18:46 20 Noyabr 2020 197
Ana səhifə Xəbərlər

Bu günə qədər 310 min ton pambıq yığılıb – MƏHSUL YIĞIMI DAVAM EDİR

Bu il Azərbaycanda pambıq istehsalı sahəsində 31 sentner orta məhsuldarlıq qeydə alınıb.

Bu günə qədər artıq 310 min ton məhsul yığılaraq təhvil verilib. Pambıq yığımının davam etdiyini nəzərə alsaq bu rəqəmin artacağı da istisna edilmir.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynovun APA TV-ə verdiyi məlumata görə, bu göstərici ölkənin pambıqçılıq tarixində qeydə alınan ən yüksək rəqəmdir: “Bir çox ərazilərdə yığım hələ də davam edir. İlin sonuna qədər yəqin ki, biz bu rekordu yeniləyəcəyik. Bildiyiniz kimi, hərbi əməliyyatlarla bağlı bəzi rayonlarda təhlükəsizlik səbəbi ilə yığımı həyata keçirmək mümkün deyildi. Bu baxımdan, noyabrın 10-da imzalanan anlaşmadan sonra, təhlükəsizlik problemi qismən aradan qalxan kimi bu rayonlarda da pambıq yığımına start verilib”.

Vüqar Hüseynovun sözlərinə görə, ötən ilin ən yüksək orta göstəriciləri Tərtər və Ağdam rayonlarında qeydə alınıb. Bu il isə Ağdam rayonunda 2120 hektar ərazidə pambıq əkilib və bu göstəricilərin yenilənməsi gözlənilir: “Biz hazırda keçmiş təmas xəttinə sıfır nöqtədə yerləşən Mirəşelli kəndindəyik. Sahəni görürsünüz, bu sahə hörmətli fermerimiz Eldar müəllimin sahəsidir. Burada daim atəş altında bu məhsulu yetişdirib. Bu gün əgər təmas xəttinə sıfır nöqtədə 40-45 sentner məhsul götürülürsə, bu bizim baş ucalığımızdır. Və biz də söz veririk ki, bu yüksək göstəriciləri mövsümün sonuna qədər yeniləyəcəyik”.

Fermer Eldar Qasımov da bu il məhsuldarlığı yüksək olduğunu deyir: “Vətən müharibəsi zamanı buralar atəş altında olduğuna görə, bizim pambıq yığımı tamamilə ləngidi. Mən deyərdim ki, heç bir fəaliyyət də göstərə bilmədik, ancaq kənardan nəzarət etdik sahələrə. İndi Allaha min şükür, müharibənin başa çatmasıyla biz kəndimizdə məhsul yığımına başlamışıq, sahələrimizdə bol məhsul var”.

Qeyd edək ki, ötən il Azərbaycanda sahələrdən 295 min ton pambıq yığılmışdı.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın