirirlər: “Meyvə-tərəvəz əvvələ baxanda indi bahadır. Ona görə ki, kəndli öz malını gətirə bilmir. Çünki imkan yoxdur. Ancaq böyük maşınlar işləyir bazara. Elə insanlar da var, imkanları yoxdur böyük maşınla gətirməyə, ona görə də meyvə az gəlir bazara. Meyvələrin baha olması da müştəri azlığına səbəb olur. Türkiyədən gələn var meyvələrdə. Nektarin, şaftalı Türkiyədən gəlib. Qarpız, yemiş özümüzünküdür. 50 qəpik qarpızdır, 1.20, 1.50 manata yemişdir”.

Bazardan fərqli olaraq, supermarketlərdə meyvə-tərəvəzin qiyməti daha ucuz təklif edilir. Belə ki, bazarlarda 50 qəpiyə təklif edilən qarpız 28 qəpiyə, 1.50 manata olan yemiş isə 70 qəpiyə satışa çıxarılır.

Pandemiya ekzotik meyvələrin də satışına təsir edib. Pitahaya, Pekan qozu, Marakuyya və digər adını bilmədiyimiz neçə-neçə meyvələr vitrinlərə çətinliklə gəlib çıxır: “Müxtəlif meyvələrimiz var, lakin hazırda çeşid azdır. Bunun da səbəbi aydın məsələdir. Pandemiya ilə əlaqədar bir çox ölkədən sifariş verə bilmirik. Hazırda yalnız Cənubi Amerika və bəzi Afrika ölkələri ilə işləyə bilirik. Düşünürəm ki, pandemiya maska və spirt istehsalından başqa bütün sahələrə təsir etdi. Bizdə də bəzi meyvələrin olmaması, həmçinin müştərilərin əksər hissəsi muzdlu işləyənlər olduğu üçün onların alıcılıq qabiliyyəti düşüb”.

Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov qeyd edib ki, təmsil etdiyi qurum heç bir kənd təsərrüfatı məhsullunun qiymətinin müəyyənləşməsində iştirak etmir. Bazardakı qiymətlər isə tələb-təklif əsasında formalaşır.

Hər halda, pandemiyanın çətin günlərinin nə qədər davam edəcəyini bilməsək də, ümid edirik ki, ən qısa zamanda meyvə-tərəvəzin qiyməti vətəndaşların cibinə münasib olacaq.

İsa İsmayılov

Musa Qulamirzəyev

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın