18:40 15 Fevral 2020 358
Ana səhifə Xəbərlər

Çindən Türkiyəyə təxliyə edilən azərbaycanlılar xəstəxanadan buraxıldı

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları Ankarada Zekai Tahir Burak xəstəxanasından buraxılıblar.

APA TV-nin Türkiyə bürosunun xəbərinə görə, 6 Azərbaycan vətəndaşından biri 7 yaşlı qız olmaqla 3-ü eyni ailənin üzvləridir.

Xəstəxanadan buraxılan 6 Azərbaycan vətəndaşı Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri ilə birlikdə Ankarada yerləşən Heydər Əliyev parkına gəliblər. Onlar parkda Heydər Əliyevin heykəli qarşısına gül dəstələri qoyublar, Azərbaycan, Türkiyə və Çin dövlətlərinə öz təşəkkürlərini bildiriblər.

Azərbaycanın Türkiyədəki səfirliyindənverilən xəbərə görə, onlar gün ərzində Azərbaycana yola salınacaqlar.

Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır. Ekipaj, texniki və tibbi heyət üzvləri ilə birlikdə təxliyə edilənlərin sayı 61 nəfərdir. Ekipaj, texniki və tibbi heyət üzvləri bundan əvvəl evə buraxılıblar.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, analizin nəticələrinə əsasən, 42 nəfərdə koronavirus aşkarlanmayıb. Nazir qeyd edib ki, onların 14 günlük karantin müddəti başa çatıb.

Azərbaycanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları ölkəyə qayıtdıqdan sonra yenidən karantinə götürülməyəcəklər.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 1500-ü keçib, 66,4 mindən çox insan bu virusun daşıyıcısıdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın