20:40 14 İyul 2018 1426
Ana səhifə Xəbərlər

Bu məhəlləyə su həm gəlir, həm də gəlmir - REPORTAJ

Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsi 15/1a küçəsinin bir neçə sakini on gündən artıqdır ki, susuz qalıb.

APA TV-nin məlumatına görə, iyulun 2-dən etibarən bir neçə həyət evində suyun verilişi səbəbsiz dayandırılıb: “Suraxanı rayon Su İdarəsinə də demişik. Heç bir cavab yoxdur. Deyirlər ki, suyun vintilini açmaq lazımdır, onu da açan yoxdur. Biz burada 1982-ci ildən yaşayırıq. Evin "kupça"sı, suyun sayğacı var. İndiyə kimi su ilə bağlı problemimiz olmayıb. Suyu özümüz alırıq. 30-35 manat ödəyirik, onu hovuza vururuq, ordan istifadə edirik”.

Kərəm Məmmədov isə ötən ayın 13-dən su problemi yaşayır: “Keçən ayın 13-dən su gəlmir. Suyu hara buraxırlarsa, buraxırlar, təzyiqi vermirlər”.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlar məsələdən xəbərdardır. Ünvana bir neçə dəfə təmir briqadası da göndərilib, lakin nəticə yoxdur: “Bir aydan çoxdur suyumuz yoxdur. “Qaynar xətt”ə zəng edirik, deyirlər ki, su idarəsinə məlumat verilib. Ustalar gəlirlər, baxıb gedirlər. Deyirlər ki, bizim əlimizdən nə gəlir ki? O biri qonşulara az da olsa, gəlir. Bizə isə heç gəlmir”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Suraxanı rayon Sukanal İdarəsindən bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır. “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsininrəisi Anar Cəbrayıllı da E.Bəkirli küçəsi 15/1a küçəsində yaşanan su problemi barədə məlumatının olduğunu söylədi. Onun sözlərinə görə, müraciət əsasında əraziyə briqada göndərilib, lakin problemin nə ilə əlaqəli olduğunu aydınlaşdırmaq mümkün olmayıb: “Çünki bunlar 80-90-cı illərdə tikilmiş həyət evləridir. Bunlar su xəttini primitiv üsulla çəkiblər. Elektrik enerjisinin kəsintisi ilə əlaqədar fasilə yarandı, xətlər baş boşaldı. Güman edirik ki, növbəti dəfə su veriləndə istismar müddətini başa vurmuş xətlər tıxanıb. O ərazidə olan bina evlərinin, həyət evlərinin hamısında su var. Qəza briqadalarımız orada olublar, xətti aça bilməyiblər. Maraqlıdır ki, sakinlər xətlərin haradan gəldiyini belə bilmirlər. Əgər xəttin haradan gəldiyini bilsək, aça bilərik. Artıq tapşırıq verilib ki, xətlər kəsilsin və yüksək təzyiqli hava vurulsun ki, xətlərin tutulmuş hissələri açılsın”.

Anar Cəbrayıllı əlavə edib ki, ümumiyyətlə, primitiv üsulla çəkilmiş xətlər zaman-zaman əhalinin su təchizatında problemlər yaradır: “İnsanlar fərdi qaydada su xətləri çəkiblər və yaxud biri xəttə motor qoyub, o biri qoymayıb, bu gün də onun əziyyətini çəkirlər. Necə olur ki, məhəllənin bir hissəsində su var, digərində yoxdur? Xətlər standartlara uyğun tikilməyib, xətlərdə tutulma var”.

Təkcə Bakıətrafı ərazilərdə deyil, paytaxtın Nəsimi, Yasamalrayonlarında və 20-ci sahədə də su problemi yaşanır. Bəs “Azərsu” ASC məsələnin birdəfəlik həlli üçün hansı addımlar atır? “Bununla bağlı master planımız var, artıq təsdiqlənib. Nəzərdə tutulub ki, hər bir ərazidə su xətləri çəkilsin. Artıq qəsəbələrin bir hissəsində iş görülüb. Kürdəxanı qəsəbəsini tam bitirmişik. Çünki Koreya hökuməti Azərbaycana 26 milyon dollar qrant ayırıb. Amma digər qəsəbələrdəki işlər çox milyardlı layihələrdir. Bakı şəhərində su təchizat sistemlərinin dəyişdirilməsi, yeni ərazilərdə su şəbəkəsinin qurulması, primitiv çəkilmiş xətlərin mərkəzləşdirilmiş şəbəkə ilə əvəzləməsi milyardlıq layihələrdir”.

Qeyd edək ki, hələ də su problemi yaşanan ərazilərdə məsələnin kökündən həll edilməsi üçün isə külli miqdarda vəsait lazımdır. Ötən il prezidentin sərəncamı ilə "Azərsu"ya 30 milyon manatdan çox vəsait ayrılıb və Bakıətrafı 16 qəsəbədə müvafiq işlər görülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın