20:00 19 Fevral 2020 1871
Ana səhifə Xəbərlər

BU DA OLDU: Bakıda “Google Map” üzərindən narkotik satıblar

Paytaxtın Xətai rayonunda “Google Map” proqramı vasitəsilə narkotik satanlar saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxt sakini İbrahim Əliyev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 13 qram heroin, 5 qram isə metamfetamin aşkar olunaraq götürülüb.

İbrahim Əliyev ifadəsində pulu ödəniş terminalı vasitəsilə Biləsuvar rayon sakini İmamverdi Hüseynovun bank kartına yüklədikdən sonra narkotik vasitəni onun mobil telefonuna “Google Map” proqramı vasitəsilə göndərilən ünvandan götürdüyünü bildirib.

Keçirilən əməliyyat nəticəsində İmamverdi Hüseynov da tutularaq istintaqa təqdim edilib. O, ifadəsində narkotik vasitələrin ölkə ərazisində satışını şəxsiyyəti istintaqa məlum olmayan Şirzad adlı İran vətəndaşının təşkil etdiyini, bu yolla əldə edilən pulların isə onun plastik kartlarında toplandığını bildirib.

İmamverdi Hüseynovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı təmiz çəkisi 525 qram heroin, 130,503 qram tiryək, yaşadığı evdən isə narkotik vasitələrin satışında istifadə etdiyi müxtəlif şəxslərə məxsus plastik kartlar, narkotik vasitələrin dövriyyəsinin hesabatının aparıldığı qeydiyyat kitabçaları aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın