20:17 11 Avqust 2020 828
Ana səhifə Xəbərlər

Daxili İşlər naziri Vilayət Eyvazov serbiyalı həmkarı ilə görüşdü

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviçlə görüşüb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, nazir Azərbaycanla Serbiyanın strateji tərəfdaş olduğunu, ölkələrimiz arasındakı münasibətlərin belə səviyyəyə çatmasında iki ölkə rəhbərliyinin qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanan sənədlərin mühüm rolunu qeyd edib.

Vilayət Eyvazov ölkələrimizin polis hazırlayan təhsil müəssisələri arasında olan “Anlaşma memorandumu”nun iki ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin qurulmasında mühüm əhəmiyyətini diqqətə çatdırıb.

Mövcud problemlərə toxunan Daxili İşlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Neboyşa Stefanoviç ölkələrimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə genişlənərək daha da dərinləşdiyini, oxşar münaqişələrdən əziyyət çəkən hər iki dövlətin bir sıra problemlərə dair beynəlxalq müstəvidə eyni mövqedən çıxış etdiyini, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın