14:01 17 Yanvar 2021 233
Ana səhifə Xəbərlər

Dəm qazından zəhərlənmə mövsümü: necə qorunaq? – MÜTƏXƏSSİS RƏYİ

Qışın gəlməsi ilə dəm qazından zəhərlənmə və ölüm halları yenidən artıb. Səssiz-sədasız gələn bu təhlükə karbohidrogen tərkibli maddələrin natamam yanması nəticəsində yaranır. Vaxtında müdaxilə olunmasa, bu zəhərli qaz 7 dəqiqədən 30 dəqiqəyə qədər olan müddətdə insanın həyatına son qoyur.

Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımov deyir ki, dəm qazı zəhərlənməsinin qarşısını almaq üçün tüstü bacaları təmizlənməli, detektorlar quraşdırılmalıdır. Detektorlar dəm qazı sızması zamanı siqnalizasiya üsulu ilə xəbər verir və bizi səssiz gələn ölüm təhlükəsindən xilas edir: “Qazdan təhlükəsiz istifadə etmək qaydalarına istehlakçılar bilavasitə məsuliyyət daşıyırlar. Amma çox təəssüf olsun ki, məsuliyyətsizlik baş alıb gedir, qazdan istifadə qanunlarına məhəl qoyulmur. Tüstü bacaları, ventilyasiya kanalı hər binada bir dəfə təmizlənilməlidir. Detektorlar satılır. Dəm qazı sızması zamanı bu qurğular səs salaraq xəbərdarlıq edir. Vətəndaşların əksəriyyəti nə könüllü, nə də icbari şəkildə bunları quraşdırmırlar”.

Bəs vətəndaşlar qazdan istifadə qaydalarına necə əməl edir?

-Evdən çıxan zaman qazı bağlayıram. Çox zaman insanlar buna biganə yanaşırlar, qazı açıq qoyurlar. Buna görə də ölüm, zəhərlənmə halları baş verir.

-Hamama girməmişdən qabaq baxmaq, yoxlamaq lazımdır hər şeyi. Əsasən hamamda hava daxil olması üçün dəliklər olmalıdır. Olmayanda təbii ki, qısa qapanma olacaq.

-Kolonkadır da, gərək onu vaxtında açıb təmizləyəsən. Hamıda kombi quraşdırılmayıb ki.

Vətəndaşlar qazdan istifadə haqqında nəzəriyyəni yaxşı bilsələr də, zəhərlənmə hallarındakı artım insanların bu qaydalara əməl etmədiklərinin göstəricisidir.

Baş toksikoloq Azər Maqsudovun sözlərinə görə, dekabr-yanvar aylarında içərisində azyaşlılar da daxil olmaqla 59 nəfər dəm qazından zəhərlənib. Toksikoloq dəm qazı zəhərlənməsinin simptomlarını da sadalayıb: “Dəm qazından zəhərlənən insanda birinci əlamət ondan ibarətdir ki, hava çatışmazlığı, ürək döyüntüsü, ürək bulanması, baş gicəllənməsi və nadir hallarda qarın nahiyəsində ağrı olur. Sadaladığım şikayətlər varsa, xəstə tez bir zamanda huşunu itirə bilər”.

Toksikoloq onu da qeyd edib ki, dəm qazından zəhərlənən insan təcili yardım gələnə qədər təmiz havaya çıxarılmalı və üzərinə isti geyim geyindirilməlidir ki, bədənin hərarəti enməsin. Ölüm saçan bu təhlükənin daha çox can almaması üçün qazdan istifadə qaydalarına məsuliyyətlə riayət etməliyik.

FATMA ZAHİDQIZI

ƏLİ ƏLƏKBƏR

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın