13:20 22 Aprel 2020 1410
Ana səhifə Xəbərlər

Çörəkpulu qazanmağın yolu fərqlənmə nişanından keçir - REPORTAJ

Ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı. Bu gün həmin məhdudiyyətdən kənarda qalmaq üçün taksi fəaliyyəti ilə məşğul olan sürücülər müvafiq qurumlardan mütləq fərqlənmə nişanı almalıdırlar. Əvvəlcə paytaxtda fəaliyyət göstərən taksi sürücülərini dinlədik.

Taksi sürücüsü Nemət Nəzərov deyir ki, fərqlənmə nişanı lazım idi. “3 gündür onu almışam:

Bir ay idi ki, evdə idim. Fərqlənmə nişanı almaqda problem yaranmışdı, ala bilmirdim. İndi almışam, yavaş-yavaş çıxıb işləyirəm. İndi hərəkətimdə heç bir məhdudiyyət yoxdur. İcazə ilə bağlı portaldan da rəsmi qeydiyyatdan keçirilib”.

Ələsgər Əsgərov da fərqlənmə nişanı alandan sonra insanları rahat mənzil başına çatdırdığını deyir:

Karantin başlayandan dövlət rüsumu keçirilib. Rüsumdan sonra şirkət tərəfindən icazə alınıb. Bundan sonra rahat işləyə bilirik. Postlarda problemimiz də artıq yaranmır”.

Ekspert Azər Allahverənov bildirir ki, fərqlənmə nişanı olmayan sürücülərin fəaliyyəti qeyri-qanuni hesab edilir. Qanunu pozan şəxslərə İnzibati Xətalar Məcəlləsinə görə cərimə tətbiq olunur:

“Əgər bir şəxs öz nəqliyyat vasitəsilə taksi xidməti göstərmək niyyətindədirsə, o, fərqlənmə nişanı ilə təmin olunmalıdır. Bunun üçün aidiyyəti strukturlara müraciət edir, onun da qarşısında müəyyən tələblər var. 2019-cu il martın 4-də Nazirlər Kabinetinin 73 saylı qərarına görə, taksi xidməti göstərən nəqliyyat vasitəsinin daxili, xarici tərtibatı və onunla bağlı texniki göstəricilər müəyyən olunub”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyir ki, fərqlənmə nişanı taksi işləmək istəyən sürücünün fəaliyyətinə verilən icazə və onun vergi öhdəliyini yaradan rəsmi sənəddir. Paytaxtda fəaliyyət göstərən taksi sürücülərinə fərqlənmə nişanını Bakı Nəqliyyat Agentliyi, digər ərazilərdə bu fəaliyyət növü ilə məşğul olanlara isə Dövlət Avtomobil Nəqliyyatı Xidməti verir:

”Bakıda hansı taksi sürücülərinə icazə verilməsi başqa qaydalarla tənzimlənir. Amma respublikanın digər ərazilərində DANX olaraq şərt qoyduq ki, son 6 ayda mütəmadi şəkildə qurumdan fərqlənmə nişanı əldə edən bütün taksi sürücüləri onlara yaxın olan region üzrə öz yaşadıqları ərazidə “Azərpoçt”un mərkəzi poçt şöbələrinə yaxınlaşır”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişləri tərəfindən tələb olunan sənədlər təqdim edildikdən sonra maşına ümumi baxış keçirilir və həmin taksi sürücüsü barədə məlumatlar icaze.e-gov.az portalında yerləşdirilir. Artıq karantin dövründə ölkə üzrə 1356 taksi sürücüsünə fərqlənmə nişanı təqdim edilib. Bakı Nəqliyyat Agentliyi də müvafiq qərara əsasən norma və standartlara uyğun olan nəqliyyat vasitələrinə taksi xidməti göstərməsi üçün fərqlənmə nişanı verir. Agentliyin mətbuat katibi Mais Ağayev deyir ki, karantin rejimi ilə bağlı nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasından sonra fərqlənmə nişanı almaq üçün müraciət edənlərin sayı xeyli artıb:

Əvvəllər 50-100 nəfər müraciət edirdisə, bir gün ərzində 500-1000 nəfərə yaxın insan fərqlənmə nişanı əldə etmək üçün BNA-ya müraciət etdi və burada müəyyən məqamların şübhəli olduğu ortaya çıxdı. Aparılan təhlillər nəticəsində məlum oldu ki, fərqlənmə nişanlarını əldə etmək istəyənlərin əksəriyyəti VÖEN-i, nəqliyyat vasitəsi olan, lakin heç bir zaman həmin maşınla taksi işləməyən şəxslərdir”.

Yaranmış vəziyyətdən sui-istifadə istifadə edən bəzi şəxslərin yaratdığı sıxlığı aradan qaldırmaq üçün Bakı Nəqliyyat Agentliyi bu sənədin şirkətlər vasitəsilə sürücülərə təqdim olunması ilə bağlı qərar qəbul edib. Artıq bu günə qədər Agentlik tərəfindən şirkətlər vasitəsi ilə 3 mindən artıq sürücüyə fərqlənmə nişanı verilib. Sözügedən sənəd üçün tələb olunan dövlət rüsumuna gəlincə, bu 18 manat məbləğindədir. Bundan başqa 62 manat isə Dövlət Sosial Müfafiə Fonduna ödəmək lazımdır. Bütün əməliyyatlar poçt və bank filialları vasitəsilə köçürmə ilə həyata keçirilir.

Elvin Paşazadə,

Üzeyir Ağayev,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın