15:58 03 İyul 2020 396
Ana səhifə Xəbərlər

Boru kəmərində sızma baş verdi, neft evin həyətinə doldu

Sumqayıt şəhəri, Yeni Yaşayış Massivi, BTZ bağlarından keçən 700 mm-lik Böyükşor-Sumqayıt neft boru kəmərində sızma baş verib.

APA TV xəbər verir ki, Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əməkdaşları sızmanın 31,8-ci kilometrliyində olduğunu müəyyən ediblər.

Əraziyə dərhal şirkətin Neft Kəmərləri İdarəsinin “Abşeron” İstehsalat Bölümünün qəza-bərpa briqadası cəlb edilib. Müəyyən edilib ki, boru kəmərinin sızma baş verən hissəsi vətəndaş Ehtiram Nəsibov tərəfindən zəbt olunub.

Kəmərə cəmi 1-2 metr məsafədə tikilən ev isə qəzanın aradan qaldırılması zamanı xüsusi texnikaların işləməsini xeyli çətinləşdirib. Bununla belə, həyətyanı sahəyə axan neft sızıntısının toplanması üçün çuxur qazılıb, xüsusi vakuumlu avtomobil vasitəsilə neft bu çuxurdan götürülüb. Daha sonra borunun qəza baş verən hissəsi müəyyənləşdirilərək təmir olunub.

Ev sahibi Ehtiram Nəsibov ərazinin ona heç kim tərəfindən satılmadığını deyir: “Qaçqınçılıq vaxtı idi. Elə boş yer idi BTZ bağlarının içi. Gəldim elə buranı götürdüm, dedim, burda da ev tikəcəm. Amma mənə buranı nə heç kim satmayıb, nə də verməyib. Elə özüm, o vaxtı gəldim qaçqın kimi, buranı götürüb ev tikdim”.

Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin “Abşeron” İstehsalat Bölməsinin rəisi Nizami Qafarov isə bildirib ki, sözügedən kəmər Bakının Dübəndi qəsəbəsinə qədər uzanır. Bir çox yerlərdə, o cümlədən Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində fərdi yaşayış evləri ilə əhatə olunub. Nəticədə təhlükəsizlik işçiləri kəmərin vəziyyətini vaxtlı-vaxtında yoxlaya bilmirlər.

SOCAR-ın Təhlükəsizlik İdarəsi rəisinin müşaviri Səbuhi Şəldiyev isə hazırda qəzanın səbəbinin araşdırıldığını bildirib: "İlkin ehtimallara görə, kəmər uzun müddət istismarda olduğuna və onun mühafizə zolağının zəbt edilməsi ilə əlaqədar nəzarət tədbirlərindən kənarda qaldığına görə, qəza olub. Bu isə vətəndaşlar üçün çox böyük təhlükə yaradır. Nəzərə almaq lazımdır ki, boru xəttində baş verən qəza yanğına, partlayışa səbəb ola bilər. Bu isə vətəndaşların özlərinə və ailə üzvlərinə xəsarət yetirə bilər”.

Qeyd edək ki, boru kəmərlərinin mühafizə zonasının müəyyən edilməsinə dair Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli qərarı mövcuddur. Bu qərara əsasən, boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə mühafizə zonası 25 metr götürülür. Mühafizə zonasında tikinti işlərinin və digər işlərin aparılması qadağan edilir. Neft və qaz kəmərlərinin mühafizə zolağında evlərin tikilməsi bu kəmərlərə zəruri hallarda texniki xidmətin göstərilməsi, o cümlədən qəza hallarında operativ müdaxilənin və təmir-bərpa işlərinin aparılmasına ciddi şəkildə maneə yaradır. Bundan başqa, neft-qaz sızması nəticəsində partlayışlar baş verə bilər ki, bu da həmin ərazidə yaşayan insanların həyatı üçün təhlükə yaradır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın