11:20 04 İyun 2020 364
Ana səhifə Xəbərlər

Deputatlardan vətəndaşlara çağırış – MASKA TAXIN!

Kimisi kafelərdə istirahət edir, kimisi uşaqlarını gəzməyə çıxarıb, kimisi də alış-verişlə məşğuldur. Bütün bunlar bu gün paytaxtın real mənzərəsidir.

APA TV xəbər verir ki, karantin qaydaları ilə bağlı qadağaların bir qisminin aradan qaldırılması paytaxtda ənənəvi sıxlığı geri qaytardı. Artıq ölkəmizdə bu virusdan ölənlərin sayı 70-dən artıq olsa da təəssüf ki, insanlar hələ də tibbi maskadan istifadə etmir, sosial məsafə qorumurlar. Hətta park və istirahət məkanlarında vətəndaşlar 10 nəfərdən artıq qruplarla toplaşıb istirahət edir, virusa yoluxmaq qorxusu olmadan, məsafə gözləmədən adi həyatlarına davam edirlər.

İnsan sıxlığı ən çox el arasında “Tarqovı” adlanan Nizami küçəsində müşahidə olunur. Burada bir sıra restoranlarda və obyektlərin qarşısında müştərilər yaxın məsafədə bir-biriləri ilə ünsiyyətə girirlər. Lakin bu zaman bir vacib məqamı unutmuş olurlar. Vətəndaş məsuliyyəti...

Sosial məsafəni gözləmədən, tibbi – gigiyenik qaydalara, xüsusi izolyasiya tədbirlərinə əməl etmədən koronavirusa yoluxmaq qaçılmaz olacaq.

Bütün bunların nəticəsidir ki, ötən gün cərimələrlə bağlı ciddi qərar qəbul olundu. Kim maskadan istifadə etməsə, sosial məsafə gözləməsə, qaydaları pozsa, onlara inzibati cəza tədbirləri tətbiq olunacaq.

Milli Məclisin deputatı Ziyafət Əsgərov deyir ki, hər bir vətəndaşın sosial məsuliyyəti yüksək olmalıdır. İnsanlar üzərinə düşən sosial məsuliyyəti dərk etmədiklərindən müəyyən edilmiş yerlərdə tibbi maskanın istifadə edilməməsinə görə cərimənin tətbiqi zərurəti yaranıb: “Son zamanlar koronavirusa yoluxanların sayı getdikcə artır. Ona görə hesab edirik ki, yeni qanunun qəbul olunması, cərimələrin tətbiq olunması zəruridir. Burda məqsəd insanları cəzalandırmaqdan ibarət deyil, əksinə 50 manatlıq cərimə insanları maska taxmamaqdan çəkindirəcək. Yəni insanlar qoyulan qanuna əməl eləsinlər. Çünki hər bir insan yoluxur, ailəsini yoluxdurur”.

Mütəxəssislər hesab edir ki, epidemiya müddətində istənilən ictimai məkan, eləcə də bazar və marketlər ikiqat təhlükəli hesab edilir. İnsanların cəmləşməsi, məkanın qapalı olması və ətrafda demək olar ki, hər kəsin toxunduğu əşyalar hər addımda yoluxma ehtimalı artır: “Bütün mütəxəssislər də, ekspertlərdə deyirlər ki, bundan arxayınlaşmaq olmaz. Bizim itkimiz azdırsa bu o demək deyil ki, əlimizi, qolumuzu sallayıb gəzək. Əgər bu gün dövlət və əlaqədar qurumlar bu maskanın taxılmasını zərurət kimi irəli sürürsə vətəndaş da anlamalıdır ki, bütün görülən tədbirlər vətəndaşın özü üçün, ailəsi üçündür. Dövlət vətəndaşını hər zaman qoruyur. Bu gün qarşılaşdığımız bu çətinlik müvəqqətidir. Əgər biz qaydalara düzgün əməl etsək bu müvəqqəti çətinlik olacaq. Əks halda bizi çətin anlar gözləyə bilər”.

Deputat Cavid Osmanov isə hesab edir ki, karantin qaydalarına əməl etmədiyinə görə, bir dəfə cərimə edilən vətəndaş ikinci dəfə bu qaydaların pozulmasına yol verməyəcək: “İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutuldu ki, bu da ilk növbədə hər bir Azərbaycan vətəndaşının sağlamlığının təmin edilməsi istiqamətində atılan addımdır. Azərbaycan dövləti koronovirus pandemiyasının yeni tüğyan etdiyi bir dövrdə, ölkə Prezidentinin qarşıya qoyduğu vəzifə Azərbaycan vətəndaşının qorunması və sağlamlığıdır. Cərimələrin tətbiqi bir mənalı olaraq vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir”.

İstənilən halda gigiyenik qaydalara əməl etməyə dəyər. İnzibati qaydada görülən tədbirlər sağlamlığın qorunmasına və əhalini daha məsuliyyətli davranmağa təhrik edən zəruri addımlardır.

Xatırladaq ki, hazırda ölkəmizdə 6 mindən yuxarı koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

İlahə Vəliyeva

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın