17:22 04 Oktyabr 2020 200
Ana səhifə Xəbərlər

Dağılan evlər, torpaq altında qalan ana və uşaqları – BEYLƏQANDAN REPORTAJ

Öz silahının qüvvəsini dinc əhaliyə tuşlamaq, yaşayış evlərini dağıtmaqla göstərmək istəyən Ermənistan Silahlı Qüvvələri. Dünən hədəf Beyləqan rayonu oldu. Rayon sakini Rizvan Qurbanov deyir ki, düşmən axşam saatlarında rayonun mərkəzini raket atəşinə tutdu: “Hadisə olanda burada Sınıqçıda idim. Polis maşının yanından keçəndə bura düşdü”.

Düşmən tərəfindən atılan 4 mərmi nəticəsində yaşayış evlərinə, iaşə obyektlərinə və avtomobillərə ziyan dəyib:

Mağaza sahibi Babək Əliyev deyir ki, hər şey bir anda baş verdi: “İçəridə müştəri yola salırdıq. Bir anda səs gəldi. Bilmədik ki, nəyi necə edək. Hamı çölə qaçmaq istəyirdi. O zaman gördük ki, böyük mərmilər yerə tökülür”.

Ermənilərin atdığı mərmi nəticəsində Məhəmməd Vəliyevin də obyektinə ziyan dəyib: “Oturmuşduq içəridə nə var, nə yox hamısı başımıza töküldü. Bizim mağazada yaralanan yoxdur. Lakin Beyləqanda var. Onun da kim olduğunu bilmirik. Allah bütün xalqımıza, ordumuza kömək olsun. Nə deyə bilərik? Bu mağazanın hamısı onların bir tükünə qurbandır”.

Ordu xalqa, xalq isə orduya qurban getməyə hazırdır. Mənzərə ürək dağlasa da, xalqın orduya ümid və inamı qürurvericidir.

Bundan başqa, açılan atəş dövlət obyektlərinin binalarına da ziyan vurub.

Raket atəşinin düşdüyü ərazinin böyük olduğunu nəzərə alaraq dağıntıya məruz qalan evləri, maşınları bir-bir lentə aldıq:

Cəmi bir atəş bəs edir ki, bir neçə yaşayış evinə hətta şəxsi avtomobillərə belə zərər vursun. Bu da bir daha ermənilərin hansı əməllərə sahib olmasının sübutudur. Hazırda kadrda gördüyünüz zərər görmüş avtomobillərdən biridir. Bir atəşin nəticəsində avtomobilin ön şüşələri və arxa şüşələri bərbad vəziyyətə düşüb.

Bura “PMK 42” adlanan küçədə yerləşən yaşayış evlərində biridir. Dağılan evin sahiblərinin arzuları da dağılıb desək yalan olmaz. Çünki hadisə zamanı ev sahibinin həyat yoldaşı və iki qızı torpaq altında qalıb:

Hazırda dayandığım yer ötən gün axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin yararsız vəziyyətə saldığı yaşayış məskənlərindən biridir. Hazırda kadrlarda yaşayış evinin hansı vəziyyətdə olduğu açıq-aşkar görünür. Bu da bir daha onu sübut edir ki, Ermənistan Silahlı Qüvvələri əsas hədəf kimi yaşayış evlərini və dinc sakinləri götürür.

Rayon sakini Rauf Məmmədov deyir ki, həyətdə oturduqları vaxt mərmi düşüb: “Biz həyətdə durmuşduq. O biri tərəfdə idik. Bizim evdə heç kim yox idi. Uşaqlar da qonaq getmişdi. Amma bunlarda uşaqlar burada idi. Səsi eşitdik, gördük ki, burada vəziyyət ayrı cürdür. İkimiz gəlib çatdıq. Uşaqlar hamısı torpağın altında heç görünmürdü. Onun qızı əlindən, ayağından tutanda bildik ki, uşaq var bu torpağın altında. Ondan sonra qazıb buradan uşaqları çıxartmışıq. Uşaqların vəziyyəti o qədər də yaxşı deyil. Anası da orada oturub”.

Zərərçəkən Yeganə Zalova uşaqların ayağlar işləmir: “Uşaqlarımın qılçaları işləmir. Torpağın altında qalmışdıq. Daha heçnəyi xatırlaya bilmirəm. Elə ani anda göydən işıq yandı, səs eşitdik. Bir də o zaman gördük ki, torpağın altındayıq, nəfəsimiz çatmır”.

Ailə başçısı Mais Məmmədov deyir ki, uşaqları dağıntıların altından çıxarıblar: “Samalyot idi nə idisə belə guppultu ilə düşdü. Səsə qaçıb gəldik ki, torpağın altında zəif səs gəlir. Dırnağımız, əlimizlə eşib oradan çıxartdıq”.

O ki qaldı uşaqların vəziyyətinə, belindən zədə alıblar. Hazırda xəstəxanada müalicə alırlar.

Rövşən Cəfərovun evinə düşən mərmi isə balaca görünsə də, vurduğu zərər böyükdür:

“Bir dənəsi bir neçə evi və yataqxananı dağıdıb. Yataqxanada da yaşayanların əksəriyyəti məcburi köçkün və əlillərdir”.

Həmçinin rayonun Mikayıl Müşfiq küçəsi də raket atəşinə məruz qalıb. Nəticədə bir çox evlər dağılıb, iki nəfər isə dünyasını dəyişib:

Növbəti yararsız vəziyyətə düşən evlərdən biri də Mikayıl Müşfiq küçəsində yerləşən yaşayış sahəsidir ki, hadisə nəticəsində 2 bacı dünyasını dəyişib.

Həlak olan bacıların qohumu Kənan Quliyevin sözlərinə görə, cəzədlər dağıntıların altından çıxarılıb: “Təzə evdən girmiş, raket idi nə idi bilmirəm köhnə evə kimi. Göz qarşısındadır. Evləri tam yararsız vəziyyətə gətirib çıxarıb, mətbəxə kimi. Quyu kimi yerdən tapılıb, cəsədlər oradan çıxarılıb”.

Raket atəşi qonşuluqdakı evdən və maşından da yan ötməyib. Nəticədə ev sahibi Dəyanət İsgəndərov ayağından zədə alıb, ailə üzvləri isə yüngül xəsarətlər alıb: “Səs eşitdim. Vıjıltı səsi. Hiss elədim ki, harasa düşdü. Uşaqları götürüb evdən çıxan zaman biri gəldi düşdü bura. Biz qapının ağzından fırlanıb gəldik maşının altına düşdük. Bir zaman ayıldıq ki ev-eşik, hər yer dağılıb”.

Hadisə şahidi Solmaz Quliyeva isə olanları belə xatırlayır: “Evdə olmuşam. Bir də gördüm ki, şaqqıltı qopdu. Qaçıb uşaqları gizlətdik. (stık) Təki torpağımız azad olunsun. Hamımız qırılaq, bizim torpağımız ermənin əsarəti altında qalmasın”.

Kadrlardan görünən odur ki, düşmən ordusu mübarizəsini ordumuz ilə deyil, mülki şəxslərlə aparmaq niyyətindədir. Bunun isə bir səbəbi var. Azərbaycan ordusunun gücü qarşısında aciz qalan düşmən yaşayış evlərini hədəf alır.

Elvin Paşazadə,

Ziya İsmayılov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın