11:00 11 İyul 2020 735
Ana səhifə Xəbərlər

Dünya Məktəbində təhsil haqqı qalmaqalı - ARAŞDIRMA

“Şagirdlərə keçirilməyən dərslərə görə məktəb rəhbərliyinin valideynlərdən təhsil haqqı tələb etməsi qanuna ziddir”. Bu fikir Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən Dünya Məktəbində təhsil alan bir qrup şagirdin valideynlərinin APA TV-yə müraciətində yer alıb.

Valideynlərin sözlərinə görə, bu il bütün dünyada baş verən pandemiya ilə əlaqədar olaraq Təhsil nazirinin verdiyi qərara əsasən mart ayından etibarən məktəblərdə əyani təhsil dayandırılıb və onlayn təhsil formasına keçirilib. Onlayn təhsilin keyfiyyətindən razı qalmayan 130-dan çox valideyn yığışaraq Dünya Məktəbinin rəhbərliyinə müraciət ünvanlayıblar ki, övladlarının illik təhsil haqqında müəyyən güzəştlər olunsun. Hətta bunun üçün məktəb rəhbərliyi ilə görüş təyin olunmasını istəsələr də, onların bu istəyinə cavab verən tapılmayıb.

Artıq bir neçə ildir övladı sözü gedən məktəbdə təhsil alan Azər Bağırov deyir ki, valideynlərin ciddi israrından sonra məktəb rəhbərliyi hər bir şagird üçün 300 manat məbləğində güzəşt edilməsinə razılıq verib. Nəzərə alaq ki, Dünya Məktəbində bir şagirdin illik təhsil haqqı 8000-9500 manat məbləğindədir. Bu səbəbdən təklif olunan güzəşt valideynləri qane etməyib: “Təhsil müqaviləsində həm qida, həm daşınma, həm də əyani təhsil qeyd edilib. Qaytaracaqları 300 manat məbləği isə yemək pulu olaraq geri qaytardıqlarını bildirdilər. Lakin bu, valideynlərin haqlı narazılığına səbəb oldu. Belə ki, bu 4 ay ərzində məktəb hər hansı kommunal xərc ödəməyib, eyni zamanda pandemiya ilə əlaqədar olaraq dövlət tərəfindən sahibkar kimi Vergilər Nazirliyinin saytında qeydiyyatdan keçməklə maddi yadım alaraq müəllimlərin maaşını ödəyib. Bunu görən valideynlər şikayət ərizəsi ilə aidiyyəti orqanlara - Təhsil Nazirliyinə, vitse-prezidentə, məktəb rəhbərliyinə müraciət etdilər”.

Azər Bağırov deyir ki, elə hər şey də bu şikayət ərizəsindən sonra başlayıb. Belə ki, şikayət ərizəsində adları qeyd olunan bütün valideynlərə övladlarının məktəbdən xaric olunması ilə bağlı bildiriş gəlib: “130-dan çox valideyn bu bildirişi alıb. Bir neçə valideyn məktəblə əlaqə saxlayanda onlara qeyri-rəsmi deyilib ki, “Siz şikayət etmisiniz, ona görə uşaqlarınızı məktəbdən çıxarırıq”. Birincisi, qanunla heç bir kəs bizim müqaviləmiz bitmədən uşağımızı məktəbdən çıxara bilməz. İkincisi, çıxarırsınızsa, o zaman sənədimizi verin. Onu da vermirlər ki, bəs gətirin təhsil haqqının hamısını ödəyin, biz də sənədinizi verək. Mən də deyirəm onlara ki, əgər qanuni borcum varsa, onda verin məni məhkəməyə, daha sənədimizi niyə saxlayırsınız. Bu nə özbaşınalıqdır, bilmirəm”.

İki övladı Dünya Məktəbində təhsil alan Cavanşir Abdulla isə deyir ki, pandemiya başlayana kimi məktəbin təhsil sistemindən hər hansı narazılığı olmayıb. Lakin mart ayında dərslər onlayn sistemə keçirildikdən sonra dərslərin keyfiyyəti də aşağı düşüb. Məktəblə valideynlər arasında bağlanan müqavilədə isə dərslərin onlayn keçirilməsi ilə bağlı hər hansı müddəa göstərilməyib: “Müqavilənin 5-ci bəndində göstərilir ki, fors-major hallarda – karantinlər, epidemiyalar zamanı 10 gün müddətində tərəfə xəbərdarlıq edilmirsə, o zaman müqavilənin müddəti uzadılmış hesab olunur. Bunlar isə deyir yox, siz gərək pulu ödəyəsiniz”.

Övladları Dünya Məktəbində təhsil alan Vəfa Abdulla sözügedən məktəbin Valideyn İcmasının üzvüdür. Ötən ay Dünya Məktəbindən ona zəng edərək iclasa çağırılıb. İclasın gündəliyində isə təhsil haqqı məsələsi olub: “Getdim o iclasa, gördüm həmin icmanın 13 üzvündən yalnız 3 nəfər valideyn var orada. Digər şəxsləri tanımırıq. Bizə həmin iclasda şans vermədilər ki, biz öz fikrimizi bildirək. Həmin o yad adamlar məktəbi alqışa tutdular. Hər şey gözəldir, hər şey əladır. O zaman bildim ki, bizim bura gəlməyimiz əbəsdir”.

Dünya Məktəbindən şikayətçi daha bir valideyn isə İran vətəndaşı Rza Şəkuridir. Deyir ki, hazırda iki oğlundan biri Dünya Məktəbinin ibtidai sinfində təhsil alır. Bu günə kimi məktəb rəhbərliyinə təhsil haqqının tamamilə ödənilməməsi ilə bağlı şikayət etməyiblər. Onların tək bir istəyi var, o da 4 aylıq pandemiya dövründə keçilən onlayn dərslərə görə ödəməli olduqları məbləğdən güzəşt edilməsidir: “Sadəcə, istəyimiz budur ki, vermədiyiniz xidmətin haqqını bizdən tələb etməyin. Hamı bilir ki, dünyada əyani təhsillə onlayn təhsilin qiymətinin çox fərqi var. Eyni zamanda valideynlər olaraq Təhsil Nazirliyinə də məktub yazılıb. Lakin nazirlik deyir ki, onlar özəl təşkilatdır, biz onların işinə qarışa bilmərik. Axı nazirlik bu ölkənin bütövlükdə təhsil sisteminə cavabdeh olan bir təşkilatdır”.

Valideynlərin şikayəti ilə bağlı Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı ilə əlaqə saxladıq. O bildirdi ki, ilk gündən məsələdən xəbərdardır: “O valideynlər sovet dövründəki kimi düşünürlər ki, sanki onlar bizi məcbur edəcəklər ki, uşaqlarını oxutduraq. Məsələ ondadır ki bura özəl təhsil müəssisəsidir. Məktəbin öz qaydaları, prinsipləri, xarakteri var. Məktəbdən kimin xoşu gəlmir, çıxıb gedə bilər. Məktəbimizin şagird qıtlığından problemi yoxdur. O valideynlərin o hərəkətindən sonra heç vaxt məktəb onlarla barışmayacaq. Heç vaxt məktəb onların uşaqlarını oxutdurmaq istəməyəcək”.

O ki qaldı valideynlərin övladlarının sənədləri məktəbdən ala bilməməsinə, hamlet İsaxanlı deyir ki, bu məsələ qanun çərçivəsində həllini tapacaq: “Əgər həmin valideynlər onlayn dərs keçilməsini istəmirdilərsə, o zaman uşaqları məktəbdən çıxarardılar. Həmin şagirdlərə müəllimlər dərs deyib. Necə olur ki, başqa valideynlər uşaqlarına onlayn dərslərin əyani dərslərdən daha yaxşı keçildiyini deyir, bunlar isə etiraz edirlər? Onlar istədikləri vaxt gəlib sənədlərini götürə bilərlər, amma yalnız olan borclarını ödədikdən sonra”.

Hamlet İsaxanlı onu da bildirdi ki, hazırda Dünya Məktəbi həmin valideynlərdən şikayətçidir və yaxın günlərdə bununla bağlı məhkəməyə müraciət olunacaq: “Mən sizə deyirəm həmin valideynlərin başları ağrıyacaq. Çünki saxta sənəd düzəldib, çox görkəmli insanların əvəzinə qol çəkib, mətbuata veriblər o ərizəni. Biz o qol çəkənlərin hamısından əlavə ərizə toplayırıq, onlar qeyd edir ki, biz elə bir ərizəyə qol çəkməmişik. 40 nəfər təhsil haqqını tam ödəmiş valideynin adını salıblar xəbərsiz o ərizələrinə. Bu məsələnin altından çıxa bilməyəcəklər. Məktəb böyük təşkilatdır, bizim hüquqşünaslarımız və vəkillərimiz var, bu məsələ üzərində işləyir”.

Yaranmış problemlə bağlı Təhsil Nazirliyi ilə də əlaqə saxladıq. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, Dünya Məktəbi özəl təhsil ocağı olduğundan, nazirlik bu məsələdə yalnız tövsiyə verə bilər. Tövsiyə isə bundan ibarətdir ki, məktəb rəhbərliyinin narazı valideynlərlə ortaq məxrəcə gəlməsi məqsədəuyğundur. Çünki ölkəmiz hazırda pandemiya şəraitindədir və fors-major hallarda təhsil alanlara müəyyən güzəştlər edilməsi dövlət tərəfindən də qarşıya qoyulan əsas məsələdir.

APA TV olaraq biz də məsələnin qarşılıqlı anlaşma yolu ilə həll olunacağına ümid edirik.

İlahə Vəliyeva

Əli Ələkbər

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın