13:01 26 Yanvar 2021 153
Ana səhifə Xəbərlər

Bir kəndin üç qəhrəman şəhidi – REPORTAJ

44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olması uğrunda canlarını qurban verən həmkəndlilər - Eltun, Əfsun və Şahin. Sabirabad rayonunun Minbaşı kəndinin qəhrəman şəhidləridir onlar.

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hər 3 şəhid kənd məzarlığında yanaşı torpağa tapşırılıb.

Eltun cəbhəyə könüllü yollanıb, Əfsun çağırış vərəqəsini alanda sevinirmiş, Xüsusi Təyinatlı Qüvvələrin “İldırım” ləqəbli Şahini isə sanitar maşını ilə yüzlərlə yaralını xilas edib, şəhidlərin nəşlərini döyüş meydanından çıxardıb.

23 yaşlı Eltun Vüqar oğlu Mirzəyev sentyabrın 28-də cəbhəyə yollanıb. Valideynləri onu mərd, tərbiyəli övlad kimi xatırlayırlar. Atası Eltunun Tovuz döyüşlərindən sonra adını orduya könüllü yazdırdığını deyir: “Ayın 28-də qismən səfərbərlikdə dedi, gedirəm. Getdi, ayın 28-nə qədər danışırdıq, deyirdi yaxşıyam, sevinirdik. Deyirdi, gələndə sizə buralardan, görün, nələr danışacam. 28-dən sonra telefon zəngi olmadı. Sonra şəhid xəbərinİ eşitdik”.

Eltungil ailədə 2 qardaş, bir bacı olublar. Sonuncu dəfə oktyabrın 28-də evlə telefonda danışıb, kövrələrək anasını xoş sözlərlə əzizləyib: “Danışırdıq, deyirdi, yaxşıyam, narahat olmayın, salamat gələcəm. Könüllü getdi, gəlmədi. Axırıncı dəfə 28 oktyabrda danışdıq. Dedi, sizi çox istəyirəm, narahat olmayın, mənə heç vaxt demədiyi sözləri dedi. Mənə “ana, əllərinə qurban olum” dedi. Heç nədən qorxan oğul deyildi. Deyirdi, torpaqlar alınsın, sağ-salamat qayıdıb gələcəyik”.

Eltun Mirzəyev oktyabrın 30-da Qubadlı istiqamətində düşmənlə gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabrın 12-də kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailədə bir bacı və qardaş olan Əfsun Mətləb oğlu Hüseynovun isə 21 yaşı vardı. Sentyabrın 29-da döyüş bölgəsinə yollanıb. Anası Zülfiyyə xanım deyir ki, Əfsun çağırış vərəqəsini səbirsizliklə gözləyib və gələndə çox sevinib: “Çox yaxşı, ağıllı, tərbiyəli, qanacaqlı uşaq idi. Əsgərlikdən il yarım idi gəlmişdi. Əsgərlikdə olanda atası rəhmətə getdi. Axırıncı dəfə oktyabrın 18-də danışdıq. Hər dəfə soruşanda deyirdi Ağcabədidəyəm. Demə, döyüşdə imiş, aldadırmış ki, mən narahat olmayım. Əmisi uşaqlarına deyirmiş ki, mən döyüşdəyəm, amma anama deməyin. Bizim bir-birimizdən başqa heç kimimiz yox idi. Tək oğlan idi, bir bacısı var. Tez-tez deyirdi çağırış gəlsəydi, gedərdim. Elə bil tələsirdi getməyə”.

Bacısı Əfsanə deyir ki, qardaşı ilə qürur duyur: “Bir qardaşım var idi. Gözümüzü ona dikmişdik. Allah qoysa, yayda evlənsin, toyu olsun! Anam da gözünü ona dikmişdi”.

Əfsun Hüseynov Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarında gedən döyüşlərdə iştirak edib. Noyabrın 4-də Qubadlının Bala Soltanlı kəndində şəhid olub, noyabrın 5-də isə doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Minbaşı kəndinin daha bir şəhidi, 34 yaşlı kiçik çavuş Şahin Əlicuvan oğlu Hümbətovu döyüş yoldaşları “İldırım” ləqəbi ilə çağırırdılar. 9 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Şahin sanitar avtomobilinin sürücüsü kimi döyüşlərin ən qaynar nöqtələrindən yaralı əsgərləri ildırım sürəti ilə xilas edib. Müharibədən əvvəl onlarla təlimlərdə iştirak edib, çoxsaylı sertifikat, medal və təltiflərlə mükafatlandırılıb.

Qayınatası Yaqub Heydərov Şahinin çox ailəcanlı olduğunu deyir: “Döyüş yoldaşları danışırdı ki, Şahin elə bir oğul idi ki, bəlkə də o olmasa idi, yüz ana gözü yaşlı qalardı. Deyirdilər, bütün şəhidləri düşmən əhatəsindən cəld çıxarardı. Bir şəhidi belə düşmən tərəfdə qoymazdı qalsın. Qazilər var idi ki, ona minnətdardırlar. Onları da xilas edirdi vaxtında. Şəhid olandan sonra 20-30 cəbhə yoldaşı respublikanın bütün bölgələrindən evlərinə gəliblər. Onlar Şahini çox seviblər”.

Şahinin iki azyaşlı övladı yadigar qalıb - 7 yaşlı Aqil və 5 yaşlı Aylin. Ailəsini, övladlarını çox sevib, onlara bağlı olub. Şəhidin xalası Hədiyyə xanımın dediyinə görə, bacısı oğlu əsl qəhrəman, vətənsevər, ailəsevər bir igid olub: “Dəfələrlə zəng elədim, bir dəfə cavab verdi, soruşdum nə var, nə yox? Dedi, xala, salamatlıqdır. Dedim, qorxmursan, bala? Dedi, “xala, mən kişiyəm, canavaram. Maşınının adını şimşək qoymuşam. Heç bir ananı qoymaram ki, gözü ağlar qalsın. Mən vətənimi, torpağımı anam qədər sevirəm. Biz gərək prezidentimizin arxasında yumruq kimi dayanaq”. O, həmin günü səhər ailəsi ilə danışanda anasına deyib ki, Şuşaya tərəf qalxırıq, mənə görə narahat olmayın, orda 3 yaralı var, mən necə olur-olsun, onları götürməliyəm. Gedib yolun yarısında minaya düşüb şəhid olub. Allah şəhidlərə rəhmət eləsin”.

Şahingil ailədə iki qardaş olublar. Qardaşı Rəşad onun haqqında fərəhlə danışır: “Həmişə danışanda deyirdi hər şey yaxşıdır, özünüzdən muğayat olun. Deyirdi, torpaqları alıb gələcəyik, qələbədən sonra sizi aparıb buranın gözəl mənzərələri ilə tanış edəcəm. Amma çox təəssüf ki, qismət olmadı”.

Şəhidin atası da oğlu ilə qürur duyduğunu deyir.

Şahin Hümbətov Füzuli, Cəbrayıl, Murov, Zəngilan və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 27-də Xocavənd-Şuşa istiqamətində sanitar avtomobili ilə yaralı yoldaşlarını xilas edərkən 3 döyüş yoldaşı ilə birlikdə tank əleyhinə minaya düşərək qəhrəmancasına şəhid olub və oktyabrın 29-da doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın