02:03 30 Sentyabr 2020 656
Ana səhifə Xəbərlər

Cəbhə zonasına ən yaxın xəstəxana atəşə tutuldu – FÜZULİDƏN REPORTAJ

Füzulidə cəbhə zonasına ən yaxın yerləşən tibb müəssisəsi. Əvvəllər xəstələr üçün yararlı vəziyyətdə olsa da indi vəziyyət dəyişib. Çünki Ermənistan Silahlı Qüvvələrinin növbəti çirkin niyyətləri sayəsində açılan atəş səbəbindən xəstəxana hədəfə alınaraq dağıdılıb.

“Kadrlarda görünən yer Füzuli rayonu Zobucuq ikinci qəsəbə adlanan ərazidəndir. Əlimdə tutduğum mərmi qalıqlarıdır. Ötən gün axşam saatlarında ermənilər buranı yəni, yaşayış yerini və xəstəxananı hədəfə alaraq atəşə məruz qoyub. Artıq bir neçə gündür ki, Ermənistan Silahlı Qüvvələri hərbi mövqelərimizi və yaşayış obyektlərimizi atəş altında saxlayır. Bunlar ermənilərə məxsus mərminin qəlpələridir”.

APA TV xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib. Düşmən tərəfin qəsəbəni mərmi atəşinə tutması nəticəsində tibb müəssisəsinə ziyan dəyib. Məkana düşən mərmi səbəbindən asfalt örtüyü dağılaraq çuxur yaradıb, tibbi obyektin pəncərə və qapıları zərər görüb.

“Burada dayanmaq həm cəsarət, həm də təhlükəsiz şəkildə davranmaq tələb edir. Hazırda ermənilərin növbəti çirkin əməllərinin şahidi olursunuz. Bu da onu deməyə əsas verir ki, düşmənin əsas hədəfi həm hərbi mövqelərimiz və mülki əhalimizdir. Xəstəxana ərazisində düşən mərmi saçılaraq məkanın pəncərələrini bu hala salıb. Hətta içəridə divarlarda mərmilərin izləri də var ki, bu da xəstəxananın dağılmasına səbəb olub”.

İcra nümayəndəsi Əbülfət Alıyevin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin atdığı top mərmisi nəticəsində xəstəxana dağıntılara məruz qalıb:

“Lakin xoşbəxtlikdən xəsarət alan olmayıb. Qəsəbədə 504 məcburi köçkün ailəsi yaşayır. Ancaq hər gün atışma olsa da yaşayış öz axarında davam edir”.

Xəstəxananın içərisi isə çölündən daha ağır vəziyyətdədir:

“Artıq xəstəxananın içərisindəyik. Gördüyünüz kimi mərmi qəlpələri xəstəxananın qapılarını bu hala salıb. Atəşin təsirindən qapı və avadanlıqlar yararsız hala düşüb. Bu isə bir daha ermənilərin çirkin əməllərindən xəbər verir”.

Burada hər gün atəş səslərinin eşidilməsi sakinlərin gündəlik həyat parçasına çevrilib. Onlar deyir ki, bu vəziyyətdən qətiyyən qorxmurlar:

“Xəstəxanadan əlavə bir neçə yaşayış evi və dinc sakinlər də ötən gecə və bu gün səhər saatlarında atəşə tutulub. Onların bu əməlləri cavabsız qalmamalıdır. Biz öz torpaqlarımızı istəyirik. Vətən də, torpaq da bizimdir. Hazırda cəbhədə döyüşlər gedir. Oğlum da ön xəttdə döyüşdədir. Allah bütün əsgərlərimizi, ölkə başçımızı qorusun”.

Görünən budur ki, beynəlxalq hüquq normalarına riayət etməyən düşmən ordusu öz gücünü mülki şəxs və obyektlər üzərində göstərmək niyyətindədir. Onların bu niyyətini isə puça çıxaran bir qüvvə var – AZƏRBAYCAN ORDUSU!

Elvin Paşazadə, Əli Ələkbərov, APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın