18:21 29 İyun 2020 494
Ana səhifə Xəbərlər

Deputatlar: “Ermənistan Azərbaycan Prezidentinin təşəbbüsünə qarşı çıxmaqla...”

“Ermənistanın dilənçi bir dövlət olaraq pandemiyaya qarşı pul diləndiyi bir halda, Azərbaycanın regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizə təklifinə qarşı çıxması bu “dövlətin” iç üzünü bir daha açıb göstərdi”.

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin deputatı Ziyafət Əsgərov Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciətini şərh edərkən deyib.

Ziyafət Əsgərovun sözlərinə görə, təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. Dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatlarından koronavirusla mübarizədə qlobal liderlik gözlənilsə də, bu baş vermədi. Azərbaycan Prezidenti İlham Əliyev isə dünya ölkələrini virusla mübarizədə bir olmağa çağırdı və sözügedən təklifin dünya dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycana olan etimadı bir daha ortaya qoydu: “130 dövlət Azərbaycanı dəstəkləyib. Hesab edirəm ki, BMT bu 130 dövlətin səsinə səs verəcək və ilk dəfə olaraq BMT səviyyəsində Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı birgə xüsusi sessiyanın keçirilməsi baş tutacaq. Bu, Azərbaycana olan böyük hörmət və etimaddır. Cənab Prezidentin şəxsiyyətinə böyük hörmət var. Çünki dəfələrlə sınanılıb ki, Azərbaycan verdiyi sözü təkcə söz xətrinə deyil, həm də əməli ilə yerinə yetirib”.

Nəzərdə tutulan layihənin müzakirəsinin böyük faydası ola biləcəyini deyən Ziyafət Əsgərov onu da bildirib ki, hər bir dövlət öz gördüyü işlər, təcrübələri ilə bağlı məlumat verərsə, qarşılıqlı təcrübə mübadiləsi apararsa, o zaman virusun qarşısının alınması da asan olar.

Deputat Cavid Osmanov isə hesab edir ki, bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT və dünya dövlətləri arasında özünü rüsvay etdi. Buna baxmayaraq, dünya birliyi Azərbaycanın səsini eşitdi və çətin günlərdə birgə mübarizəni vacib saydı: “Ermənistanın növbəti dəfə təxribata əl atması və bu təşəbbüsün əleyhinə səs verməsi onu göstərir ki, artıq Ermənistan beynəlxalq aləmdə də bir başa öz iç üzünü açıb göstərir. Çünki COVID-19-a qarşı mübarizə tədbirləri bütün dünya dövlətlərini birləşdirməli olduğu və ölkə prezidentinin dünyaya sülh mesajını verdiyi bir halda, Ermənistan yenə də öz məkrli, faşizm üzərində qurduğu siyasətini bir daha büruzə verərək bunun əleyhinə səs verdi. Özlərini növbəti dəfə biabır etdilər”.

Deputat Vüqar İskəndərov da bu təşəbbüsün dəstəklənməsini Azərbaycana etimadın göstəricisi kimi qiymətləndirir: “Yenə də Ermənistan şovinist bir dövlət olduğunu, özünün dünyada humanitar tərəfdən nə qədər geridə qaldığını bəyan etdi. 130 ölkənin dəstəklədiyi bu layihə Azərbaycanın dünya miqyasında, beynəlxalq arenada nüfuzunun artmasının göstəricisidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT katibi Antonio Quterreşə ünvanladığı müraciətə dünyanın 130-a qədər ölkəsi dəstək verib.

İlahə Vəliyeva

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın