17:37 25 Yanvar 2021 348
Ana səhifə Xəbərlər

Daşaltı dastanı: 29 ildən sonra gələn Qələbə - “Zəfərin izi ilə”

Azərbaycanın bir gecədə 94 hərbçisini itirdiyi Daşaltı əməliyyatından 29 il ötür.

APA TV-nin xəbərinə görə, Daşaltı əməliyyatına 1992-ci il yanvarın 25-i axşam saatlarında başlanıb. Əməliyyatda Azərbaycan Ordusunun könüllərdən ibarət 3 bölüyü və Şuşa müdafiə taborunun döyüşçüləri iştirak edib.

Şuşa rayon Daşaltı kəndinin azad edilməsi üçün planlaşdırılan əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev şəxsən rəhbərlik edib. Lakin taktiki səhvlər, könüllülərdən ibarət bölüklər arasında yaranan rabitəsizlik, əməliyyat planının sirrinin açıqlanması və yayılması, eyni zamanda bələdçilərin xəyanəti nəticəsində Azərbaycan Ordusunun ən uğursuz hərbi əməliyyat kimi tarixə düşüb Daşaltı əməliyyatı.

Həmin gecə Daşaltı kəndinə girən azərbaycanlılardan ibarət taqımlar pusquya düşərək böyük itki verib. 94 nəfərin həlak olduğu əməliyyat zamanı onlarla yaralı və itkin düşən də olub. Ermənistan tərəf bu rəqəmlərin daha çox olduğunu açıqlayıb. Lakin döyüşdə iştirak edən könüllülər ermənilərin də itki verdiyini deyir.

Daşaltı Azərbaycan Ordusunun uğursuz əməliyyatı olmaqla yanaşı, həm də mərdlik və cəsarət nümunəsi kimi də qiymətləndirilə bilər. Bir an belə tərəddüd etmədən, gözünü qırpmadan düşmən üzərinə gedən Azərbaycan əsgəri torpaq uğrunda canından keçməyə hazır olduğunu həmin əməliyyatdan 29 il sonra - Daşaltının qisasını almaqla bir daha təsdiqlədi.

1992-ci ilin Daşaltı əməliyyatının iştirakçısı olan Niyazi Quliyev elə bu kənddə APA TV-yə müsahibəsində bildirib ki, Şuşa şəhərinə 1991-ci ilin sentyabr ayından sonra gəlib. Kərkicahan, Malıbəyli, Quşçular kəndlərində gedən döyüşlərdə iştirak edib. Keçmiş döyüşçü Niyazi Quliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər çalan müzəffər Azərbaycan Ordusunun Şuşa şəhərini, Daşaltını işğaldan azad etməklə həm də Birinci Qarabağ müharibəsində şəhid olanların narahat ruhlarını sevindirdiyini deyir: “Şuşa elə bir yerdə, elə bir mövqedə yerləşir ki, bu qələbəni sözlə ifadə etmək qeyri-mümkündür. 29 ildən sonra mən burdayam - Şuşadayam. Mən bu hisləri bizə yaşadan Ali Baş Komandana təşəkkür edirəm. Mən 29 il əvvəl Daşaltı əməliyyatında iştirak etmişəm, orda bizim böyük itkilərimiz olmuşdu. Bu gün Şuşanın, Daşaltının işğaldan azad edilməsi onların da ruhunun rahatlıq tapması deməkdir”.

Hərbi ekspert Ruslan İmamquliyev Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın hərbi əməliyyatlarının bir çoxunda xəyanətlərin olduğunu bildirib. Ekspert hesab edir ki, digər döyüşlərdə olduğu kimi, Daşaltı əməliyyatında iştirak edən döyüşçülərin heç biri məğlub olmaq istəməzdi: “Onlar bu əməliyyatlara, bu döyüşlərə qələbə üçün gedirdilər. Təəssüf ki, səriştəsizlik, vahid komandanlığın olmaması, eləcə də bəzi hallarda xəyanətlərə yol verilməsi uğursuzluqla, itkilərlə nəticələnirdi. Bu gün isə azərbaycanlı gənclər, döyüşçülər sübut etdi ki, qələbə qazanmağa qadirdir. Bu illər ərzində Azərbaycanın iqtisadi, siyasi, diplomatik, hərbi-sənaye və ordu quruculuğu istiqamətində əldə etdiyi müvəffəqiyyət, eyni zamanda Ali Baş komandanın ətrafında xalq-ordu həmrəyliyinin yaradılması nəticəsində biz bu gün Daşaltı kəndinə və Şuşa şəhərinə gələ bilmişik. Əsas milli ruhun, torpaq sevgisinin ölməməsi, əksinə, bu illər ərzində daha da güclənməsi idi. Yəqin Siz də mənimlə razılaşarsınız ki, bu illər ərzində Qarabağ mövzusu, torpaqlarımızın işğaldan azad ediləcəyinə inam hissi bir an belə arxa plana keçmədi. Beynəlxalq tədbirlərdə, yüksək tribunalardan haqq işimiz dünyaya çatdırıldı, Azərbaycanın Qarabağdan, əzəli və əbədi torpaqlarından heç vaxt vaz keçməyəcəyi ən sərt və qəti şəkildə bəyan edildi. Bunun məntiqi nəticəsi olaraq, ötən il sentyabrın 27-də Azərbaycanın Ordusunun əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edildi, Azərbaycan Qarabağına, Şuşasına, Daşaltısına qovuşdu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, can sağlığı versin. Çünki biz onların, ordumuzun sayəsində bu gün artıq Şuşada, Daşaltıda alnıaçıq gəzib, bu qələbə ilə öyünə bilirik. Şuşada bayrağımızı dalğalandırmaqla alnımızdakı qara ləkə silindi”.

Ehtiyatda olan mayor Əmrah Cabbarov bildirib ki, 1992-ci ildə keçirilmiş Daşaltı əməliyyatında o da iştirak edib. Keçmiş döyüşçü Daşaltı əməliyyatının lazımsız plan olduğunu deyir. Onun sözlərinə görə, Daşaltı kəndini Şuşa şəhəri istiqamətindən fərqli şəkildə, fərqli taktika ilə də azad etmək olardı: “Hakimiyyətdə olan çəkişmələr həmin məğlubiyyətin birbaşa səbəbi idi. Azərbaycan Ordusunun ilk taborlarından birinin ilk əsgərlərindən olmuşam. Həmin vaxt silahımız çox az idi, hərbi kadrlar çatışmırdı. Bu vəziyyət təbii ki, məğlubiyyətə gətirib çıxardı. Həmin vaxt orduya sovet ordusunda xidmət keçənlər cəlb olunurdu. Onların çoxu isə xidmət apardığı sovet ordusunun tikinti taborlarında, təsərrüfat bölüklərində xidmət görmüşdü. Bu, bilərəkdən belə edilirdi, Azərbaycandan xidmətə gedənlərin əksəriyyətinə hərb sənətinin sirləri öyrədilmirdi. Azərbaycanlı əsgərlər döyüşən hərbi hissələrə aparılmırdı. Azərbaycan Ordusunun ilk hissələri əsasən belə xidmət keçmiş əsgərlərdən təşkil olunurdu. Bu azmış kimi, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə, başıpozuqluq və hərbi rəhbərlik uğrunda gedən mübarizə itkilərə, məğlubiyyətlərə səbəb oldu. Belə coğrafi şəraitdə olan kəndə daxil olmaq üçün silahlı hücum təşkil etməyə ehtiyac yox idi. Şuşa istiqamətində yüksəkliklərdən kəndi atəş altında saxlamaqla, müxtəlif variantdan istifadə etməklə buranı boşaltmaq olardı”.

Ə.Cabbarov Azərbaycan Ordusunun bu gün böyük uğura imza atdığını vurğulayıb: “Azərbaycan Ordusu 44 günlük müharibədə unikal əməliyyatlara imza atdı. Bunların başında da təbii ki, Şuşa əməliyyatı dayanır. Azərbaycan hərb tarixinin qara ləkəsi olan Daşaltı əməliyyatının qisası da məhz bu unikal əməliyyat zamanı alındı, kənd işğaldan azad edildi. Təsadüfi deyil ki, bu gün dünya dövlətlərinin hərbi qərargahları, müdafiə qurumları Azərbaycanın Ordusunun Şuşa əməliyyatında tətbiq etdiyi döyüş taktikasını öyrənir. Dünya hərb tarixinə qızıl hərflərlə yazılmış Şuşa əməliyyatı Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və ordumuzun misilsiz şücaəti sayəsində baş tutdu. Ali Baş Komandanın, Azərbaycan Ordusunun sayəsində məğlub olduğumuz kəndə 29 il sonra qalib kimi gəlmişəm. Bu sevinci, bu qüruru bizə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm”.

1992-ci ilin Daşaltı əməliyyatından 29 il keçir. Bu əməliyyat sanki Azərbaycanın Ordusunun uğursuzluqlarının, torpaqlarımızın işğalının başlanğıcı idi. Azərbaycan Ordusu, Azərbaycan dövləti həmin əməliyyatdan sonra çox sarsılmışdı. Məhz həmin əməliyyatdan sonra Qarabağın müxtəlif istiqamətlərində ermənilərin hücumları daha da intensivləşməyə başladı. Ermənilər 1992-ci ilin fevralın 11-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal edərək yandırdı, fevralın 17-də Xocavənd rayonunun Qaradağlı və ətraf kəndlərində qətliamlar törədildi. Fevralın 25-dən 26 keçən gecə isə Xocalı soyqırımı yaşandı. May ayının 8-də Şuşa şəhəri, mayın 17-də isə Laçın rayonu tamamilə ermənilərin nəzarətinə keçdi. Bu hücumlar 1994-cü il may ayının 14-dək davam etdi. Nəticədə Dağlıq Qarabağ və ətraf 7 rayon erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Bu işğal düz 27-28 il davam etdi. Və...

Və 2020-ci il 27 sentyabrda başlayan 44 günlük müharibə ilə bu işğala son qoyuldu. Şuşa, eləcə də bu uğursuzluqların başlanğıcı olan Daşaltı azadlığa qovuşdu.

Zəfər döyüşündə iştirak edib Daşaltı faciəsinin qisasını alanlardan biri də Murad Əzizovdur. Murad Əzizov torpaqların şəhidlərin qanı hesabına azad edildiyini deyib: "Dostlarımdan da itirdiklərim oldu. Biz onlara borcluyuq. Mən fəxr edirəm ki, bu gün Şuşa şəhərində xidmət edirəm və Daşaltı əməliyyatının iştirakçısı olmuşam. Ən əsası da fəxr edirəm ki, şəhid yoldaşlarımızın, şəhid qardaşlarımızın qanı yerdə qalmadı. Mən fəxr edirəm ki, azərbaycanlıyam”.

Daşaltı əməliyyatının digər qəhrəmanı Hümbət Şamıyev isə deyir ki, yüksəklikdə yerləşən erməni mövqelərini Azərbaycan əsgəri sıldırım qayalara qalxaraq azad etməyi bacarıb: “Çox gözəl hislərdir. Onu deyim ki, kəndə girəndə həqiqətən də çətinlik çəkdik, çünki düşmən yüksəklikdə idi. Biz alçaqda idik, yüksəyə qalxırdıq. Amma yenə də şükür Allaha ki, buranı da azad etdik. Biz hücum edəndə ermənilərin xəbəri yox idi. Səhər saat 5 radələri idi. Körpünü artıq keçmişdik, kəndin girəcəyində idik. Gözləmirdilər. Hətta patrulları yatmışdı. Gəldiyimizdən xəbər tutanda bizə atəş açmağa başladılar. Qışqıra-qışqıra bir-birini çağırdılar. Biz də mövqe tutduq və atışmağa başladıq. Yuxarı istiqamətdən və aşağıdakı evlərin arasından bizə atır, onlara dəstək verirdilər. Dağın təpəsində idilər. Biz isə aşağıdan hücuma keçmişdik. Çox hündürdə idilər, amma yenə də qarşımızda dura bilmədilər, qaçdılar”.

Daşaltı döyüşlərinin iştirakçısı İlqar Rzayev kəndi azad edəndən sonra üzü yuxarı istiqamətdə irəliləyiblər: “Daşaltını götürəndən sonra yuxarı qalxmaq üçün irəlilədik. Çətin idi. Çətinliyə baxmayaraq, irəli gedirdik. Düşmən üzüaşağı atırdı. Buna baxmayaraq, yenə də düşmənin üzərinə gedirdik. Düşmən silahlarını, sursatlarını, zirekli texnikalarını atıb qaçırdı”.

Azərbaycan Ordusu 44 günlük müharibə ilə xalqımızı qalıb elan elədi. Bütün dünya 30 ildən sonra bu xalqı, bu ordunu daha yaxından tanıdı. Dost da, düşmən də bildi ki, Azərbaycan xalqı, Azərbaycan ordusu nəyə qadirdir.

“Daşaltı əməliyyatı” 29 il əvvəl Azərbaycan xalqının taleyinə qara hərflərlə yazılmışdı. Bu gün isə Daşaltı, Şuşa dastanı tariximizə, ömrümüzə qızıl hərflərlə yazılır. Ali Baş Komandanımızın, Ordumuzun, Şəhidlərimizin, Qazilərimizin sayəsində...

Habil Aslanoğlu,

Ziya Quliyev,

APA TV, Daşaltı

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın