09:20 02 İyun 2018 2062
Ana səhifə Xəbərlər

Dənizkənarı Milli Parkda "Avropa Şəhərciyi" açıldı - BULVARDAN REPORTAJ

Bu gün Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi, həmçinin Avropa İttifaqının (Aİ) Bakıda açılışının 10 illiyi münasibətilə bayram tədbirləri çərçivəsində Avropa mədəniyyəti bayramı - "Avropa Şəhərciyi" festivalı keçirilib.

APA TV-nin məlumatına görə, əvvəlcə Azərbaycan Respublikasının himni səsləndirilib. Daha sonra Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas hamını Azərbaycan dilində salamlayıb.

Tədbir Avropa İttifaqına üzv olan 20 ölkənin Bakıdakı səfirliklərinin birgə əməkdaşlığı ilə təşkil olunub. Tədbirə təşkilati dəstəyi "Caspian Event Organisers" ("CEO") şirkəti göstərir: "Çərşənbə günü bildiyiniz kimi, Cənub qaz dəhlizinin açılışı oldu. Beləliklə, "Şahdəniz" yatağından ilk qaz Avropaya göndərildi. Bu, Avropa üçün çox vacibdir, alternativ yanacaq mənbəyidir. Aİ qaz təhzizatları çeşidini artırmaq istəyir. Bu, Azərbaycanı və Cənubi Qafqazı Avropa ilə birləşdirəcək. Bilirsiniz ki, TANAP-ın da açılış mərasimi olacaq. Artıq layihənin Yunanıstan və İtaliyada olan hissələri tamamlanır. Bu, həm ticarət, enerji sahəsində yeni imkanlar yaradacaq. Aİ ilə bu region arasında əməkdaşlığı artıracaq".

Festival çərçivəsində jurnalistlərə açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan həmişə multikultural ənənələrə sahib ölkə olub: "Artıq neçənci ildir bu təşəbbüs əsasında bulvarda belə bir məkan yaradılıb. Bu çox gözəl ənənədir. Çünki Aİ-nin tərkibinə daxil olan ölkələr burda pavilyonlarda öz mədəniyyət ənənələrini, əl işlərini, təhsil potensiallarını təmsil edirlər. Təbii ki, bu da Bakı sakinləri, qonaqlar üçün çox maraqlıdır. Ümumiyyətlə, Azərbaycan həmişə multikultural ənənələrə sahib olan bir ölkə olub. Bu gün cənab preizdnetin apardığı siyasət dünya miqyasında nümunəyə çevrilib. Azərbaycanda keçirilən tədbirlər BMT tərəfindən multikultural siyasətin əsas məkanlarından biri kimi qəbul olunmaqdadır. Sevinirəm ki, digər ölkələr də bu təşəbbüslərə qoşularaq öz təcrübəsini bizimlə bölüşür".

Festival çərçivəsində Aİ-ə üzv olan 20 ölkənin mədəniyyətlərini əks etdirən stendlər sakinlər tərəfindən böyük maraqla qarşılanıb: "Çox xoşuma gəlir. 3-cü ildir ki, festivala gəlirəm, çox gözəl təəssürat var".

"Artıq 3-cü dəfədir ki, bura gəlirəm. Çox sevindiricidir ki, hər bir Avropa ölkəsinə qiyabi də olsa səyahət edirik. Xüsusilə mənə maraqlı gələn Yunanıstan stendidir ki, burada həm qədim, həm də müasir Yunanıstanla bağlı bir çox şeylər öyrənmək olar".

"İtaliyanın "Avropa Şəhərciyi"ndə iştirak etdiyinə görə çox xoşbəxtik. Ölkələrimiz arasında dostluq münasibətlərini təqdim etmək bizim üçün xoş bir haldır. Bu tədbirin özəlliyi ondadır ki, burada insanlar Avropa mədəniyyəti və ənənələri ilə yaxından tanış ola bilir. Burada hər ölkə öz adətlərini və milli dəyərlərini nümayiş etdirir".

"Mən Bakıdakı "Avropa Şəhərciyi"ndə iştirakım üçün fəxr edirəm. 7 ay əvvəl gəlmişəm. Yunanıstanda da belə tədbirlər təşkil olunur. Ancaq qeyd etməliyəm ki, buradakı təşkilatçılıq daha yüksək səviyyədədir".

Qeyd edək ki, "Avropa Şəhərciyi" qonaqlar üçün bu gün gecə saatlarına qədər davam edəcək. Miri Yusif və məşhur italyan müğənni İnqridin iştirak edəcəyi festival konsert proqramı ilə başa çatacaq.

Müəllif | Apa.Tv

Leyla Behbudlu

Kodu kopyalayın