19:20 26 Mart 2020 124
Ana səhifə Xəbərlər

BŞİH tibb müəssisələrinin ərazilərində dezinfeksiya işləri aparır

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ciddi təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da gücləndirilib.

APA TV-nin xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən paytaxtda insanların sıx toplaşdığı tibb müəssisələrinin ərazilərində dezinfeksiya işləri həyata keçirilir. BŞİH-nin idarə rəisi Mübariz Hüseynovun sözlərinə görə, xəstəxanaların həyətyanı ərazilərində oturacaqlar, səkilər, binanın divarları xüsusi məhlullarla yuyulur: “Dövlət xəstəxanaları tərəfindən edilən müraciətlərə əsasən xəstəxanaların həyətyanı sahələrində, xüsusi təyinatlı nəqliyyat vasitələrində xüsusi təlim keçmiş şəxslərin köməyi ilə dezinfeksiya işləri aparılır. Hazırda biz 1 saylı Klinik Tibbi Mərkəzdə bu işləri həyata keçiririk”.

Mübariz Hüseynov deyir ki, görülən tədbirlər çərçivəsində yollar, prospektlər xüsusi təyinatlı nəqliyyat vasitələri, binaların giriş və çıxışları, həyətlər, həyətlərdə istifadə edilən idman qurğuları, meydançaları, zibil konteynerləri olan meydançalar mütəmadi olaraq dezinfeksiya edilir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.

İlahə Vəliyeva APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın