17:20 02 Dekabr 2019 34
Ana səhifə Xəbərlər

Deputatlar Milli Məclisin buraxılması üçün prezidentə müraciət etdilər

Dekabrın 2-də Milli Məclisin xüsusi iclası keçirilib.

APA TV-nin məlumatına görə, iclası spiker Oqtay Əsədov açıq elan edib: “Bildiyiniz kimi, noyabrın 28-də Milli Məclisdə çoxluq təşkil edən YAP üzvləri parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ediblər və iclasın çağırılmasını xahiş ediblər. Azərbaycan Konstitusiyasının 95-ci maddəsinin 3-cü hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib, qərar qəbul etmək səlahiyyəti vardır. Biz bu gün həmin məsələni müzakirə etmək üçün yığışmışıq. Beləliklə, hörmətli millət vəkilləri, gündəlikdə bir məsələ var - Milli Məclsin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında və Prezidentə müraciət haqqında”

YAP icra katibinin müavini, Siyavuş Novruzov müraciəti təqdim edib: “Qeyd olunan məsələləri nəzərə alaraq, dərindən inanırıq ki, Azərbaycanın daha sürətli inkişafının təmin edilməsinə xidmət göstərən, islahatların ardıcıl sürətdə həyata keçirilməsi naminə Milli Məclisin Prezidentin səlahiyyətləri çərçivəsində buraxılması və yeni seçkilərin keçirilməsi obyektiv zərurətə çevrilib. Bu mülahizələri rəhbər tutaraq, YAP-ın Milli Məclisdə təmsil olunan deputatları aşağıdakı qərarı Milli Məclisə təqdim edir”.

Daha sonra millət vəkilləri Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət edilməsi məsələsini müzakirə ediblər.

Sonda Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət olunması barədə qərar layihəsi hazırlanıb.

Layihəni Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub: “Azərbaycan Respublikasının 98-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət edilsin”.

Daha sonra qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə, 1 əleyhinə, 1 bitərəf olmaqla müraciət qəbul edilib.

Yarımçıq qalan qanun layihələri isə Milli Məclisin sabah keçiriləcək sonuncu plenar iclasında müzakirə olunacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın