20:11 11 Avqust 2020 567
Ana səhifə Xəbərlər

BOS Şelf: Xəzər dənizində neft və qaz hasilatı tarixində ən böyük sualtı qurğu quraşdırıldı

“Avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan “Qarabağ” dayaq blokunun dənizə yola salınmasına start verilib. Qeyd edək ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli işçilərdir”.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun eksklüziv operatoru olan "BOS Şelf" Xəzərin tarixində neft və qaz hasilatı üçün ən böyük sualtı qurğu sayılan “Qarabağ” dayaq blokunun inşasını başa çatdırıb.

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında şirkətin direktor müavini Nazim Hüseynov deyib. Onun sözlərinə görə, ölkə üçün belə bir əhəmiyyətli layihənin həyata keçirilməsi qürur hissi doğurmaya bilməz: “SOCAR”ın rəhbərliyi ilə "BOS Şelf" şirkəti 9 dayaq bloku tikib dənizə yola salıb və bu gün şahidi olduğumuz “Qarabağ” bloku 10-cu blokdur”.

Direktor müavini deyir ki, bundan sonra dayaq bloku dənizdəki yatağa daşınacaq.

Xatırladaq ki, 2 il ərzində inşa edilmiş, hündürlüyü 187 metr və çəkisi 16,302 ton olan konstruksiya “Qarabağ” dəniz yatağında – suyun 182 metr dərinliyində quraşdırılacaq.

Layihənin həyata keçirilməsi zamanı “BOS Şelf” tərəfindən sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına əməl olunub.

"Qarabağ" əməliyyat şirkətinin baş direktoru Tahir Dadaşov bildirib ki, “Qarabağ” yatağının üst modulunun dizaynı artıq hazırlanır. Onun sözlərinə görə, dizayn işləri "Wood" şirkəti tərəfindən həyata keçirilir: “Bu dayaq blokundan sonra onun üst hissəsi gəlməlidir. O üst hissənin hazırda dizayn işləri gedir və biz həm əməliyyat şirkəti kimi podratçı şirkətlərə tapşırıq verilməsi, həm də görülən işləri beynəlxalq standartlara – həm təhlükəsizlik, həm də keyfiyyət baxımından tam yüz faiz standartlarla yerinə yetirilməsi üçün biz onlarla birgə işləyirik və onları idarə edirik. Necə ki, dünyanın hər yerində əməliyyat şirkətləri öz podratçı şirkətlərini idarə edir”.

Tahir Dadaşov həmçinin əlavə edib ki, 2022-ci ilin sonunda "Qarabağ" dayaq blokundan neftin hasilatına başlanacaq.

"Qarabağ" əməliyyat şirkətinin layihə rəhbəri Ağamalı Qurbanov isə qeyd edib ki, çıxarıla biləcək neftin 21 milyon tondan artıq olacağı nəzərdə tutulur, çıxarıla biləcək qaz isə 13 milyard kub metr ola bilər: "Platformadan 6 neft quyusu qazılacaq, 3 su vurma quyusu və 2 su altı qaz quyusunun qazılması planlaşdırılır”.

O, həmçinin yatağın 5 min tondan çox günlük neft hasilatı və maksimum 4,5 milyon kubmetr qaz hasilatı nəzərdə tutulduğunu vurğulayıb

"BOS Shelf" şirkətinin kommersiya meneceri Orxan Hüseynov isə əlavə yd edib ki, "Abşeron" yatağı üstə görülən işlərin 2023-cü ildə tamamlanması nəzərdə tutulur: "Arxada gördüyünüz strukturlar, dörd dayaq bloku artıq hazırdır və önümüzdəki bir neçə ay ərzində onların quraşdırılması üçün yola salınacaqlar".

Xatırladaq ki, BOS Şelf” şirkəti Azərbaycanın bütün irimiqyaslı və mürəkkəb neft-qaz layihələrinin, o cümlədən Azəri-Çıraq-Günəşli, Şahdəniz-2, Abşeron və digər layihələrin həyata keçirilməsində əsas iştirakçılardan biridir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın