01:20 19 İyun 2020 389
Ana səhifə Xəbərlər

“Dizayner körpələri”: gələcək kimindir? – ƏNƏNƏVİ VƏ YENİ UŞAQLAR

Mixail Bulqakovun “Fəlakət gətirən yumurtalar” adlı əsəri var. Bu adı boşuna çəkmirik. Bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyduqca, əsərin süjet xətti sanki reallaşmağa başlayır. Fəqət bu inkişaf tendensiyası fəlakət, yoxsa uğur gətirməyə hesablanıb? Sualın cavabı gen mühəndisliyində gizlənir.

Əsas hədəfi orqanizm xüsusiyyətlərinin inkişafı və ya tamamilə yeni canlı inşa etmək olan bu elm sahəsi artıq sözün əsl mənasında insan geninə qarışır. Adətən, maraq naminə müraciət edilən mövzu hətta illər sonra təbabət menyusunda bəşəriyyətə təqdim oluna da bilər. Beləliklə, doğrudanmı dizayn edilmiş körpələr əsrindəyik?

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini Ələmdar Məmmədovun fikrincə bu keçidin tamamlanması üçün hələ uzun illər gözləmək lazımdır: “Gen mühəndisliyində, molekulyar gen mühəndisliyi genlərin axtarıb tapılması və bitki, heyvan orqanizmlərinə keçirilməsi, transgen bitkilərin, transgen heyvanların alınması və s. sahələrdə inqilabi işlər həyata keçirilib. Lakin eyni zamanda insanda irsi xəstəliklərə səbəb olan bir çox defekt genlərin də düzəldilməsi, bərpası istiqamətində də elmi-tədqiqat işləri aparılıb”.

Elmi təkamül yolunda genoterapiyanın icadından söz açan müsahibimiz deyir ki, artıq insan rüşeyminə müdaxilə ilə genetik redaktə üsulu kəşf olunub və bu metodla hüceyrələrə hansısa genin əlavəsi mümkün hala gəlib: “Bu metod vasitəsilə dünyada ilk dəfə Kaliforniyada yaşlı insanda təcrübə aparılıb. Sonra isə 2018-ci ildə Çində məlumat verilir ki, genomları redaktə olunmuş əkiz qız uşaqları doğulub. Bunlar da Nana və Luludur. Təcrübəni Xe Jiankuy adlı alim aparıb”.

Nana və Lulunun QİÇS-ə qarşı doğuşdan immunlaşmış olmaları bəlkə də gen mühəndisliyində açılmış ən geniş qapı idi. Ancaq ölkəsinin “Doktor Frankenşteyn”i kimi tanınan Xe Jiankuyun bu kəşfi Çin hakimiyyəti tərəfindən birmənalı qarşılanmadı – alim bioetik kodeksləri çeynəməsi səbəbindən 3 il müddətinə həbs olundu. Nəhayət, ÜST-ün də məsələni nəzarətə götürməsi ilə bəşəriyyət qarşısında aciz qaldığı əxlaqi sualların arxasında gizlənməyə başladı...

Bəs vətəndaşlarımız, bütün dünyanın şahidlik etdiyi bu tarixi keçid barədə nə qədər məlumatlıdır?

- Termin olaraq bilmirəm, ancaq eşitmişəm. Praktikada da bilirəm o nədir. Təbii məhsul odur ki, heç bir dərman qatılmadan, yəni təbii yetişən. Amma dediyiniz kimi, geni dəyişilmiş bir məhsul – o, dərmanla, yaxud süni bir maye ilə yetişdirilən məhsuldur. Məncə, dəyişə bilər. Çünki XXI əsrdir və hər bir şey ola bilər.

- Genetik modifikasiya... Bəli, bilirəm. Başlayıblar da yavaş-yavaş. İnsandan meymun düzəldəcəklər, meymundan da insan. Onu belə gözlə görmək olmur axı, onu ancaq laborator analizlə bilmək olar.

- Bəli, bilirəm. Çünki mənim kiçik qızım var. Onu dəqiq bilmirəm, yəqin alimlər bilər. Bilirsiz, indi ətrafa baxırsan ki, hər şey mümkündür, mənə elə gəlir ki, yəqin mümkün olar.

- Xeyr. Vallah bilmirəm, olmaz yəqin ki. Sağ olun.

Uzun illərdir ölkəmizdə fəaliyyət göstərən mama-ginekoloq Öndər Tulumbacının sözlərinə görə, dizayner körpələri digərlərindən fərqləndirən xüsusi özəllik yoxdur. Onlar, sadəcə, anadan olmazdan öncə genetik qüsurlarından arınırlar. Azərbaycanda əksərən övladın cinsiyyəti və irsi keçən xəstəliklərlə bağlı müraciət edildiyini vurğulayan həkim deyir ki, məlum əməliyyat nəzəri cəhətdən problemsiz sayılsa da, bu sahədə qazanılan uğurların cəmi bir əsrlik yaşı olduğunu unutmamalıyıq: “Süni mayalanma prosesinə genetikanın girməsi sonrakı illərə aiddir. Çünki embriondan biopsiyanın alınması, bunun sağlam bir üsulla köçürülməsi sonrakı illərdə reallaşdırılan işlərdir. Yəni uzaq gələcəyə hesablı nəticələri dəqiq olaraq bilinmir. Lakin nəzəri cəhətdən düşündükdə - biz burada genetikanın problemli qisimlərini ayırıb verdikdə, bir çətinliyin olmaması lazımdır”.

Həkim-marketoloq Təranə Nəsibli isə dizayner körpələrini sağlamlıq cəhətdən daha avantajlı hesab edir, ancaq bu dizaynetmə prosesi etik çərçivələri aşarsa çox böyük faciələr ola bilər: “Tutaq ki, bir genefondu, milləti məhv etmək istəyirsənsə, onun genetikasını məhv etmək bəs edir. Bir xalq olaraq ümid edirəm ki, nə Azərbaycanda belə laboratoriyalar fəaliyyət göstərəcək, nə belə insanlar, belə həkimlər, alimlər olacaq ki, insanı klonlaşdırsın, gələcəkdə mənfi yöntəmlərlə insanın sayını artırsın və s.”

Bəs əsas etibarilə müsəlmanlardan ibarət olan ölkəmizdə genə müdaxilə dini baxımdan nə qədər məqbuldur?

İlahiyyatçı-alim Abbas Qurbanov məsələyə belə aydınlıq gətirib: “İslam dini bu halda belə bir şey deyir: sizin şər bildiyinizdə xeyir, xeyir bildiyinizdə isə şər ola bilər. Bu mənada biz onu dəyişdirməklə onun bədənində hansı fəsadları yaratdığımızı bilə bilmirik ki, bunlar da xırda fəsadlar deyil. Onun genində doğula biləcək, ortaya çıxa biləcək problemlərlə əlaqədar olan fəsadlardır. Bəlkə də o an, o gün, bizim diqqətimizi cəlb etməyəcək, biz onu görə bilməyəcəyik, amma üzərindən bir müddət keçəndən sonra biz əslində o insana xeyirdən daha çox zərər verdiyimizi aşkar olaraq görmüş olacağıq”.

Əlbəttə, tibbi elmində GMO-nun yeri danılmazdır. İstər genetik qüsurlu insanların doğuşdan öncə müalicə edilməsi, istərsə də daha sağlam bəşəriyyətin varlığı nöqteyi-nəzərindən genetik redaktə üsulunun təkmilləşdiriləcəyini güman etmək olar, fəqət valideynlərin bu kimi mövzulara həssas yanaşması vacibdir.

Ümid edək ki, genetik modifikasiyanın gələcək inkişaf tarixi bəşəriyyət üçün faciəvi və dəhşətli sonluqlarla nəticələnməyəcək.

Mir Çingiz Ağazadə

Əli Ələkbər

Üzeyir Ağayev

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın