13:02 21 Fevral 2021 190
Ana səhifə Xəbərlər

Deputatlar: “Ehtiyatlı olun, Novruzda koronavirus daha sürətlə yayıla bilər” - SOS

Son zamanlar koronavirus infeksiyasına yoluxma hallarının sayının xeyli azalması karantin tədbirlərinin yumşaldılmasına imkan yaradıb. Əgər 3 ay əvvəl koronavirusdan ölüm halları gün ərzində 40 nəfərə çatırdısa. hazırda bu rəqəm 2-4 arası dəyişir.

APA TV-nin xəbərinə görə, bu müsbət tendensiyanın nə qədər davam edəcəyi hələ məlum olmasa da, havaların istiləşməsi ilə insanların parklara, restoranlara və ya ticarət obyektlərinə daha çox üz tutacağı şübhə doğurmur. Bu isə infeksiyanın daha sürətlə yayılmasına gətirib çıxara bilər.

Bəs bundan yayınmaq üçün nə etmək lazımdır?

Milli Məclisin deputatı Cavid Osmanov hesab edir ki, qarşıdan gələn Novruz bayramı günlərində əhali daha diqqətli olmalıdır. Çünki Novruz bayramının özünə xas adətlərindən biri də yaşlıları ziyarət etmək, qohum-əqrəbalarla bayramlaşmaqdır. Bu isə virusun yayılması üçün ən münbit şərait deməkdir. Deputat həmin dönəmdə virusun yayılmaması üçün çıxış yollarından da söz açıb: “Qarşıdan gələn isti günlər və Novruz bayramı ərəfəsində insanların daha çox bir-biri ilə təmasda olduğu bir dövrdür. Nəzərə alsaq ki, bayram günlərində biz daha çox yaşlıları gedib ziyarət edirik, o halda Operativ Qərargah tərəfindən qoyulan qaydalara əməl olunmaqla yanaşı. peyvəndlənmənin daha sürətlə kütləvi aparılması vacibdir. Çünki peyvənd olunan şəxslər virusa ya yoluxmur, ya da yoluxduqda olduqca yüngül keçirirlər. Bu səbəbdən kütləvi immunitet yaratmaq lazımdır”.

Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov da vətəndaşları ehtiyatlı davranmaqda davam etməyə çağırır: “Yaz ayları gələndə həyatın canlanması baş verir. Yaz aylarında təbiətdə olan oyanışla birlikdə insan orqanizmində də bioloji oyanış baş verir. Qrip infeksiyaları xüsusilə mövsümlərin dəyişmə dönəmində daha çox təhlükə yarada bilər. Bu səbəbdən yaz və payız aylarında COVID-19-un yayılma təhlükəsinin daha çox olması qaçılmazdır. Hər birimiz günlük mədəni, iqtisadi azadlıqlarımızı itirmək istəmiriksə, Operativ Qərargahın verdiyi qərarlara əməl etməlidir”.

Rəşad Mahmudov deyir ki, koronavirus infeksiyasının yayılma xüsusiyyətlərini nəzərə aldığımız zaman, eləcə də hazırkı yumşalma ilə birlikdə ölkəmizə yeni ştammın gəlməməsi mümkün deyil. Gec-tez bu baş verəcək. Çünki hazırda Avropanın bir sıra ölkələrində, eləcə də qardaş Türkiyədə yeni ştamm yayılmaqdadır: “Lakin ümid edək ki, əvvəllər olduğu kimi, ən böyük dalğalar qarşısında Azərbaycan səhiyyəsi cəmiyyətimizlə birlikdə ən az itkilərlə öhdəsindən gələ bildisə, bundan sonra da yeni ştammın öhdəsindən gələ biləcəyik. Hesab edirəm ki, insanlarımız ortalıqda gəzən boş söz-söhbətləri bir kənara qoyub real bir şəkildə peyvəndin faydasının və gələcəkdə kütləvi immunitet qazanmağımıza köməklik göstərəcəyinə görə peyvəndlənmənin zamanında aparılması vacibdir”.

Deputat təəssüflə qeyd edib ki, yeni gələ biləcək dalğadan sonra peyvəndlənmənin sürətlənməsinin həmin dalğanın gedişatına heç bir təsiri olmayacaq. Ona görə də bu gün yoluxmada nisbi sakitliyin olduğu bir zamanda peyvəndlənmənin kütləvi şəkildə həyata keçirilməsi insanların risk qruplarına görə zamanında bundan faydalanması, eləcə də növbəti aylarda bizim həm psixoloji, həm də tibbi nöqteyi-nəzərdən rahatlanmağımıza və daha düzgün qərarlar verməyimizə kömək etmiş olacaq.

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın