16:09 26 Fevral 2021 83
Ana səhifə Xəbərlər

Ceyhun Bayramov: “Ermənistan 1992 və 2020-ci illərdə eyni terror taktikasından istifadə edib”

“Etnik cinayətin üzərindən uzun illər keçməsinə baxmayaraq bu soyqırımı törədənlər ədalət mühakiməsi qarşısında hələ də cavab verməyib”.

APA TV-nin xəbərinə görə, bunu Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən Xarici İşlər naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, son hərbi əməliyyatlar zamanı Azərbaycan beynəlxalq hüquqa əməl etsə də, Ermənistan tərəfindən eyni terror taktikasının şahidi olduq: “Biz 1992-ci və 2020-ci illər arasında paralellər aparsaq görərik ki, döyüş bölgəsindən xeyli aralıda yerləşən Gəncə, Bərdə, Tərtərdə eyni terror taktikasından istifadə olunub. Məqsəd kütləvi insan qırğınına gətirib çıxarmaq, eyni üsullar, gecə zamanı, dərhal, gözlənilmədən. 1992-ci ildə ermənilər nisbətən adi silahlardan istifadə edirdisə, 2020-ci ildə bu artıq müasir, ağır texnika, raketlər, kaset bombalarından istifadə etdi. Bunun nəticəsidir ki, insan döyüş bölgəsindən xeyli aralıda yaşayan yüzlərlə günahsız insanın həyatına son qoyuldu, yaralandı, şikəst oldular”.

Bunların xüsusi amansızlıqla törədilmiş cinayətlər olmasından əlavə, onu törədənlərin məsuliyyətə cəlb edilməməsi də acınacaqlıdır. Ceyhun Bayramovun sözlərinə görə, ermənilərin məqsədi Azərbaycan əhalisini məhv etmək olub. Bu, Ermənistanda bu gün də eyni terror ideologiyasına sahib insanların hakimiyyətdə olduğunu göstərir: “Uzun illər ərzində əraziləri minalayaraq bu əraziləri cansız bir məkana çevirən Ermənistan hələdə xəritələri gizlədərək, bütün beynəlxalq humanitar qaydaların, normaların əsaslarına zidd olaraq onu Azərbaycana təqdim etməkdən imtina edir. Sadə insanlıq prinsiplərinə zidd olan bu əməllər dünya dövlətləri səssiz qalmamalıdır”.

Daha sonra çıxış edən ADA universitetinin rektoru Hafiz Paşayev davamlı sülh və əmin-amanlığın bərpa edilməsi üçün bu hadisələri törədənlərin ədalət mühakiməsi qarşısında cavab verməsinin vacib olduğunu bildirib.

Çıxış edən Məşhur fotojurnalist Rza Diqqəti isə müharibə dövründə çəkdiyi fotoları təqdim edib və onların tarixi barədə məlumat verib.

Xocalı sakinlərinin çıxışlarından sonra ADA Universitetinin həyətində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirilib. Aksiyada xarı bülbül və badam ağacları əkilib.

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın