21:24 23 Noyabr 2020 785
Ana səhifə Xəbərlər

BQXK: Əsir düşmüş Amin və Bayramla bağlı dialoq aparılır

Ukraynalı jurnalist Aleksandr Xarçenkonun çəkdiyi kadrlardan əsir götürüldüyü məlum olan Azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimovla bağlı məsələ əlaqədar dövlət qurumları tərəfindən diqqət mərkəzində saxlanılır.

Ombudsman Aparatının yaydığı məlumatda bildirilir ki, əsir düşmüş Azərbaycan əsgərlərinə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı Səbinə Əliyeva tərəfindən beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova da saxlanılan şəxslərlə əlaqədar münaqişə tərəfləri ilə dialoq aparıldığını bildirib. O, qeyd edib ki, Amin Musayev və Bayram Kərimov barədə ailə üzvlərinə məlumat verilib.

APA TV-nin yerli bürosunun məlumatına görə, ailə üzvləri isə deyir ki, övladları ilə bağlı əldə etdikləri ən son məlumat onların əsir götürülməsi ilə bağlıdır.

Elə Bayram Kərimovun da ailəsi ondan nigarandır. Bütün doğmaları hər gün bir xoş soraq almaq ümidi ilə ailə üzvlərinin başına toplaşır. Onlar tezliklə Bayramın xoş sorağının gələcəyinə inanırlar.

Bayramın 3 yaşlı oğlu da hər qapı döyüləndə atasının gəldiyini sanıb dəhlizə qaçır. Elə böyüklər də onun tezliklə qapıdan girəcəyini gözləyirlər.

Qeyd edək ki hər iki şəxs Qarabağ düyüşləri zamanı düşmən tərəfə əsir düşüblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın