11:04 18 Mart 2021 105
Ana səhifə Xəbərlər

Bəzən çaşır, bəzən yıxılır, bəzənsə... - REPORTAJ NECƏ ƏRSƏYƏ GƏLİR?

Siz hər gün ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı xəbərləri izləyirsiniz. 3 və ya 5 dəqiqəlik xəbər süjetində tamaşaçı ən gözəl, ən dolğun kadrları izləyir, olayların təfərrüatlarından operativ şəkildə xəbərdar olur. Bəs hadisələr 3-5 dəqiqəyə necə sığışdırılır?

Gəlin, süjet və reportajların hansı çətin yollardan keçib ekranlara gəldiyinə nəzər salaq.

APA TV xəbər verir ki, xəbər dalınca yola düşən müxbirin yaxasını bəzən tərsliklər buraxmaz. O, qısa zaman diliminə dolğun məlumatı sığdırmalı və çaşmadan tamaşaçıya çatdırmalıdır. Lakin bu, hər zaman belə olmaya bilir. Alınmayan cümlələr müxbirin, müxbir isə operatorun səbrini tarıma çəkir.

Bəzən cümlələri fikirləşib operatora “hazıram” işarəsi verən müxbir bu dəfə ətrafdakı insanların müdaxilələri ilə sınağa çəkilir. Ən səliqəli görüntünün ortaya çıxması üçün dəqiqələrlə gözləməli olur.

Kim deyir ki, mikrofon həmişə müxbirdə olmalıdır? Bəzən onun da əlindən “çörək ağacı”nı alanlar tapılır.

Baş verən yanğın, qəza və ya təbiət hadisəsi zamanı hər kəs oradan uzaqlaşır. Operator və müxbir isə həmin əraziyə tələsir. Çünki vaxtında redaksiyaya məlumat çatdırmalıdırlar.

Xəbərin mövzusu, yükü nə qədər ürəkağrıdan olsa da, soyuqqanlılığı qorumaq, jurnalist hisslərini büruzə verməmək məcburiyyətindədir.

Bəzən isə bir suala cavab almaq üçün vətəndaşların da qəzəbinə tuş gələ bilir.

Mövzu ilə bağlı suallarımızı cavablandıran televiziya mütəxəssisi, əməkdar jurnalist Qulu Məhərrəmli vətəndaşları sorğu keçirən müxbirləri anlayışla qarşılamağa çağırır: “Kamera artıq bizim həyatımızın elementidir. Bəzən küçə sorğularında insanlar kameradan qaçırlar. Təbii ki, kimisi utancaqlıqdan, kimisi bilməzlikdən edir. Fikirləşirlər ki, burada kamera varsa, nə isə xoş bir şey olmaya bilər. Xüsusən üstündə nişanı olan mikrofonlar, məsələn, APA TV-dir, bu İctimai TV-dir, Xəzər TV-dir, AzTV-dir - bu, vətəndaşlar üçün xəbərdarlıqdır ki, aparılan sorğu ciddi məsələdir. Bir də tamaşaçılar üçün deyirəm ki, bir sorğunu çəkmək, vətəndaşlardan küçədə müsahibə almaq reportyor üçün böyük bir əzabdır. Niyə? Təsəvvür edin ki, sizin gördüyünüz adamlardan, 10-15 nəfərdən müsahibə alırlar. Onun 2-si, ya 3-ü gedir. Biri mikrofonu itələyir, o birisi kameraya tərəf baxmır, biri qaçır, biri utanır”.

Qulu Məhərrəmli deyir ki, televiziyada mətbəxi bilmək önəmlidir. Televiziyanın mətbəxi isə müxbirlikdən başlayır: “Kim ki, birbaşa kameranın qarşısına keçir, başlayır ki, “axşamınız xeyir, indi də xəbərləri izləyirsiniz”. Onlar televiziyanın mətbəxini görmürlər. Mən müəllimlik təcrübəmdə də (tələbələrim bilirlər) onları çağırırdım, əvvəlcə müxbirlikdən başlayırdılar. Niyə? Çünki mühiti görürsən, informasiyanın necə çətin əldə olunduğunu görürsən”.

Televiziyanın mətbəxinə yaxşı bələd olan tanınmış telejurnalist İlqar Mikayıloğlu isə müharibənin qızğın vaxtlarında, cəbhə bölgəsində başına gələn hadisələrdən danışdı: “Qubadlı, Zəngilan, Laçın istiqamətində çəkilişə gedəndə bizim maşınla minanın arasında bu qədər məsafə qalmışdı. Tank əleyhinə mina idi. Onun üstünə çıxdın, vəssalam. Nəinki maşın, sən də yoxsan. Düzdür, orda qorxduq, amma üstündən yarım saat keçəndən sonra artıq gülürdük. Yəni hadisə hər bir halda başına gələ bilər”.

Bütün çətinliklərə rəğmən, müxbirlik həyat tərzidir, sevgi ilə görülməli işdir. Çünki hazırladığınız süjetlə, reportajla heç tanımadığınız insanların evinə qonaq olur, onların sevincini, problemlərini, kədərini öz dəsti xəttinizlə ifadə edirsiniz. Bunları edə bilirsinizsə, demək ki, artıq jurnalistsiniz.

Fatma Zahidqızı,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın