10:56 03 İyul 2020 349
Ana səhifə Xəbərlər

Dərdləri bitməyən Kür – ŞİRVANDA KANALİZASİYA SULARI ÇAYA AXIDILIR

Ölkəmizin əsas içməli su mənbəyi olan Kür çayına axıdılan təmizlənməyən çirkab kanalizasiya suları sanki təbiətə olan düşmən münasibətin təzahürüdür.

Gördüyünüz bu mənzərəni Kür çayı sahilində yerləşən Şirvan şəhərində müşahidə edirik. Şəhərin bir qisminin çirkab və kanalizasiya suları Kür çayına axıdılır. Azalan içməli su ehtiyatlarını qorumaq əvəzinə insan sağlamlığına və ekologiyaya belə vəhşi münasibət görəsən haradan qaynaqlanır?

Ekspertlərin içməli su mənbəyinin tükənməsi barədə həyəcan təbili çaldıqları bir vaxtda təbii sərvət olan Kürə axıdılan çirkab sularının qarşısının alınmaması məmur və vətəndaş laqeydliyinin nəticəsidir.

Qeyd edək ki, Şirvan şəhərinin ərazisi Təzə şəhər, Köhnə şəhər massivi və 3 qəsəbədən ibarətdir. Bu qəsəbələrin çayın sahilində yerləşən fərdi yaşayış evlərindən, kanalizasiya suları amansızcasına Kür çayına axıdılır. Bu isə çayın ekologiyasının korlanması ilə yanaşı, ətraf evlər də üfunətlə əhatə olunub.

Sakinlər buna səbəb kimi açıq kanalizasiya xəttindən başqa xəttin olmadığını göstərirlər.

Ortaya ritorik sual çıxır. Kimdir günahkar? Əlbəttə həmişəki kimi hansı quruma müraciət etsək özlərinə bəraət qazandıran cavablar alacağıq. Amma yenə də məsələni araşdırmaq, problemin nə zaman və necə həll olunacağını öyrənmək istədik. Buna görə də ilk üz tutduğumuz qurum 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi oldu. Kameraya danışmaq istəməsələr də, şifahi şəkildə şablon cavab aldıq: “Dəfələrlə xəbərdarlıq məktubları göndərilib, nəticə isə yoxdur”.

Kanalizasiya sularının təmizlənməsi və kanalizasiya şəbəkələrinin tikintisinə bilavasitə cavabdeh olan “Azərsu” ASC-nin Şirvan su kanal idarəsinin rəisi Fərhad Hüseynovdan isə ümidverci cavab ala bildik: “Şirvan şəhərinin çirkab suları və əsas kanalizasiya sistemi kollektorlara axıdılır. Köhnə şəhər massivinin Kürətrafı ərazisində yaşayan bəzi küçələrin kanalizasiya suları Kür çayına axıdılır. Ötən ildən Şirvan şəhərində yeni kanalizasiya sisteminin çəkiliş layihəsinə başlanılıb. Şəhərin bir hissəsində kanalizasiya xətlərinin çəkilişi davam etdirilir. Növbəti aylarda da davam etdiriləcək. Kür çayına axıdılan kanalizasiyanın təmizlənərək, drenaj kanallarına yönəldilməsi layihələri də artıq mövcuddur. Yaxın vaxtlarda bu məqsədlə işlərə başlanılacaq. Eyni zamanda, 2 ədəd su təmizləyici qurğunun inşası da nəzərdə tutulur ki, bu qurğular vasitəsilə çirkab sular təmizlənərək kollektorlara axıdılacaq”.

Əgər deyilənlərə inansaq, yaxın zamanlarda problemin həllini tapacağına ümid edə bilərik. Layihənin mövcudluğu barədə deyilənlərin də həqiqət olduğunu bilirik. Qalır kanalizasiya şəbəkəsinin tikilməsinə.

Əlibəy Zeynallı

Elçin Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın