21:31 28 Noyabr 2020 215
Ana səhifə Xəbərlər

Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər ediblər

Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Tərtərə səfər ediblər.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrini məlumatlandırıb.

O bildirib ki, ermənilər Tərtər rayonuna 16 mindən çox top və raket mərmisi atıb. Həmin mərmiləri 4 mindən çox evə düşüb və onların əksəriyyəti tamamilə dağılıb.

Oktyabrın 29-da Ermənistan ordusu tərəfindən Tərtərə atılan “Smerç” raketi fərdi evdən götürülərək yerli muzeyə təhvil verilib.

Diplomatlar həmçinin düşmən tərəfindən ən çox atəşə məruz qalan Tərtərin Şıxarx qəsəbəsində də olublar. Onlar yerli sakinlərlə görüşərək söhbət ediblər.

Qonaqlar daha sonra işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. İlk olaraq şəhərdə salamat qalan yeganə tikili – “Ağdam Cümə” məscidinə baş çəkiblər. Burada müxtəlif dini icmaların nümayəndələri ilə söhbət edilib.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, səfərin təşkilində məqsəd ermənilərin Ağdamda törətdiyi vəhşiliyi, vandalizmi beynəlxalq təşkilatların diqqətinə çatdırmaqdır: “Artıq bu torpaqlar Azərbaycanın nəzarətindədir, onlar hər şeyi real olaraq öz gözləri ilə görürlər. Burada izah verməyə ehtiyac yoxdur. Çünki ermənilərin ağdamlılara qarşı törətdiyi etnik təmizləmə göz qabağındadır. Ağdamlılara qarşı törədilmiş etnik təmizləmə əgər beynəlxalq hüquqa əsasən genosid adlandırılırsa, şəhərə qarşı törədilmiş vəhşilik isə “urbicide” adlandırıla bilər. Bu, 1963-cü ildən bəri beynəlxalq münasibətlərdə şəhərlərə qarşı vəhşiliyi xarakterizə edən bir termindir. Bu gün Ağdam şəhəri, eyni zamanda Azərbaycanın Füzuli şəhəri “urbicide”nin bariz bir nümunələridir”.

Səfər zamanı həmçinin fransalı fotoqrafın sərgisinə baxış keçirilib: “Fransalı fotoqraf 1992-ci ildə Xocalı soyqırımı zamanı burda olub, həmin illərdə o, Ağdam məscidinin qarşısında öz yaxınlarını axtaran insanların şəklini çəkib. Müqayisəli şəkildə biz o şəkilləri diplomatik korpusun diqqətinə çatdıracağıq”.

Daha sonra qonaqlar Mənsum İbrahimovun oxuduğu “Qarabağ” şikəstəsini dinləyiblər.

Diplomatlar Ağdamın ermənilər tərəfindən dağıdılan Şəhidlər xiyabanına da gələrək burada Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət ediblər.

Səfər çərçivəsində Ağdamın “Qarabağ” futbol klubu 27 ildən sonra doğma meydanda - İmarət stadionunda simvolik futbol matçı da oynayıb.

Habil Aslanoğlu,

Ziya İsmayılov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın