00:32 27 Mart 2020 387
Ana səhifə Xəbərlər

Dünyanın bu günü - 27.03.2020

MSTİSLAV ROSTROPOVİÇ

(1927-2007)

SSRİ xalq artisti, violonçel ifaçısı və dirijor Mstislav Leopoldoviç Rostropoviç 1927-ci il martın 27-də Bakıda dünyaya gəlib. Dörd yaşında anasından fortepianoda, on yaşında isə tanınmış violonçel ifaçısı olan atası Leopold Rostropoviçdən bu alətdə çalmağı öyrənib. 1943-cü ildə Moskvaya köçüb. 16 yaşında Moskva Konservatoriyasına qəbul olunub və orada fortepiano, violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnib. İlk violonçel konsertini 1942-ci ildə verib, üç il sonra isə SSRİ-də ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülüb. 1948-ci ildə müəllimi Dmitri Şostakoviçin Leninqrad və Moskva konservatoriyalarında professorluq dərəcələrindən məhrum edilməsinə etiraz əlaməti olaraq konservatoriyanı tərk edir. 1970-ci ildə isə Sovet ideologiyasının təqiblərinə məruz qalmış yazıçı Aleksandr Soljenitsına öz evində sığınacaq verir. Soljenitsınla dostluq münasibətləri və digər dissidentlərə verdiyi dəstək səbəbindən hakimiyyətin qəzəbinə tuş gəlir. Nəticədə onun və həyat yoldaşının xarici səfərlərə yollanmasına məhdudiyyət qoyulur və musiqiçi solo konsertlər vermək üçün Sibirə göndərilir. Nəhayət, Rostropoviç ailəsi ilə birgə 1974-cü ildə Sovetlər İttifaqını tərk edərək ABŞ-a yollanır. 1978-ci ildə Sovetlərin mədəni azadlığa qoyduğu məhdudiyyətlərə qarşı kəskin çıxışlarına görə Sovet vətəndaşlığından məhrum edilir. 1977-1994-cü illərdə Vaşinqtonda ABŞ Milli Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru kimi fəaliyyət göstərən dünya şöhrətli musiqiçi çoxsaylı mükafatlara və ordenlərə, o cümlədən Azərbaycanın "Heydər Əliyev" ordeninə, Fransanın “Şərəf Legionu” ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb. Mstislav Rostropoviç 2007-ci il aprelin 27-də Moskvada vəfat edib.

DƏMİR GƏDƏBƏYLİ (1939-2019)

Şair, filologiya elmləri doktoru Dəmir Qasımov (Dəmir Gədəbəyli) 1939-cu il 27 martın 27-də Gədəbəyin Ataxal kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor, baş redaktor və məsul katib işləyib. 1991-1994-cü illərdə "20 Yanvar" qəzetinin baş redaktoru olub. Elza İbrahimovanın bəzi mahnılarının söz müəllifidir. Onun şeirləri alman, ingilis, rus, yunan, rumın, çex, bolqar, macar və s. dillərə tərcümə edilib. Azərbaycan bəstəkarları tərəfindən sözlərinə yüzlərlə mahnı bəstələnib. "Ayrılıgın ilk günü", "Cavadxan", "Son güllə", "Ağaməhəmməd xan və ya qisasa qisas" və başqa mənzum dram əsərlərinin müəllifidir. 1990-cı ildə Mir Cəlal Paşayev haqqında "Yetimlər atası" poemasını qələmə alıb. Dəmir Gədəbəyli 6 may 2019-cu ildə vəfat edib.

VAQİF GƏRAYZADƏ (1961)

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent Vaqif Əzizağa oğlu Gərayzadə 27 mart 1961-ci ildə Bakıda anadan olub. İlk musiqi təhsilini Bakının Bakıxanov qəsəbəsindəki 4 saylı musiqi məktəbinin fortepiano sinfində alıb. Azərbaycan Dövlət Konsert Birliyində, Filarmoniyada işləyib. 1983-1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun kütləvi tamaşalar rejissoru fakültəsini bitirərək, təhsilini bu ali məktəbin aspiranturasında davam etdirib. Mədəniyyət və İncəsənət Universitetində mədəniyyət tarixi və nəzəriyyəsi, estrada populyar musiqi kafedralarının müəllimi və müdiri olub. Vaqif Gərayzadə bir sıra beynəlxalq festival və müsabiqələrin qalibi, "Şeron", "Aypara", Şərq ulduzları musiqi qruplarının yaradıcısı, müxtəlif janrlarda caz, pop musiqisində əsərlərin müəllifidir.

XIDIR MUSTAFAYE (1905-1976)

Sovet İttifaqı Qəhrəmanı Xıdır Həsən oğlu Mustafayev 1905-ci ilin bu günü Qərbi Azərbaycanın Kirovakan rayonunun Gözəldərə kəndində doğulub. 1937-1941-ci illərdə Tiflis Ali Piyadalar Məktəbində hərbi təhsil alıb, müharibənin ilk günlərində motoatıcı batalyonun komandiri olub, Stalinqrad, Kiyev, Jitomir, Kazatin, Berdiçev, Prokursov, Ternopol və Fastov şəhərləri uğrunda döyüşlərdə şücaət göstərib. 1945-ci ildə Bakıya qayıdıb, bir müddət İçərişəhərdə yerləşən Bakı Hərbi Komendaturasına rəhbərlik edib. Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyində şöbə rəisi, 1 nömrəli Bakı Taksomotor Parkının direktoru vəzifələrində çalışıb. Xıdır Mustafayev 21 may 1976-cı ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

MİRZƏ FƏRƏC RZAYEV (1847-1927)

Bu gün görkəmli tar ifaçısı Mirzə Fərəc Rza oğlu Rzayevin anım günüdür. O, 15 mart 1847-ci ildə Bakı şəhərində anadan olub. Onun ifaçılıq sənəti Bakı muğam ifaçılığı məktəbi ilə bağlıdır. İlk dəfə bir tarzən kimi bakılı xanəndə Baladadaş ilə məclislərdə çıxış edib, eyni zamanda Məşədi Məlik Mənsurovun musiqi məclisinin fəal üzvlərindən biri olub, musiqişünas kimi də tanınıb. 1905-ci ildən sonra Keçəçi oğlu Məhəmmədin dəstəsinə qoşulub. Şərq Konservatoriyasında, Ramana fəhlə klubunda, Bakı Musiqi Texnikumunda tar dərsi deyib. 1925-ci ildə Üzeyir Hacıbəyovun rəhbərliyi ilə muğam tədrisi üzrə ilk proqramın hazırlanmasında digər görkəmli muğam ustadları ilə yanaşı iştirak edib, "Muğam komisyonu"nun üzvü olub. Mirzə Fərəc Rzayev 1927-ci ilin martında Bakıda vəfat edib.

NƏRMİNƏ MƏMMƏDOVA (1932-1997)

Azərbaycan müğənnisi Nərminə Ağası qızı Məmmədova 1997-ci il martın 27-də ürək xəstəliyindən dünyasını dəyişib. O, 1932-ci ildə Qazaxda ziyalı ailəsində anadan olub. İlk adı Fəridə olub, lakin “Çalıquşu” romanında əziyyətli həyat sürən Fəridə adının qızına uğursuzluq gətirdiyinə inanan anası onun adını dəyişib və Nərminə qoyub. 13 yaşından Pionerlər Evinə yazılıb, məşqlərdə iştirak edib, uzun müddət radioda işləyib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Oxuduğu mahnılar böyük şöhrət qazandırıb.

SƏMƏNDƏR RZAYEV (1945-1986)

Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru, qiraət ustası Səməndər Mənsim oğlu Rzayevin xatirə günüdür. O, 2 yanvar 1945-ci ildə Ağsuda doğulub. Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1968-ci ildə baş rejissor Tofiq Kazımovun dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul edilib. İlk rolu Uilyam Şekspirin "Hamlet" faciəsinin tamaşasında Horatsio olub. Bir sıra tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradan Səməndər Rzayev 27 mart 1986-cı ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

YURİ QAQARİN (1934-1968)

Dünyanın ilk kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı Yuri Alekseyeviç Qaqarinin xatirə günüdür. O, 9 mart 1934-cü ildə Smolensk vilayətinin Qjatsk (indiki Qaqarin) şəhərində anadan olub. 1949-cu ildə orta məktəbi bitirərək, Lyubertsı Peşə Məktəbinə daxil olub. 1951-ci ildə Saratov Sənaye Kollecinin tələbəsi olarkən aviasiya ilə maraqlanıb və 25 oktyabr 1954-cü ildə ilk dəfə Saratov aeroklubuna gəlib. İyun ayında Saratov Sənaye Kollecini bitirib, iyul ayında “Yak-18” təyyarəsində ilk uçuşunu edib. 1955-ci ildə Sovet Ordusu sıralarına çağırılıb və K.E.Voroşilov adına 1-ci Çkalov Hərbi Aviasiya Məktəbində oxumaq üçün Orenburq şəhərinə göndərilib, 1957-ci ildə isə Şimal Donanmasının qırıcı aviasiya alayına qatılıb. 1960-cı ildə Hərbi Hava Qüvvələrində məşqlərə başlayıb. 12 aprel 1961-ci ildə Baykonur kosmodromundan “Vostok” kosmik gəmisi ilə birlikdə dünyada ilk dəfə kosmosa uçub və cəmi 108 dəqiqədən sonra Saratov vilayətinin Smelovka kəndi yaxınlığında eniş edib. Yuri Qaqarin 1968-ci il martın 27-də saat 10:18-də Vladimir Sereginlə Çkalovsk aeroportundan qalxan təyyarədə növbəti sınaq uçuşunu keçirərkən qəzaya uğrayaraq həlak olub.

ÜLFƏT KƏRİMOV (1971-1993)

Qarabağ müharibəsi iştirakçısı, tanınmış kəşfiyyatçı Ülfət Ələkbər oğlu Kərimovun anım günüdür. 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olub. 1992-ci ilin sentyabrında təhsilini yarımçıq qoyub və könüllü olaraq Qarabağ müharibəsinə yollanıb. 1993-cü ilin mart ayında Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində əhalinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girib. Kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, Aşıq Şəmşirin məzarının yaxınlığında döyüşən zaman şəhid olub. Ülfət Kərimov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

QALİB ZÜLFÜQARLI (1992-2016)

Şəhid Qalib Laim oğlu Zülfüqarlının xatirə günüdür. O, 1992-ci il dekabrın 20-də Lənkəran şəhərində anadan olub. Şəhər 7 nömrəli tam orta məktəbi bitirdikdən sonra 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2014-cü ildə leytenant rütbəsi ilə cəbhənin ön sıralarında hərbi xidmətini davam etdirib. 2015-ci il martın 27-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Qalib Zülfüqarlı ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın