11:08 21 Noyabr 2020 393
Ana səhifə Xəbərlər

Daşaltıda döyüşən əsgər: “Düşmən çox qorxaq idi, dostlarını qoyub qaçırdılar”

Nazim Əhmədov qələbəmiz uğrunda canı bahasına mübarizə aparan, Qarabağın gözü Şuşa ətrafında gedən döyüşlərdə yaralanan igidlərimizdəndir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, 10 il əvvəl anasını itirən 24 yaşlı Nazimi nənəsi və babası sentyabrın 21-də böyük ruh yüksəkliyi ilə orduya yola salıb: “Nəvəmlə də fəxr edirəm, Azərbaycanımızla da fəxr edirəm, Azərbaycanın böyüyü ilə də fəxr edirəm. Haqq-hesabı bu yerə yetirib, hamını həvəsləndirib. Allah hamınızın köməyi olsun, Allaha min şükür ki, torpaqlarımız alındı, sakitlik oldu, müharibə olan yerdə, torpaqlar alınan yerdə şəhid də olar, yaralı da olar...”

Nazim Füzuli, Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə, eləcə də Şuşa ətrafında yerləşən Daşaltıda vuruşub. Vətən Müharibəsinin 40-cı günü isə snayper tüfəngindən atılan güllədən yaralanıb: “Biz döyüşə girəndə Daşaltı istiqamətində saat olardı 5-6. Hər istiqamətdə girmişdik kəndə. Onlarla aramız 30-40 metr olardı. Biz onlarla yarım, bir saata qədər döyüşdük. Sonra yaralıları çıxartdıq. Səhəri gün girdik kəndə. Onlar qorxudan kəndi qoyub qaçmışdılar, amma müəyyən yerlərdə var idilər. Biz orda pusquya düşdük. Mən snayper yarası aldım. Şuşa uğrunda onu deyə bilərəm ki, həqiqətən də çox ağır döyüşlər oldu. Amma ağır döyüş olmağına dəydi. Əsgərlərimiz canla-başla vuruşdu, biz də onların içində”.

Ordumuzun Şuşa uğrunda gedən ağır döyüşlərdə düşmənə qan uddurduğunu deyən qəhrəmanımız erməni əsgərlərinin qorxaqlığının, döyüş meydanından qaçmağının şahidi olub: “Düşmən çox qorxaq millət idi, döyüş meydanından qaçırdılar. Bizim şəhidimiz, yaralımız olanda biz onları heç vaxt döyüş bölgəsində qoymurduq, çıxarırdıq. Onlar isə silahlarını, dostlarını qoyub qaçırdılar. Mən özüm 4 yaralı çıxarmışam. Hər səngəri, postu keçdikcə, düşmən silahlarını qoyub qaçırdı. Düşmənin 30 il ərzində betonladığı sədləri keçirdik”.

Azərbaycanımızın fəxri olan Nazim Əhmədov ən böyük dəstəyi xalqdan aldıqlarını, onların gücünü və dəstəyini daim hiss etdiklərini deyir. Xalqın da sizin kimi mərd oğulları var olduqca, basılmaz bu Vətən!

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın