20:00 09 Avqust 2020 892
Ana səhifə Xəbərlər

Çimərliklərdə sıxlıq müşahidə olunur - BŞİH TƏDBİRLƏRİ DAVAM ETDİRİR

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib. Yay fəslində vətəndaşların ən çox üz tutduqları məkanlardan olan çimərliklərdə son iki gündür ki, sıxlıq müşahidə olunur.

“Hazırda Buzovna çimərliyindəyik. Burada da həftə sonu olduğuna görə, ötən günlərdən etibarən digər çimərliklərdə olduğu kimi sıxlıq müşahidə olunmaqdadır. Bu isə insanlar arasında koronavirusa yoluxma ehtimalını daha da artıra bilər. Bunun üçün qeyd olunan “cimerlik.az” saytından qeydiyyatdan keçməklə müəyyən say həddində olan çimərliklərə üz tutulması tövsiyyə olunur”.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Coşqun Cəbrayılov bildirib ki, qurum rayon icra hakimiyyətləri ilə birgə paytaxtdakı bütün çimərliklərə yerində baxış keçirib, vəziyyəti təhlil edib:

“Tərəfimizdən bütün çimərliklərdə monitorinqlər aparılıb və lazımi şərait yaradılıb. Burada məlumat lövhələri quraşdırılıb, arakəsmələr müəyyən olunub, eyni zamanda dezinfeksiya dispenserləri qoyulub. Sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlər xüsusi nişanlanlarla ayrılıb. Bütün bunlarla yanaşı vaxtaşırı olaraq səsli anonslar verilir. Təmizliklə bağlı ciddi nəzarət qurulub. Məişət tullantılarının yığılması, daşınması təmin olunur. Qrafikə uyğun olaraq dezinfeksiya işləri aparılır”.

BŞİH-nin şöbə müdiri diqqətə çatdırıb ki, çimərliklərə üz tutanların sayının tənzimlənməsi məqsədilə “cimerlik.az”- portalı fəaliyyət göstərir:

“Bu portalın yaradılma məqsədi ondan ibarətdir ki, sakinlər bunun vasitəsilə hansı çimərlikdə sıxlıq var, harada insan azdırsa, onu müəyyən edərək, həmin çimərliklərə getsinlər. Bu sadəcə məlumat verici bir portaldır. Sakinlərdən, vətəndaşlardan xahiş edirik ki, çimərliklərə getdikdən öncə həmin portala daxil olsunlar”.

Çimərliklərin kvotaya uyğun fəaliyyətini təmin etmək məqsədilə hər bir çimərliyin giriş və çıxışında "ASAN xidmət" könüllüləri fəaliyyət göstərir. Onlar çimərliklərə daxil olanların qeydiyyatını aparırlar. Nəticədə, çimərliklərə istirahətə gələnlərin və boş yerlərin sayı avtomatik olaraq portala yerləşdirilir.

Könüllülər, həmçinin əhalinin məlumatlandırılmasını həyata keçirir, qaydalara əməl olunmasının zəruriliyini onların diqqətinə çatdırırlar. Məkanda təhlükəsizliyə isə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları nəzarət edirlər. Onlar burada istirahətə gələnlərin sayının tənzimlənməsində də yaxından iştirak edirlər. Yəni, ASAN könüllüləri ilə DİN əməkdaşları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.

Əgər boşluq yoxdursa, yer dolubsa, onlar vətəndaşları digər çimərliklərə yönləndirirlər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın