18:40 08 Noyabr 2019 37
Ana səhifə Xəbərlər

DİN-də vakant zabit yerlərinə təyinatlarla bağlı tədbir keçirilib

DİN-də vakant zabit yerlərinə təyinatlarla bağlı tədbir keçirilib

Daxili İşlər Nazirliyində müxtəlif illərdə dövlət ali təhsil müəssisələrini bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların polis orqanlarında vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

APA TV-nin xəbərinə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında reallaşdığını xatırladıb və son illər bu praktikadan geniş istifadə olunduğunu bildirib.

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıb və hazırkı tədbirin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti təzahürü olduğunu vurğulayıb.

Sonra Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinin dövlət ali təhsil müəssisələrini bitirmiş, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşlarla komplektləşdirilməsinə dair Daxili İşlər nazirinin müvafiq tapşırığına əsasən, görülmüş işlər barədə məruzə edib. O qeyd edib ki, sözügedən tapşırığın icrası ilə əlaqədar olaraq aidiyyəti əməkdaşların şəxsi işləri öyrənilib, dövlət ali təhsil məktəblərinə qəbul zamanı yüksək bal toplayaraq əyani təhsil almış, xidmətdə müsbət xarakterizə olunan 199 əməkdaşın bilik və fiziki hazırlıq səviyyəsi yoxlanılıb.

İmtahanların nəticəsinə görə daha üstün olan 36 nəfərin seçildiyi, həmin əməkdaşların istəkləri və iş yerləri nəzərə alınmaqla orta rəis heyəti vəzifələrinə təyin olunduqları diqqətə çatdırılıb.

Daha sonra Nazirliyə dəvət edilmiş əməkdaşların zabit vəzifələrinə təyin olunmaları barədə Daxili İşlər nazirinin müvafiq əmri elan edilib.

Tədbirə yekun vuran nazir V.Eyvazov gənc zabitləri təbrik edərək, onlara tapşırıq və tövsiyələrini verib. O, gənc zabitlərə çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib. Nazir əmin olduğunu bildirib ki, onlar bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın