22:32 27 Sentyabr 2020 294
Ana səhifə Xəbərlər

Bu gün Milli Məclisin növbədənkənar iclası keçirilib

Bu gün Milli Məclisin növbədənkənar iclası keçirilib.

APA TV xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarova iclası açıq elan etdikdən sonra Dövlət Himni səsləndirilib.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq, Prezident İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalayıb və həmin Fərmanı təsdiq edilmək üçün Milli Məclisə təqdim edib: “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə görə, “Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq, Azərbaycan Respublikası Milli Məclisinin iclası keçirilir”.

Sonra Milli Məclisin Sədri diqqətə çatdırıb ki, ermənistan ordusunun təxribatları barədə beynəlxalq ictimaiyyətə artıq məlumat verilib.

Sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını oxuyub.

Məsələnin müzakirəsi zamanı çıxış edən Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, komitə sədrləri Ziyafət Əsgərov, Səməd Seyidov, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, Zahid Oruc, Aydın Mirzəzadə, Erkin Qədirli, Fazil Mustafa, Səttar Möhbalıyev, Nizami Cəfərov bu günü tarixi bir gün kimi xarakterizə ediblər. Deputatlar Azərbaycan Ordusunun torpaqlarımızı tezliklə işğaldan azad edəcəklərinə və vətəndaşlarımızın tezliklə doğma yurd-yuvalarına qayıdacağına əminliklərini ifadə edərək, Ordumuza uğurlar arzulayıblar.

Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli “Hərbi vəziyyət elan edilməsi haqqında” fərmanın tarixi qərar olduğunu bildirib: “Sizlərin də çıxışları bir daha onu göstərir ki, hərbi vəziyyətin elan olunması haqqında cənab prezidentin bugünkü fərmanı tarixi bir qərardır və Azərbaycan ictimaiyətinin çodan gözlədiyi bir qərardır. Amma nə üçün məhz indiki anda belə bir fərman verildi və parlament bugünkü fərmanı müzakirə edir. Uzun illərdir Azərbaycan xalqı işğal olunmuş torpaqların azad olunması çağırışlarını edir”.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli isə bildirib ki, bu gün müstəqillik tariximizin ən çətin, mürəkkəb, məsuliyyətli və şərəfli bir səhifəsini yaşayırıq: “Üzləşdiyimiz hadisə hər hansısa zaman kəsiyində baş vermiş bir hadisə deyil. İki yüz ildən artıqdır ki, xristian ağuşunda özünə yer tutan, burada özünə möhkəm qala qurmuş ermənilərin o qaladan başımıza güllə və qumbara yağdıraraq həmişə ən yaxşılarımızı sıradan çıxarıb, tariximizdə faciələr yaşayıb. Bax, bu, iki yüz ildən artıq davam edən həmin stratrji kursun davamıdır”.

Sonra “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı səsə qoyularaq təsdiq edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın