16:22 19 Aprel 2021 57
Ana səhifə Xəbərlər

Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları təltif edildi

Hərb Tarixi Muzeyində Ulu Öndər Heydər Əliyevin yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

APA TV-nin xəbərinə görə, əvvəlcə dövlət himnimizin səsləndirildiyi tədbirdə daha sonra Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yubiley mərasimində Müdafiə Nazirliyinin idarə və müəssisələri, hərbi məktəb və hissələr, Hərbi Akademiya, veteran təşkilatları və digər idarə-müəssisələrin nümayəndələri iştirak edib. Liseyin 50 illik yubileyinə dair məruzə dinlənildikdən sonra məktəbin məzunu, birinci və ikinci Qarabağ müharibəsi veteranları Fəxri Fərmanlarla təltif olunub.

Tədbirdə iştirak edən Hərb Tarixi Muzeyinin rəisi Əzizağa Qənizadə bildirib ki, liseyin bu günə qədər 12.000-dən çox məzunu olub və onlar hazırda müxtəlif rütbələrdə xidmət edirlər: “Bu məzunlar zabit rütbələrində xidmət edirlər ordu sıralarında. Həmçinin, bu 44 günlük müharibədə onlar yaxından iştirak etdilər. Müxtəlif orden və medallarla, Milli Qəhrəman adlarına layiq oldular və bizim əsgərlərimizi qələbəyə apardılar”.

Çıxış və təltiflərdən sonra Müdafiə Nazirliyi Həzi Aslanov adına Ordu–İdeoloji və Mədəniyyət Mərkəzinin “Mahnı və rəqs ansamblı”nın ifaçıları hərbi-vətənpərvərlik mövzusunda mahnılar oxuyublar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın