17:36 26 Mart 2020 364
Ana səhifə Xəbərlər

Bakı polisi xüsusi karantin rejiminə əməl etməyənlərə qarşı reydlər keçirir

Paytaxt polisi koronavirus təhlükəsi ilə bağlı reydlərini davam etdirir.

APA TV-nin məlumatına görə, dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsini əsas tutaraq Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində, parklarda və digər ictimai yerlərdə təhlükəsizlik tədbirləri həyata keçirilir.

Dənizkənarı Milli Parkda əhalinin maarifləndirilməsinin həyata keçirilməsində iştirak edən BŞBPİ-nin əməkdaşı, polis mayoru Emil Abdullayev bildirir ki, polis əməkdaşları vətəndaşlara öz tövsiyələrini verir və onları zərurət olmadığı təqdirdə açıq havada gəzməməyə səsləyir: “Elan edilmiş qərara əsasən 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasını, həmçinin küçələrdə, ictimai yerlərdə, parklarda 10 nəfərdən artıq şəxsin toplanmasına nəzarət, bundan əlavə şəxslər arasındakı təmasın azı 2 metr olmasının təyin olunması ilə bağlı tədbirlər polis əməkdaşları tərəfindən davam etdirilir. Həmçinin gün ərzində polis əməkdaşları tərəfindən vətəndaşlarla maarifləndirici söhbətlər aparılır və qərarın icrası ilə bağlı tövsiyələr verilir”.

Müşahidələrimiz onu göstərdi ki, bu tövsiyələrə əməl edənlər də var, etməyənlər də... Amma ümumilikdə vətəndaşlar infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsindən razıdırlar:

- Yaxşı fikirdir. Hər kəs evdə otursun. Amma riayət edən yoxdur. Çox adam maskasız gəzir. Yaşlı insanlar da küçələrdədir. Sizcə bunun səbəbi nədir? Belə səbəb gətirirlər ki, evdə oturmaq olmur. Heç nə qocalar sözə qulaq asmır. Təmiz hava istəyirlər, oksigen istəyirlər.

- Karantin rejimi elan olunmağı əladır. Yəqin ki, insanların qorunması ilə əlaqədardır. Biz də bu qərarı müsbət qarşılayırıq.

Düzdür, küçələrdə 65 yaşdan yuxarı insanlara rast gəlməsək də, həyat öz axırı ilə dava edir. Çox insan “ehtiyat igidin yaraşığıdır” prinsipini rəhbər tutaraq qoruyucu maskalardan istifadə edir. Amma maskasız gəzənlər də az deyil:

- Yaxşı qərardır. Millət xəstələnməz ən azından. Amma evdə oturmaq da olmur. Körpə uşaqlar var, hamilə qadınlar var. Onlar da nəfəs almalıdırlar. Ona görə də 1-2 saat gəzib evə qayıdırıq. Bəs niyə maska taxmırsınız? Maska tapmaq çətindir. Gəlib aptekdən soruşuruq, amma maska yoxdur.

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Həmidağa Məcidov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın