18:21 14 Dekabr 2019 291
Ana səhifə Xəbərlər

Cavanşir Feyziyev: “Senatın qərarı Türkiyəyə təzyiq üçündür”

1915-ci il hadisələrini “erməni soyqırımı” kimi qəbul etməsi ABŞ Senatına nüfuz və hörmət gətirmir.

Bunu APA TV-yə müsahibəsinə Avropa İttifaqı (Aİ) Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.

O, bu addımı Senatın ifasında tarixin saxtalaşdırılması kimi dəyərləndirir: “Soyqrımı elə bir bəşəri cinayətdir ki, o yalnız beynəlxalq tribunallar vasitəsi ilə təsbit oluna bilər. Yalnız bu halda iddia olunan hadisənin doğrudan da soyqrımı olduğunu demək və təsdiq etmək mümkündür. ABŞ Senatının qəbul etdiyi qərar sözsüz ki, siyasi motivasiyalara əsaslanır və heç bir dəyəri, eləcə də hüquqi yükü yoxdur”.

“Ermənilər bir əsrdir çalışır, amma 100 il ərzində bir ABŞ Prezidenti də 1915-ci il hadisələrini “soyqırımı” kimi ifadə etməyib”.

Cavanşir Feyziyev buna rəğmən bildirib ki, Konqresdən sonra Senatın da “erməni soyqırımı”nı tanıması münasibətlərdə bir-birindən incik düşən tərəflərin siyasi kaprizindən də irəli gəlir: “Bu Türkiyəyə təzyiq üsuludur. Niyə görə Türkiyəyə təzyiq eləmək istəyirlər? Çünki dünya düzəni dəyişmək üzrədir. Artıq ənənəvi olaraq böyük güclər güclənməkdə olan dövlətlərin özünü, öz maraqlarını müdafiə etməsini istəmir. Türkiyə bu mənzərəyə bariz nümunədir”.

Cavanşir Feyziyev dünya ölkələrinin maraqlarının bir-biri ilə üst-üstə düşməməsini təbii hesab edir. Türkiyəyə gəlincə...

“Lakin Türkiyənin atdığı addımlar dünyanı daimi idarə etmək iddiasında olan dövlətlərin maraqları ilə üst-üstə düşmür. Bu da təbiidir, çünki dünya birliyini 200-ə yaxın dövlət təmsil edir. Onların siyasi və iqtisadi maraqlarının hər zaman uzlaşması mümkün deyil. Əslində isə konsensus əsasında dünya dövlətləri razılığa gələ bilmir”.

Cavanşir Feyziyev bildirir ki, bütün bunlara baxmayaraq Türkiyənin gücü və tutduğu siyasi xətt ona milli maraqları mənafeyindən çıxış etməyə imkan verir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın