15:32 01 Mart 2021 83
Ana səhifə Xəbərlər

Dil Komissiyası KİV-dəki qüsurlara görə kimlərin cərimələnəcəyini açıqlayıb

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində dilçi alimlər, KİV əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, fərdi inkişaf mütəxəssisləri ilə görüş keçirilib.

APA TV-nin məlumatına görə, görüş zamanı müxtəlif sahələrdə ana dilinin saflığının qorunması məqsədilə təşkil olunacaq təlimlər və birgə əməkdaşlıq barədə müzakirələr aparılıb.

Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva keçiriləcək təlimlərin məqsədindən danışıb. O bildirib ki, təlimlərin əsas məqsədi ədəbi dil normalarının qorunması, televiziya və radio aparıcılarının nitqlərindəki qüsurların aradan qaldırılması və saytların dilinin təkmilləşdirilməsinə nail olmaqdır: "Saytlarda apardığımız monitorinqlər yekunlaşıb. Yaxın zamanda nəticələr açıqlanacaq. Monitorinqlərə görə, saytlarda 5000-dən artıq dil faktı aşkarlamışıq. Bütün sahələrdə olduğu kimi mətbuatda da problemlər var. Daha sonra televiziya və radioda monitorinqlərə başlayacağıq".

Mərkəzin direktoru Sevinc Əliyeva bildirib ki, nitqdə səhvlər olduğu halda bir neçə dəfə xəbərdarlıq olunacaq: "Məqsədimiz cərimələmək deyil. Amma xəbərdarlıqlara baxmayaraq qüsurlar davam edərsə, cərimə aparıcılara, jurnalistlərə tətbiq olunmayacaq. Həmin şəxslərin çalışdığı qurum cərimələnəcək".

S. Əliyeva qeyd edib ki, saytlarda aparılan monitorinqlərin nəticələrinə görə, vəziyyət elə də qənaətbəxş deyil: "Bizi narahat edən məsələ dil normaları dediyimiz orfoqrafik və orfoepik qaydalardan çox leksik və sintaktik normaların pozulmasıdır ki, bu, artıq çox ciddi məsələdir".

Qeyd edək ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın