11:16 18 Oktyabr 2020 113
Ana səhifə Xəbərlər

Bir şəkilin tarixçəsi – XOCALI FACİƏSİNİN ŞAHİDİ O GÜNLƏRİ XATIRLAYIR

O, şəkil Qaraqayada çəkilib. Yüksəklikdə. Kim çəkib bilmirəm, amma yerli fotoqraflardan deyildi, xarici idi.

Elə biz də 28 - illik şəklin tarixçəsindən danışmaq üçün axtardıq onu. Öyrəndik ki, Bakıda yaşayır. Ötən illər ərzində bu tarixlə bağlı danışmaq üçün İlham müəllim nə televiziya ekranlarına çıxıb, nə də mətbuata. İlk müsahibəsinə çətinliklə razılaşsa da, razı sala bildik.

Əslində onu şəkillərdən tanıyırıq. Qucağında 1 yaş 6 aylıq uşağı xilas edərkən çəkilən fotosundan. Haray gecəsindən bizə yadigar qalan fotodan: “1992-ci ilin 25-dən 26 –a keçən gecə idi. Posta idim. Evə döndüm ki, çay içim qayıdım. Onda oğlum da yaşyarımlıq idi. Onun şəkillərinə baxdım dedim ki, görəsən bir də oğlumu görəcəmmi? Bir də gördüm atışma başladı. Dayanmırdı, evlər başlamışdı yanmağa. Əlimdə beşatılan vardı. Dedim bununla neynəyə bilərəm? Xocalının ətrafı dağ idi. Tank –top atəşindən qulaq tutulurdu. Ermənilər şəhərə tərəf irəliləyirdilər.”

Gözlərindən gələn yaşı güclə saxlayırdı. Boğula-boğula xatırladı Qarabağ müharibəsinin ən uzun, ən faciəli gecəsini: “Yerimdən qalxdım. Atam və yaşlı babamgilə getmək üçün evdən çıxdım, aramızda 500 metrlik məsafə vardı. O qədər güclü atırdılar ki, o məsafəni iki saata getdim, sürünə-sürünə. Döyüşmək mümkün deyildi”.

Gecə saat iki radələrində atasıgilə çatan İlham onları evdən çıxarmağa nail olur. Onun sözlərinə görə ermənilər əvvəlcə Xocalıda məhsəti türkləri üçün tikilmiş qəsəbəni - Fin evlərini vurublar. Evlər alov içərisində, dinc sakinlər isə evdə olduğundan onları xilas edə bilməyiblər. Sağ qalan sakinlər isə güllə-boran altında Qarqar çayına tərəf toplaşıblar: “Dəhşətli şaxta vardı. Arvad-uşaq, çətinliklə də olsa dağlara qalxdıq. Qarqar çayını ayaqyalın keçdik. Dağlara qalxıb o yolla gəldik. Əsgərana çatmağımıza az qalmış gördük ki, arxadan gələn camaatı qırırlar. O, dövrün BTR və PDM-lərindən atəş açaraq dinc əhalini qırırdılar”.

Faciə gecəsi İlham müəllimin 27 yaşı olub, babasını Əsgarana bitişik kəndə qədər gətirib çatdırsa da, onu erməni gülləsindən xilas edə bilmir. Özü geri qayıdıb digərlərini xilas etməyə çalışır. Elə bir mənzərə ilə qarşılaşır ki, nə edəcəyini bilmir: “Gördüm ki, atəş altında qalan sakinlərdən biri də salamat deyil. Qucağımda şəkildə gördüyünüz o, uşağın anasına yaxınlaşdım. Dedi ki, İlham Taleyi ermənilər ağzından vurdu. Özü də yaralı idi. Taleh mənim əmim nəvəsidir. Samir də qucağımda yaralıdır. Uşağı qızın qucağında kürəyindən vurmuşdular, bağırsaqları tökülmüşdü. Amma hiss etdim ki, nəfəs alır. Ramiləyə söz verdim ki, uşağı ölsəm belə o tərəfə çatdıracam. Uşağı anasından aldım. Uşağı qaçaraq gətirdim, çatanda artıq nəfəsi yox idi balaca Samirin”.

Xocalı faciəsi gecəsi yaşyarımlıq Samirin ailəsindən yalnız yaralı halda olan anası qalır. Babası, nənəsi, bibisi də həmin gecənin günahsız qurbanlarından olur: “O, ailənin Xocalıya qayıdanda qapısını açmağa bir kimsə yoxdur”.

55 yaşlı Xocalı sakini qəhərdən çox danışa bilməyəcəyini deyir. Bizimlə müsahibəyə niyə razılaşdınız sualına gəlincə: “Hər gün Xocalı arzusu ilə yaşamışam. İllər ötdükcə bu il keçdi, yəqin gələn il qayıdarıq demişəm. İndi müzəffər ordumuz, iradəli Ali Baş Komandanımız var. Allah qorusun. Ümidlərimiz qayıtdı, qayıdacayıq deyə müsahibəyə razılaşdım. Tək bizim arzumuz deyil qayıtmaq, bütün Qarabağ bu arzudadır. Bu dəqiqədə döyüşlərə qatılmağa hazıram. O torpaq uğrunda ölümə gedərəm”.

İndi İlhamın 55 yaşı var, bir oğlu, iki qız nəvəsi var. Döyüşmək üçün özü də, 30 yaşlı yeganə oğul övladı da müraciət edib. Müraciətlərinə cavab gələcəyi günü səbirsiziliklə gözləyirlər.

Zəfər günü yaxındadır!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın