13:23 04 Sentyabr 2020 549
Ana səhifə Xəbərlər

Dayanmadan axan bulaq suyu, göz oxşayan təbiəti – SIM KƏNDİNDƏN REPORTAJ

Astaranın Sım kəndindəki bu bulaqlardan qışda da, yayda da həmişə su gəlib. Heç kəsildiyi olmayıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, belə büllur kimi təmiz bulaq suyu qədim tarixi ilə məşhur olan Sım kəndində hər evdən gəlir. Çünki, Astaradakı bu ucqar yaşayış məskənin ətrafında 70-dən çox bulaq var. Kənd sakini, Sumrac Salayeva deyir ki, 700 nəfərdən artıq kənd sakini bu nemətdən həm məişətdə, həm də təsərrüfatda gen-bol istifadə edir: “Nə əkiriksə, bu su ilə suvarırıq, paltar yuyuruq, bizim içməli suyumuzdur. Asbaşon bulağı var bizdən yuxarıda, bu məhəllədə bəlkə də 60 ev ancaq o bulaqdan istifadə edirik. Hamı oradan öz həyətinə su çəkib, turba ilə gətirən də var, şlanqla da”.

Vaxtilə bu bulaqların suyundan dəyirmanın hərəkətə gətirilməsi üçün də istifadə olunub. Belə ki, insanlar əkdikləri buğdanı bu dəyirmanlarda üyüdərək qış üçün azuqə toplayıblar. Bulaqların suyu o qədər təmizdir ki, çaydanda ərp yaratmır. Kənd sakini Nəbi Xalıqovun sözlərinə görə, şəfalı sayılan bulaqlardan əlavə, Sım kəndi hündür və bol sulu şəlalələri ilə də zəngindir: “Sımın özündə və ətrafında 3-4 şəlalə var. Hazırda o şəlalələrdən biri olan Ambuhoni şəlaləsinin yanında dayanmışıq. Təxminən şəlalədən 10 km yuxarıda artıq sərhəddir və oradan süzülən suların bir hissəsi yığılıb gəlir şəlaləyə çıxır. Digər dərələr də var, axırda birləşir kəndin ortasında, hərəkət edir gəlir Pensər çayına, oradan da Şahağacından Xəzər dənizinə tökülür”.

Təngərüd çayının sahilində yerləşən kənd bir neçə məhəllədən ibarətdir və burada təxminən 150 ev var. Bulaqların suyundan ətraf kəndlər də yararlanır. Dayanmadan axan bu bulaqlardan səmərəli istifadə etmək üçün ərazidə lazımı infrastrukturun qurulmasına ehtiyac var.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın